SON XƏBƏR

MTN olayı: “Tapançanı barmağında fırladıb dedi ki...”

Avqust 05
13:04 2019
Xəbər verildiyi kimi ləğv edilmiş MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkar qruplaşmanın daha bir qrup üzvünün işi baxılmaq üçün məhkəməyə göndərilib. Bu qrupa MTN-in Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev, Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev və digərləri daxildir.

Virtualaz.org qeyd edir ki, qrup üzvlərinə qarşı çoxsaylı ittihamlar üzrə aparılmış istintaqın materiallarından məlum olur ki, generallar Sübahir Qurbanov, Teymur Quliyev və digərləri heç də indiyədək Eldar Mahmudovun yaratdığı bədheybət sistemin  ən məşhur personası hesab edilən general Akif Çovdarovdan geri qalmayıblar, hətta törətdiyi əməllərin statistikası baxımından bəzi göstəricilər üzrə onu da geridə qoyublar. Belə məlum olur ki, Azərbaycanda az qala bu cinayətkar qruplaşmanın caynağına keçməyən orta sahibkar, müəssisə və biznes subyekti qalmayıb.
 
Mebel sexinin sahibi Əliyev
 
Həmin cinayət işinin epizodlarından biri də Sumqayıtda mebel sexinin sahibi olan sahibkar Əliyev Gündüz Aydın oğlunun və ona mebel sifariş verən podratçı Kərimov Arif Baxış oğlunun polkovnik Füzuli Əliyev, işçisi Natiq Alıyev tərəfindən necə soyulması barədədir. İstintaqın zərərçəkən şəxs kimi tanıdığı Gündüz Əliyev ifadəsində deyir ki, 2002-ci ildən Sumqayıtda özünə məxsus bağ sahəsində mebel sexi açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. İşləri pis deyildi, gəliri getdikcə artırdı.

Əliyevin sexi sonralar tenderlərdə qalib gəlmiş podratçı şirkətlərin sifarişi ilə subpodrat  işləri görməyə başlayır. Bu zaman tenderlərdə qalib gəlmiş şirkətlər ona sifariş verilmiş mebelin dəyərinin 30 faizini əvvəlcədən avans şəklində ödəyirdi. Mal-materialları isə pulunu ilin sonunda tam ödəmək şərti ilə tərəfdaşlarından nisyə alırdı. Və dediyinə görə hər ilin dekabrında aldığı malların pulunu tam ödəyirdi, avans kimi alınan pullar hesabına isə ustalara əmək haqqı verirdi.
 
Podratçı Kərimov və 161 min manat
 
Beləliklə, 2014-cü ilin əvvəllərində Arif Kərimov adlı şəxsin podratçı şirkəti Əliyevin sexinə 251 min manatlıq mebel sifarişi verir. Və razılaşmaya əsasən əvvəlcədən 60 min manat avans ödəyir. Sifariş yerinə yetirilir və ilin sonunda Əliyev Kərimova zəng vurur ki, qalan pulu ödəsin. Onların arasında dəfələrlə bu mövzuda telefon danışıqları olur, zərərçəkənin dediyinə görə, o, telefon danışıqları zamanı ödəniləcək pulun məbləğini da göstərirdi. Çünki həmin pulu zəhmətlə qazanırdı və heç bir qanunsuz iş görmürdü. Nəhayət dekabrın ortalarında axşam tərəfi Arif Kərimov mebel sexinin sahibinə zəng vurur ki, 191 min 850 manatı hazır edib və pulu gətirib sexdə ona çatdıracaq.

Əliyev sexdə Kərimovu gözləyir, ancaq gecikdiyini görüb ona zəng vurur ki, pulu Sumqayıt şəhərinin Heydər Əliyev prospektində yerləşən «Buta» kafesinə gətirsin. Saat 20 radələrində onlar kafedə görüşürlər, söhbətə başlayırlar. Arif Kərimov pulu üzərində «Beloçka» tumunun reklamı olan sellofan torbada gətiribmiş, pulların hamısı 50 manatlıq əskinazlardan 150.000 manatı bağlanmış vəziyyətdə, qalan hissəsi isə paketlənmiş vəziyyətdə imiş. Əliyev Kərimova inandığından pulu heç saymır da. Bu vaxt onlar kafedə söhbət edərkən kafedə Sumqayıt sakinlərinə oxşamayan 4 nəfəri görürlər.
 
Kafedə şübhəli şəxslər və...”səndə bu qədər pul hardandır?”
 
Əliyev təşvişə düşür, kafeni işlədən uşaqlıq dostu Nazir Şükürovu çağırıb həmin şəxslərin kim olduğunu soruşur. Şükürov deyir ki, həmin şəxsləri o da tanımır və getmək məsləhətdir. Əliyevlə Kərimov qalxıb kafeni tərk etmək istərkən içəri daha 2 nəfər daxil olur. Bunlardan biri MTN-nin transmilli cinayətkarlığa qarşı mübarizə İdarəsinin əməkdaşı Natiq Alıyev idi və Əliyev onun adını sonradan öyrənəcəkdi.

İçəri girənlər mebel sexinin sahibinə və ona pul gətirən podratçıya əmr edirlər ki, otursunlar. Gələnlər vəsiqələrini çıxarıb onlara təqdim edir: MTN əməkdaşları Füzuli Əliyev və Natiq Alıyev. Əliyev ehtimal edir ki, kafedə bayaqdan onları güdən 4 naməlum şəxs də MTN əməkdaşları idi.

Söhbətə Alıyev başlayır, Əliyevin əlindəki sellofan torbaya işarə edib deyir: "Bu qədər pul səndə hardandır. Sənin telefonların dinlənilir, nə işlə məşğul olmağından xəbərimiz var”. Mebel sexinin sahibi dili-dodağı təpimiş halda deyir ki, pullar onun qanuni sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Lakin bu cavab təbii ki, Eldar Mahmudovun quldurlarını qane edə bilməzdi. Füzuli Əliyev sahibkarın cavabından qəzəblənərək deyir: "İndi sənin başına torba keçirib aparanda ağlın başına gələcək!”. MTN polkovniki masadan qalxır, sahibkara və onun tərəfdaşına əmr edir ki, onlarla birlikdə nazirliyə gedəcəklər. Bu vaxt Füzuli Əliyev içərisində 161 min manatdan çox pulun olduğu torbanı da sex sahibinin əlindən dartıb alır, pulu əməliyyata, daha doğrusu quldurluğa gəldikləri "Hyundai Accent” markalı avtomobilin yük yerinə qoyur.

Beləliklə, Füzuli Əliyev Gündüz Əliyevi öz avtomobilinə oturdur, Arif Kərimov öz avtomobili ilə tanımadığı MTN əməkdaşlarının müşaiyəti ilə, Natiq Alıyev isə özünə məxsus, qara «Audi Q7» cip tipli avtomobillə Bakı şəhərinə yola düşürlər.
 
"Sultan” kafesi MTN-çilərin qeyri-leqal həbsxanası kimi
 
Lakin MTN əməkdaşları onu nazirliyin inzibati binasına deyil, yaxınlığında yerləşən «Sultan» kafesinə aparırlar. Kafenin içərisinə daxil olduqdan sonra Fizuli Əliyev onunla birlikdə boş kabinetlərdən birinə keçir. Az sonra Arif Kərimovu da gətirib kafeyə təhvil verirlər. 5-10 dəqiqə sonra Füzuli Əliyev və Natiq Alıyevə yemək gətirirlər, onların qurbanı isə kənarda oturmuşdu. Yemək və söhbət əsnasında Füzuli Əliyev şalvarının belindən "Makarov” tipli tapançanı çıxararaq barmağında fırladırmış və sahibkara deyirmiş ki, onun, ailə üzvlərinin başına istədiyi oyunu aça bilər. Zərərçəkən deyir ki, Natiq Alıyev də onlara qarşı aqressiv davranıb. Yeməkdən sonra quldurlar mətləbə keçirlər və Zaur Məmmədov adlı MTN əməkdaşını çağırıb əmr verirlər ki, Gündüz Əliyevi nazirliyin inzibati binasına aparsın. Ona "Mən Gündüz Əliyev, Arif Kərimovdan mənə çatacaq 161 min manat pulu aldım” sözləri yazılmış qəbzi imzaltsın.
 
"İmzalamaq istəmir, Saşa və Mişa gəlsin...”
 
Nazirliyin binasının 2-ci mərtəbəsində həmin MTN əməkdaşı G.Əliyevdən bu qəbzi imzalamağı tələb edir. Sahibkar isə əvvəl imzalamaq istəmir, deyir ki, qoy ondan rəsmi izahat alsınlar. Ancaq MTN əməkdaşı ona deyir ki, izahat yazmalı olsa barəsində cinayət işi qaldırılacaq, işi prokurorluğa göndəriləcək. Habelə həmin əməkdaş hələ də "Sultan” kafesində yeyib-içməkdə olan Füzuli Əliyevə zəng vurur, qurbanın qəbzi imzalamaq istəmədiyini bildirir və "Saşa” və "Mişa” adlı şəxsləri çağırmaq lazım olduğunu deyir.

Təxminən 1 saat sonra Füzuli Əliyev və Natiq Alıyev MTN-in binasına gəlirlər. Gündüz Əliyevi hədələyib deyirlər ki, qəbzi imzalamasa həbs olunacaq. Nəhayət sahibkar qəbzi imzalayıb torbadakı pulu MTN quldurlarına verməli olur. Onu bir saat sonra MTN-dən buraxırlar, ancaq bir şərtlə ki, daha 50 min manat gətirib versin. F.Əliyev xəbərdarlıq edir: "Əgər bu əhvalat haqda kiməsə danışsan başına böyük fəlakətlər gələcək!”

Gündüz Əliyev MTN-dən çıxır, ancaq həmin 50 min manatı vermir. 2015-ci ilin sentyabr ayına qədər Füzuli Əliyev pulla bağlı 4-5 dəfə ona zəng vurur, 50 mini gətirməyi tələb edir. Deyir ki, pulu gətirsə və MTN-ə illik haqq ödəsə işləri qaydasında olacaq, heç kim ona ilişməyəcək.
 
Kərimovdan cəmi 15 min qopara bilirlər...
 
Gündüz Əliyevə mebel sifariş vermiş Arif Kərimovun aqibəti də təxminən eyni cür olur. Ona da MTN-də 161 min manatı verdiyi haqda qəbz imzalatdırırlar. Habelə tələb edirlər ki, canını qurtarmaq üçün əlavə 300 min manat da verməlidir. Arif Kərimovun dediyinə görə, MTN-də onu Natiq Alıyev və Füzuli Əliyev təhdid ediblər. Natiq Alıyev belindən tapançanı çıxarıb "Səni güllələyərəm” deyib. Lakin Arif Kərimov cavab verir ki, onun 300 min manatı yoxdur və olmayacaq. Nəhayət MTN quldurları "yumşalırlar”, məbləği 30 minə endirirlər.

Kərimovu gecə MTN-də saxlayırlar, yanında isə özünün dediyi kimi BDU-nun hüquq fakültəsinin tələbəsi olan, Sumqayıtda yaşayan idmançı görkəmli gənci keşikçi qoyurlar. Səhər saat 11 radələrində kimsə zəng vurub tapşırır ki, Kərimovu buraxsınlar. Həmin gənc Kərimovu MTN-dən çıxarıb "Sultan” kafesinin qarşısında Natiq Alıyevə təhvil verir. Kərimov başına gələnlərdən çox qorxmuşdu və evə gələn kimi 30 mini toplamağa çalışır. Ancaq iki günə cəmi 15 min manat düzəldə bilir və "Sultan” kafesinin yanına gələrək Natiq Alıyevə zəng vurur. 5-10 dəqiqədən sonra Alıyev gəlir, Kərimovun tələb olunan məbləğin hamısını gətirmədiyini öyrənib narazılıq edir, aralıdan "Audi Q7”nin qapısını pultla açıb əmr edir ki, pulu maşına qoysun. Kərimov belə də edir. Sonradan Füzuli Əliyev və Natiq Alıyev Gündüz Əliyevin vasitəsilə onu daha bir neçə dəfə MTN-ə çağırırlar, Kərimov isə getmirmiş...

İstintaq zamanı Kərimov və Əliyev MTN əməkdaşları ilə üzləşdirilib, üzləşdirmə zamanı ifadəsində dediklərini onların üzünə də təsdiq ediblər.
 
Mənbə: Virtualaz.org
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook