SON XƏBƏR

Partiya sədri: "İmamoğlunu ona rəqib sayıb Ərdoğanı kiçiltməyək"

İyun 24
12:48 2019
Heç kəs Əkrəm İmamoğlunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı qoymağa çalışmasın. Onlar tamamilə ayrı müstəvilərin, ayrı miqyasların adamıdır. Hərəsinin öz yeri var. İmamoğlu sadəcə İstanbulun bələdiyyə başçısıdır. O, gələcəkdə Türkiyənin dövlət başçısı səviyyəsinə də yüksələ biləcəkmi, gəlin bu barədə hadisələri və zamanı qabaqlamağa tələsməyək, özümüzü Nostradamus kimi aparıb öncəgörmələrlə çıxış etməyək. Bunu zaman göstərəcək. Ərdoğan isə hal-hazırda qosqoca Türkiyə Cümhuriyyətinin prezidentidir və dünya çapında geopolitik oyunçulardan biri sayılır. Ərdoğan istəsəydi İmamoğlu İstanbulun meri seçilməyə də bilərdi. Bunun üçün Ərdoğanın əlində kifayət qədər imkanlar, resurslar, rıçaqlar da vardı. Ancaq o buna getmədi. Doğrusu, Ərdoğan özü də yaxşı bilirdi ki, Binəli Yıldırım təkrar seçimlərdə də seçilməyəcək. Lakin o bununla sadəcə olaraq Türkiyədə demokratiyanın var olduğunu göstərmək istədi. Odur ki, lütfən, İmamoğlunun qələbəsini Ərdoğanın dəhşətli məğlubiyyəti kimi dəyərləndirməyək və bundan istər bölgə siyasəti üçün, istərsə də beynəlxalq siyasi proseslər üçün hər hansı bir dərin nəticələr çıxarmağa da çalışmayaq.
 
Bu gün İmamoğlunun personası Azərbaycan üçün heç bir xüsusi əhəmiyyət daşımır. Adam başını aşağı salıb mer seçildiyi şəhərin irili-xırdalı problemlərinin həlli ilə məşğul olsun. Biz də bu işlərində ona uğurlar diləyirik. Birdəki, imkanı olarsa, İmamoğlu öz erməni seçicilərinə təşəkkür etdiyi kimi, onu cani-könüldən və tam təmənnasız olaraq dəstəkləyən azərbaycanlı heyranlarına da quruca bir sözlə minnətdarlığını bildirsin. Amma Ərdoğan isə bizim üçün öz yerini, öz çəkisini, öz dəyərini qoruyub saxlamaqdadır.
 
Unutmayaq ki, son 30 il ərzində (yəni ki, müstəqillik illərində) məhz Ərdoğanın dönəmində Azərbaycanla münasibətlər bu qədər yüksək səviyyəyə çatdırılıb. İstər iqtisadi planda, istərsə də siyasi münasibətlərimizdə hər şey strateji müttəfiqlikdən də üst səviyyədədir. Düzdür, bu illər ərzində Azərbaycana qarşı müəyyən səhvlər də olub. Amma o səhvlər iki ölkənin strateji münasibətlərinə, sıx dostluğuna, qardaşlığına əsla kölgə sala bilməyib.
 
Ərdoğan bir qardaş ölkə lideri kimi hər zaman Azərbaycanın haqqını qorumağı bacarır.
 
Türkiyənin dünya siyasətinin önəmli aktorlarından birinə çevrilməsi istiqamətində də Ərdoğanın görəcəyi hələ çox işlər var.
 
İmamoğlunu ona rəqib sayıb Ərdoğanı kiçiltməyək!
 
Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook