SON XƏBƏR

Naxçıvan Nümayəndəliyinin kollektivi 22 may 2020-ci il tarixdə 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirib

May 22
11:44 2020
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin kollektivi 22 may 2020-ci il tarixdə 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirib.
 
Qlobal.az xəbər verir ki, tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov milli dövlətçilik tariximizə qızıl hərflərlə yazılmış, Şərqdə, türk dünyasında və İslam aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, keçdiyi şərəfli yoldan danışaraq qeyd etmişdir ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102 ili tamam olur. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, qəhrəman xalqımızın öz müqəddəratını təyin etməyə həmişə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bu qısa tarixi dövr Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrinin yenidən bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin yaranmasında müstəsna xidmətləri olmuş görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin, bir sözlə,torpağı vətən etmiş babalarımızın adları xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Azərbaycan Xalq Cumhuriyyətinin yaradılması Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev dəfələrlə qeyd edib ki, müsəlman Şərqində ilk demokratik Cümhuriyyətin məhz Azərbaycanda yaranması xalqımızın o dövrdə – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır: "O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.

Bəxtiyar Əsgərov nəzərə çatdırmışdır ki, Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan böyük dövlət xadimi, xalqımızın böyük oğlu Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu xüsusi vurğulayırdı. Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olmasını dəfələrlə bəyan edib. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvan Muxtar Respublikasında qaldırılması da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bundan başqa, təqvimimizdə Ordu, Respublika günləri və bu kimi digər tarixlərin məhz Cümhuriyyət dövrüdə ayrıca hüquq qazanması,müəyyənləşdirilməsi də ayrıca qeyd edilməlidir. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan dəyərin, hörmət və ehtiramın nümunəsidir. Böyük Heydər Əliyevin müasir Azərbaycan dövlətini məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etməsi ölkəmizin beynəlxalq ictimaiyyətə tanıdılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Bununla dünya ictimaiyyəti görür və dərk edir ki, Azərbaycanın zəngin dövlətçilik tarixi və ənənələri var, müasir müstəqil Azərbaycan zəngin dövlətçilik ənənələri əsasında formalaşıb. Ümummilli lider Heydər Əliyev Bu barədə deyirdi: "Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi”.

"Azərbaycan Xalq Cümhuriyyətinin doğma vətənimizin, ölkəmizin dövlətçilik tarixindəki rolu daim xatırlanır, müstəqillik fədailərinin, Cümhuriyyət rəhbərlərinin xatirəsi əziz tutulur. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar, imzalanmış Sərəncamlar bunu aşkar şəkildə həm ifadə edir, həm də qurucusu Heydər Əliyev olan müasir müstəqil Azərbaycanın öz tarixi keçmişinə nə qədər bağlı olduğunu göstərir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik və 100 illik yubileylərinin və Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında müvafiq sərəncamları bu qəbildən olan nümunələr sırasında xüsusi olaraq qeyd edilməlidir.”-deyə bildirən daimi nümayəndəliyin rəhbəri qeyd etdi ki, bu gün Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasəti və zəngin dövlətçilik ənənələri ilə təmsil olunur. Ümummilli lider Heydər Əliyevin ideyaları və Prezident İlham Əliyevin unikal siyasəti nəticəsində hazırda beynəlxalq arenada özünə layiqli yer tutan Azərbaycan Respublikası həm Cümhuriyyət dəyərlərini yaşadır, həm də öz müstəqil siyasəti ilə fərqlənir. Bütün bunların fonunda iki başlıca nüans özünü göstərir: birincisi, hər kəs aydın dərk edir ki, Azərbaycan xalqı dövlət qurmağı, ona sahiblənməyi və onu müstəqil şəkildə, məharətlə idarə etməyi bacarır. İkincisi isə, istər həyata keçirilən müstəqil siyasət, istərsə də dövlətçilik ənənələrinin yaşadılması Azərbaycan cəmiyyətində vətəndaşların belə özlərini milli dövlətlə birlikdə hiss etməsini şərtləndirir. Prezident İlham Əliyevin qeyd olunan Sərəncamında bütün bu məsələlər öz əksini tapıb. Sərəncamda deyilir: "Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”.

Bəxtiyar Əsgərov Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki yeri və rolundan bəhs edərkən təəssüf hiisi ilə vurğuladı ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan vermədi, Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək özünün müstəqillik mübarizəsi üçün böyük potensial yaratdı və bunun məntiqi nəticəsi kimi ötən əsrin sonlarında Azərbaycan əsrin əvvəllərində itirdiyi müstəqilliyini yenidən bərpa etdi. Lakin bu dəfə də erməni təcavüzü ilə üzləşərək torpaqlarının işğalı və müstəqilliyinin itirilməsi təhlükəsi ilə rastlaşdı. Tarixi hadisələr göstərir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə daim məkrli, nankor erməni faktoru ilə üzləşmiş, Azərbaycanın müstəqil dövlət olmasını istəməyənlər isə "erməni məsələsi”ndən yetərincə və məharətlə istifadə etmişlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış gərgin vəziyyəti belə xarakterizə etmişdir: "Bütün tarix boyu xalqımızın müstəqillik arzusu ilə yanaşı, bu istəyə qarşı həyata keçirilmiş faciə və soyqırımı hadisələri də heyrətamiz şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”. Nəhayət, bu işlər nəticəsiz qalmamış və 1991-ci ildə azadlıq mücadiləsinə qalxan xalqımız Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasına nail olmuşdur.

Sonda Bəxtiyar Əsgərov bir daha vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin tarixdə ən böyük xidmətlərindən biri də bugünkü müstəqil və qüdrətli Azərbaycan dövlətinin yaradılmasına zəmin hazırlamaqdır. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Cümhuriyyət ənənələrinə sadiq qalaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Bu quruculuq mərhələsi də asan başa gəlmədi və çox ciddi sınaqlardan keçdi. Lakin Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan Respublikası mürəkkəb vəziyyətə, xarici təhdid və təziyqlərə sinə gərərək, öz müstəqilliyini qorumağı bacardı, dövlətçiliyin möhkəmləndirilməsi üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi və torpaqları üzərində tam suverenliyin bərpa edilməsi üçün mübarizə aparmaqdadır. Hazırda ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş demokratik, hüquqi, dünyəvi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən inamla və uğurla davam etdirilir. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar dönmədən həyata keçirilir, ölkə iqtisadiyyatı sürətlə inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün ardıcıl addımlar atılır, vətəndaş məmnunluğu təmin edilir. Bütün bunlar Azərbaycanın getdikcə daha da qüdrətli dövlətə çevirilməsinə və beləliklə, Azərbaycan Xalq Cumhuriyyətinin arzusunda olduğu müstəqilliyimizin, azadlığımızın daimi, əbədi olmasına xidmət edir. Bu gün müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi dünya birliyində öz layiqli yerini tutub. Biz hamımız azərbaycanlı olmağımızla, milli,müstəqil dövlətimizdə yaşamağımızla qürur duyuruq!

Tədbir digər çıxışlarla davam etdirilib.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook