SON XƏBƏR

Neft strategiyası sosial rifahın yüksəlməsinə mühüm töhfə verir

Sentyabr 23
14:20 2019
"Əsrin müqaviləsi”nin uğurla reallaşması nəticəsində Azərbaycan çox qısa bir müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir respublikaya çevrildi. Müqavilə imzalanan dövrdə ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Ermənistanla müharibə şəraitində idi. Bu cür risk doğuran amillər böyük dövlətləri və şirkətləri respublikamıza investisiya yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu öndərin beynəlxalq miqyasda şəxsi nüfuzu ilə tərəddüdlərə son qoyuldu, 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqaviləsi imzalandı.
 


Xəzərin Azərbaycan sektorundakı "Azəri”, "Çıraq” və "Dərinsulu Günəşli” yataqlarının xarici şirkətlərlə birgə işlənməsi ümummilli liderin müdrik siyasəti, gərgin mübarizəsi və kəsərli sözü sayəsində gerçəkləşdi. "Əsrin müqaviləsi” adını alan "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması dünyaya sübut etdi ki, Azərbaycan azad, müstəqil, suveren bir ölkədir.

Xüsusi vurğulamaq istərdim ki, "Əsrin müqaviləsi” Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında mühüm rol oynayıb, regionun və Avropanın enerji təhlükəsizliyinin gerçəkləşməsinə müsbət təsir göstərib. Məhz bu müqavilə ilə Xəzər dənizində tarixdə ilk dəfə olaraq beynəlxalq əməkdaşlıq prosesi başlayıb. Azərbaycan öz zəngin neft resurslarının dünya bazarlarına daşınması üçün əlverişli imkan əldə edib.

"Əsrin müqaviləsi”nin imzalanmasından ötən müddətdə ölkə iqtisadiyyatının, xüsusən sənayenin, o cümlədən neft sektorunun şaxələndirilməsi, beynəlxalq standartlara uyğun yenidən qurulması, innovativ texnologiyalarla təchiz olunması, yeni idarəçilik metodlarının mənimsənilməsi üçün geniş imkanlar yaranıb. Xarici neft şirkətləri ilə birlikdə axtarış-kəşfiyyat, qazma, tikinti və hasilat üzrə böyük iş həcmi görülüb və uğurlu nəticələr alınıb. Nəhəng "Şahdəniz” qaz-kondensat yatağı, orta səviyyəli "Əşrəfi” və "Qarabağ” yataqları aşkar edilib, "Abşeron” və "Ümid” yataqlarının işlənilməsinə başlanılıb.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində deyib: "Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. Bu müqavilənin çox böyük əhəmiyyəti var. Hazırda da bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər qüvvədə olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də "Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək”.

"Əsrin müqaviləsi”nin icrasına başlanılan vaxtdan etibarən müxtəlif ölkələri təmsil edən aparıcı şirkətlər Azərbaycanla çox uğurlu əməkdaşlığa başladılar və bunun nəticəsində ölkə sürətlə, hərtərəfli inkişaf etməyə başladı.

Ötən dövr ərzində Azərbaycan adambaşına düşən xarici sərmayənin həcminə görə, təkcə keçmiş sovet respublikaları arasında deyil, Şərqi Avropa ölkələri sırasında da qabaqcıl mövqelərə sahib olub. Respublikamızın neft sektoru, təbii ki, ölkə iqtisadiyyatı üçün həlledici amilə çevrilib. Ölkəyə gətirilən sərmayələr Azərbaycanın neft sektorunun inkişafında böyük rol oynamaqla yanaşı, qeyri-neft sahələrinin inkişafına da güclü təkan verib. Bu baxımdan "Əsrin müqaviləsi”nin Azərbaycanın müasir tarixindəki rolu müstəsna əhəmiyyətə malikdir.

Bu gün ölkədə qeyri-neft sektorunun inkişafına mühüm təsir göstərən, bu sahəyə investisiya qoyuluşunda önəmli rol oynayan neft sənayesində müsbət nəticələr əldə edilir. Bu fikri bir qədər də konkretləşdirib deyə bilərik ki, Azərbaycanın qlobal brendi olan SOCAR şirkəti gəlirlərinin böyük hissəsini xarici ölkələrdə reallaşdırdığı əməliyyatlardan əldə edir, həmin gəlirləri ölkəmizin sosial-iqtisadi inkişafı naminə təkrar investisiyaya yönəldir, təbii ki, dövlət büdcəsinə ödənişləri də ilbəil artırır.

Bütün bunlar "Əsrin müqaviləsi”nin imzalanmasının necə uzaqgörənliklə və müdrikliklə seçilən, xalqın işıqlı gələcəyinə yönəldilən bir strategiya olduğunu sübut edir. Ölkəmiz bu strategiyaya sadiq qalaraq onu inkişaf etdirdikcə özü də sosial və iqtisadi cəhətdən daha da irəliləyir.

Hazırda Azərbaycanın həyati əhəmiyyət daşıyan bütün istiqamətlər üzrə inamla irəliləməsi, beynəlxalq nüfuzunun getdikcə möhkəmlənməsi də məhz həmin strateji kursun məntiqi nəticəsidir.
 
Arzuman Muradlı,YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook