SON XƏBƏR

Parlament seçkilərinin yəhudi əsilli qalibi: - “Xocalı soyqırımını tanıtmaq platformamda qırmızı xətlə gedir”

Fevral 14
14:11 2020
Fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə görə 53 saylı Quba-Qusar seçki dairəsindən lider namizəd olan Anatoliy Rafailov ilk açıqlamasını Modern.az-a verib.

O, bildirib ki, yeni deputat olaraq parlamentdə bütün azərbaycanlıları, o cümlədən Quba-Qusar seçicilərini təmsil edəcək:

"Təşviqat müddətində 60-a yaxın görüş keçirtdik. 53 saylı Quba-Qusar seçki dairəsinə daxil olan bütün məntəqələrdə əhali ilə bir araya gəldik. Görüşlərdə ən azı 50-60, ən çoxu isə 350 nəfər insan iştirak edib”.

Anatoliy Rafailov seçki platformasının çox zəngin və geniş olduğunu deyib:

"Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq ideologiyasının daha da möhkəmləndirilməsindən tutmuş ən kiçik sosial problemlərə qədər həll etməyə çalışacam. Deputat olaraq fəaliyyətə başlayan kimi ilk işim Quba və Qusar rayonlarının bizim dairəni əhatə edən bütün kəndlərində yenidən görüşlər keçirəcəyik”.

Parlamentdə təmsil olunacaq yəhudi deputat ailəsi barədə danışarkən dövlətçiliyə sadiq olduqlarını da vurğulayıb:

"Hazırda "Sağlam ailə” diaqnostika mərkəzində beynəlxalq məsələlər üzrə ekspertəm. İxtisasca travmatoloq-cərraham. Həyat yoldaşım da azərbaycanlıdır. O da Azərbaycan Respublikasının əməkdar həkimidir. Oğlum da həkim uroloqdur. Ailə olaraq hər zaman dövlətə, dövlətçiliyə sadiq insanlarıq”.

Anatoliy Rafailov Dağlıq Qarabağ məsələsinin dünya ictimaiyyətinə çatdırılması məsələsindən də söz açıb:

"Platformamda Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı konkret məsələlər var. Təbii ki, cənab Prezidentin apardığı siyasət sülh siyasətidir. Biz də onu dəstəkləyirik. Həmin məsələ eynilə platformamda da yer alıb. O sahədə də Azərbaycanın beynəlxalq əlaqələrdə daha da möhkəmləndirilməsinə çalışacam. Bilirsiz ki, dünyada ən güclü lobbi yəhudi lobbisidir. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün əlimdən gələni edəcəm. Bir neçə gündən sonra Xocalı faciəsinin ildönümü olacaq. Xocalı faciəsinin soyqırım kimi tanıdılmasını bizim bəzi müsəlman ölkələri qəbul etməyiblər. Ancaq Xocalı faciəsinin bir soyqırım kimi tanıdılması üçün dünyanın bir çox inkişaf etmiş ölkələrində yəhudi lobbisi Azərbaycanla bir yerdə çalışıb. Ona görə də bu məsələ platformamda xüsusi qırmızı xətlə gedir. Əlaqələr daha da genişləndirilməlidir və təbii ki genişləndiriləcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook