SON XƏBƏR

“Nazir bunları bilir, amma deyə bilmir, çünki…”

İyun 02
22:54 2016
Tanınmış ekspert Nabatəli Qulamoğlu təhsil sistemimizdə yaşanan problemlərlə bağlı Arqument.Az-a geniş müsahibə verib. Maraqlı və diqqətçəkən məqamlarla yadda qalan müsahibəni təqdim edirik:
 
– Bu yaxınlarda təhsil naziri Mikayıl Cabbarov məşhur rus bloqeri Sapunova müsahibə verib. Sizin münasibətinizi bilmək istərdik.
 
– Bu artıq ikinci geniş müsahibədir. Burada təhsili əhatə edən bir çox məsələlər öz əksini tapmışdır. Bütövlükdə məlum müsahibəyə münasibətim pozitivdir.
 
– Səhv etmirəmsə, nazirin Sapunova verdiyi 1-ci müsahibədən o qədər də razı deyildiniz. Üstündən heç iki il keçməyib. Nədir bu ciddi dəyişiklik?
 
– Etiraf edim ki, tənqid etmək iş görməkdən asandır. Ona görə də iş görmək istəyən məmurları dost cəbhədən tənqid etməyin tərəfdarıyam. Təbii, elə məqamlar var ki, nazirliyin fəaliyyətinə diametral əks-mövqe sərgiləyirəm. Amma hər belə xırda məsələlərdən ötrü Mikayıl Cabbarovun komandasının fəaliyyətini heçə endirmək insafsızlıq olardı. Birinci müsahibədən də bütövlükdə razı qalmışdım, amma bölüşmədiyim məqamlar da az deyildi. Eynilə nazirin son müsahibəsində də bir sıra nüanslar vardır ki, qəbul edə bilmərəm. Desəm ki, nazir bunları bilməyərəkdən deyir, düzgün olmazdı. İşin içində olan bir şəxs kimi, bu problemləri o bizdən daha yaxşı bilir, sadəcə, deyə bilmir, çünki məmurdur.
 
– Diametral əks-mövqe tutduğunuz məqamlardan birini deyə bilərsiniz?
 
– Xaricdə oxuyan tələbələrin diplomlarının tanınması ilə bağlı mən tamamilə əks-mövqe sərgiləmişəm.
 
– Bəziləri elə düşünür ki, nazir əmək bazarımızı savadsız kadrlardan qoruyur…
 
– Üzr istəyirəm, çox primitiv yanaşmadır. 1-ci, ona görə ki sağlam əmək bazarı yaratmaq ölkə rəhbərliyinin, bütövlükdə isə vətəndaşların borcudur, bunu Təhsil Nazirliyi, istəsə də, qaydaya sala bilməz. Bizim nazirlik öz kadrlarını seçmək üçün sağlam əmək bazarı yaradıb. Burada başlıca rolu tələb-təklif qanunu oynayır. İkincisi, pis, ya yaxşı Nazirlər Kabinetinin məlum qərarı vardır, diplomların ekvivalentliyini yoxlamağın qaydaları bu qərara əsaslanır. Diplomları tanımaq üçün yenidən imtahan təşkil etmək nazirliyin səlahiyyəti çərçivəsindən kənara çıxır və bu, Nazirlər Kabinetinin qərarını kobud şəkildə pozmaqdır. "Əmək bazarını savadsız kadrlardan qorumaq” şüarı altında yeni korrupsiya üçün meydan açılır. Nazirlikdə şöbə müdirinin vəzifəsindən uzaqlaşdırılması da məhz sui-istifadə hallarının olduğunu sübut etdi.
 
– Deyirsiniz ki, nazirin fəaliyyətindən razısınız. Axı xalq təhsilin durumundan məmnun deyil və onun inkişaf perspektivinə inanmır. Bircə faktı demək kifayətdir ki, 22 may 2016- cı il tarixdə keçirilən qəbul imtahanlarında abituriyentlərin 86%-i "2” qiymət alıb. Arxada qalmış üç il ərzində Cabbarovun fəaliyyətində nə kimi müsbət cəhətlər görmüsünüz?
 
– Ədalət naminə deyək ki, bu il 15 və 22 may tarixlərində keçirilmiş qəbul imtahanları əvvəlki illərdə müvəffəqiyyət qazana bilməyən abituriyentlərin biliyini qiymətləndirdiyi üçün təhsilin ümumi inkişaf göstəricisi kimi götürülə bilməz. Amma onu da deyim ki, mənim qənaətimə görə, ölkəmizdə yekun qiymətləndirmənin müvəffəq faizi 20-dən yuxarı deyil.
 
– Yadımdadır, nazir 1-ci müsahibəsində təhsilin inkişafını isbatlayan statistik rəqəmlər gətirmişdi. Siz də onda dediniz ki, bu rəqəmlər müqayisələr aparmaq üçün yetərli deyil və reallığı əks etdirmir. Belə olduğu halda Cabbarovun fəaliyyətində pozitiv məqamlar haradandır?
 
– Ən başlıcası, nazir sağlam komanda formalaşdıra bilib. Düzdür, kadrlar peşəkarlıq nöqteyi-nəzərindən o qədər də qənaətbəxş deyil, amma mənəvi keyfiyyət məmur üçün başlıca şərtdir, qalanlarını təcrübə prosesində əldə etmək olar. Ən uğurlu addımlardan biri I sinfə qəbulun elektron formata keçirilməsidir ki, bu, yüz faiz korrupsiyanın qarşısını alıb. Müəllimlərin işə qəbulu qaydalarının dəyişdirilməsi, direktorların işə qəbulu, bir sıra digər xidmət sahələrinin elektron formada qaydaya salınması – bütün bunlar müsbət addımlar sırasındadır. Nazirlik tərəfindən edilən pozitiv cəhdlər çoxdur, lakin bu cəhdlərin nəticələri ilə bağlı ümidsizliyim olduğu üçün sadalamıram.
 
– Nazirin Sapunova verdiyi son müsahibəsində razı olmadığınız məqamlar hansılardır?
 
– Təqribən, üç il bundan əvvəl Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası qəbul ediləndə müəyyən ümidlər yarandı. Vaxtilə bizim tənqid etdiyimiz məsələlər burada öz əksini tapmışdı. Sənədi oxuyanda belə təəssürat yaranırdı ki, təhsildə köklü islahatların qaçılmaz olduğunu dərk ediblər. Strategiyanın həyata keçməsi ilə bağlı Nazirlər Kabinetininn hazırlayacağı konkret iş planı bir il gecikdirildi. Artıq biz anladıq ki, bu sənəd də xalqın gözünə kül üfürməkdən başqa bir şey deyildir. İndi də nazir bütün bunları təhsil islahatı kimi qələmə verir. Bu da reallıqla səsləşmir.
 
Digər tərəfdən, Mikayıl müəllim qeyd edir ki, müəllimlərin 40%- nin əmək haqqı iki dəfə artırılmışdır. Hətta jurnalistin "Onların əmək haqları indeksasiya edilirmi?” sualına formal cavab verir: ”Digər bütün müəllimlər kimi”. Əvvəla, hakimiyyətin mətbəxində 1-ci devalvasiyanın olması haqqında yekdil fikir olduqdan sonra biliyi diaqnostik qiymətləndirmədə yoxlanılmış müəllimlərin əmək haqları 33 % artırıldı. Deməli, maaş artımı faktiki olaraq baş vermədi. 1-ci devalvasiyadan sonra müəllimlərin əmək haqları cəmi 10 % artırıldı. 2- ci devalvasiya 50%- dən də çox olduğu halda, yenə də cəmi 10% artırıldı. Manipulyasiya göz qabağındadır, amma başa düşürəm, nazir bunları deyə bilməz.
 
Mikayıl Cabbarov müsahibəsində məktəbəqədər təhsilə cəlbetmənin 23- 25% olduğunu bildirir, lakin yalnız Bakı şəhərində cəlbetmə 23%dir. Rayonlar üzrə göstəricilər bundan xeyli aşağı, hətta yox dərəcəsindədir.
 
Məlumdur ki, keçən il müsabiqədə iştirak ballarının aşağı salınması Təhsil Nazirliyinin təkidi ilə baş vermişdi. Bunu nazir pozitiv hal kimi qiymətləndirir. Düzdür, iqtisadi siyasət nöqteyi-nəzərindən düzgün addımdır, çünki burada ali məktəbə qəbul ola bilməyən abituriyentlər xarici ölkələrə üz tutur, bu da valyuta axını deməkdir. Amma təhsilin məqsədi istehsalat üçün keyfiyyətli kadrlar hazırlamaqdır. Özünüz deyin, 150- 200 balla ali məktəbə qəbul olan abituriyentin gələcəkdə keyfiyyətli kadr olacağı mümkündürmü?
 
– Deyirsiz, nazir cəhd edir, lakin bu cəhdlərin müqabilində nəticə yoxdur. Səbəbi nədir?
 
– Bilirsiniz, Təhsil Nazirliyi ( heç digər nazirliklər də istisna deyil) sürücülük təlimi üçün istifadə olunan avtomobilə bənzəyir. Nazirə həmin maşını idarə etməyi tapşırırlar, lakin əsas idarəetmə sürücünün sağ tərəfində oturmuş ustanın ixtiyarındadır, ikinci baxıb görəndə ki, idarəetmə oyun qaydalarından kənara çıxır, dərhal maşını ya tormozlayır, ya da geriyə və ya yana döndərir. Mürtəce niyyət güdən "təlim ustası”nın da məqsədi bəllidir: təhsilin düzgün istiqamətinə mane olmaq.
 
– Belə çıxır ki, keçmiş nazir Misir Mərdanova da bu "maşında təlim keçiblər”.
 
– Əlbəttə. Sadəcə, fərq bundan ibarət idi ki, Mərdanov özünün formal idarəetmədə olduğunu yaxşı bilirdi və "maşını sürməyə” belə cəhd etmirdi.
 
– Xalqın təhsilini ağlar günə qoyan adamın kimliyini bilirsiniz?
 
– Ad çəkməyə heç ehtiyac yoxdur. Ölkəmizin ictimai- siyasi həyatı ilə tanış olan hər kəs onun kimliyini yaxşı bilir. Sadə məntiqlə də müəyyən etmək çətin deyil. Məlumdur ki, Mikayıl Cabbarov dövlət başçısının proyektidir. Buradan belə nəticə çıxır ki, islahatlara start ölkənin birinci şəxsi tərəfindən verilib. Amma hakimiyyətdə çox güclü nüfuz sahibi olan bəzi şəxslər buna imkan vermir. Nazirin müsahibəsindən bir cümləni diqqətinizə çatdırıram. Jurnalistin "islahatların qabağını kim və ya nə kəsir?” sualına Mikayıl Cabbarov belə cavab verir: "Sovet təhsil modelinə sadiq olanların tərsliyi”. Nazir açıq testlə vurğulayır ki, islahat "korrupsiya münasibətlərindən doğan müqavimətlə” üzləşir. Vaxtilə oxşar narazılığı Mərdanovun da bəyanatlarından az eşitməmişik. Sizcə, nazirin və
 
Prezidentin qərarlarına kimin təsir etmək imkanları var? Deməli, təhsilimizə baxışda bir dualizm mövcuddur – ona görə təhsil bu vəziyyətdədir. Məşhur tamaşadakı kimi: biri deyir, oxu, o biri- oxuma.
 
– Nazirin müsahibəsində maraqlı bir ifadə diqqətimizi çəkdi: ”Biz çalışırıq ki, islahatın inkişaf tempi ilə onun keyfiyyəti arasında balans saxlayaq”. Nə deməkdir bu?
 
– Hörmətli nazir vurğulayır ki, strateji məqsəd budur: müəllim peşəsini nüfuzlu bir sahəyə çevirsin, hər tərəfdən istedadlı adamlar bu peşəyə yiyələnmək üçün can atsınlar. Nüfuzlu peşə sahibləri isə öz xidmətini yüksək məvacib müqabilində təqdim edirlər. Onun əməyini dövlət deyil, yalnız özü qiymətləndirə bilər. Belə qiymətləndirmənin yeri isə bazardır – yarış meydanı. Söhbət təhsil bazarından gedir. Bu bazarı isə dövlət, bələdiyyə və xüsusilə özəl təhsil sektorunun subyektləri ilə formalaşdırmaq mümkündür. Ona görə hər üç sektora qanuna müvafiq olaraq dövlətin münasibəti eyni olmalıdır. Mövcud ictimai vəziyyət özəl sektorun inkişafını bizdən tələb edir, çünki bu sektorda qaydalar ciddidir: bilik verim, pul ödə. Beş-altı özəl təhsil müəssisəsini yaratmaqla da məqsədə nail olmaq mümkün deyil. Yaradıblar da. Onlar bu gün monopolistlərdir- aldığı maliyyəyə uyğun bilik vermir.
 
Müqayisə edin: Azərbaycandakı özəl orta məktəblərdə olan təhsil haqqı dünyanın aparıcı ölkələrindəki təhsil haqqından xeyli yüksəkdir. Adambaşına düşən milli gəliri həmin ölkələrlə müqayisə etsək, tamamilə ağlasığmaz bir rəqəm alınar. Bunların hamısının səbəbi monopoliyadır. Monopoliya olan yerdə iqtisadiyyat olmadığı kimi, təhsil də yoxdur. Türk liseylərinin gözümçıxdıya salınması da eyni məqsəd güdür. Hazırda bütün televiziyalarda yalnız bir özəl liseyin elanı gedir. Azərbaycan təhsiilinin inkişafında xüsusi payı olan türk liseyləri isə, sanki, yoxdur.
 
Bütün söylədiklərimin məğzi budur ki, islahat meydanda yoxdur və onun tempi haqqında danışmaq da vaxt aparmaqdan başqa bir şey deyil.
 
– Xalqın bu ağır durumunda özəl təhsildən danışırsınız. Kim Sizi başa düşər?
 
– Söhbət ondan gedir ki, özəl təhsili də dövlət maliyyələşdirməlidir. Sadəcə, maliyyənin qeyri-nağd yolla istifadəsi isə təhsilalanın haqqıdır – valideyn həmin maliyyəni etibar etdiyi məktəbin hesabına yatıra bilər. Səbəb çox sadədir: pulu verən və alanlar maraqlı tərəflərdir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook