SON XƏBƏR

Prezidentin köməkçisi: “Cənab prezident bilir ki, hansı məmurlar islahat kursuna maneə törətməyə çalışır...”

Oktyabr 23
11:00 2019
"Azərbaycan polisi həmin o Avropanın, dünyanın mərkəzləri olan Paris, Amsterdam, Madrid və Barselonadakı qeyri-qanuni aksiyalarda tətbiq edilən tədbirlərdən artıq hərəkət etməyib”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Milli Şuranın 19 oktyabrda şəhərin mərkəzində keçirməyə cəhd etdiyi razılaşdırılmamış aksiya və bundan sonra baş verənlərlə bağlı APA-ya müsahibəsində maraqlı açıqlamalar verib.

Əli Həsənov bildirib ki, aksiyanın təşkilatçıları çox qeyri-konstruktiv, qanunların və hüquq-mühafizə orqanlarının tələblərini qulaqardına vuraraq, təkidlə şəhərin insanların sıx olduğu meydanında razılaşdırılmamış aksiya keçirməyə cəhd etdilər, qanun keşikçilərinə meydan oxumağa qalxdılar: "Bakı Şəhər İcra Hakimiyyəti onların mitinq keçirmək istəyini nəzərə alaraq müvafiq yer ayırmışdı. Əvvəlki dövrlərdə də həmin yerdə Azərbaycanın bəzi siyasi partiyaları aksiya keçirmişdilər. Bu meydanda mitinq keçirmək, çıxış etmək üçün hər cür şərait var. Amma, təəssüf ki, özlərini Milli Şura adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyası, bu qurumların rəhbərləri qeyri-konstruktiv yol seçərək hakimiyyətlə bilərəkdən qarşıdurmaya getdilər. Həmin gün Bakı şəhərində, xüsusən də ”28 May" metrostansiyası ətrafında 200 minə qədər insanın ritmik həyatı pozuldu. Nəqliyyatdan, o cümlədən, metrodan istifadə etmək imkanları məhdudlaşdırıldı, meydanın ətrafındakı bütün ticarət obyektlərinin, kommersiya müəssisələrinin, institutların, məktəblərin ahəngdar fəaliyyəti pozuldu. Həm əhaliyə hərəkət üçün kifayət qədər problemlər yaratdılar, həm də bütövlükdə Azərbaycan cəmiyyətində qarşıdurma ovqatı yaratmaq üçün hüquq-mühafizə orqanları ilə bilərəkdən qarşıdurmaya getdilər. Hər bir sivil dövlət öz inkişafını, vətəndaşlarının təhlükəsizliyini, dövlətin və şəhərlərin asayişini hər şeydən üstün tutur. Lazım gəldikdə isə qanun keşikçiləri istənilən metodlardan istifadə edərək asayişi qoruyurlar, bərpa edirlər, yaxud da asayişi pozmaq istəyənlərə qarşı hüquqi və fiziki tədbirlər görürlər. Bu, bütün dünya ölkələrində belədir. Müvafiq olaraq Azərbaycanda da eyni proses həyata keçirildi".

Prezidentin köməkçisi beynəlxalq təşkilatların bəzilərinin hadisəyə reaksiyasına belə münasibət bildirib: "Biz dövlətimizi beynəlxalq təşkilatlar üçün deyil, Azərbaycan vətəndaşları üçün qurmuşuq. Azərbaycan hakimiyyətinin əsas vəzifəsi ona səs verən, hakimiyyəti formalaşdıran, hakimiyyətin rəhbərini, parlamentini seçən və öz iradəsini ortaya qoyaraq onlardan özünün təhlükəsizliyi, firavan həyatı və digər məsələlərdə sabitliyi tələb edən Azərbaycan xalqı qarşısında hesabat verməkdir, onun maraqlarını ifadə etməkdir. Beynəlxalq təşkilatlarla əməkdaşlıq, xarici tərəfdaşlarımızla, o cümlədən region dövlətləri ilə əlaqələr- bunların hamısı Azərbaycan dövlətinin və xalqının maraqlarını ifadə etmək anlamında bizim üçün əhəmiyyətlidir. Ona görə hansısa beynəlxalq təşkilatın bu məsələlərə bildirdiyi münasibət Azərbaycan hakimiyyəti tərəfindən nəzərə alınır, onların çağırışları, tövsiyələri öyrənilir, müvafiq olaraq dəyərləndirilir, ən məqbulları qəbul olunaraq bizim fəaliyyətimizdə nəzərə alınır. Amma biz bütün ölkələrdə olandan artığını etməmişik. Azərbaycan polisi həmin o Avropanın, dünyanın mərkəzləri olan Paris, Amsterdam, Madrid və Barselonadakı qeyri-qanuni aksiyalarda tətbiq edilən tədbirlərdən artıq hərəkət etməyib”.

Əli Həsənov deyib ki, polisin davranışı tam adekvat, kifayət qədər qətiyyətli idi, qanunlar çərçivəsində tənzimlənirdi və təmin olunurdu. Ona görə də polisi burada günahlandırmaq doğru deyil: "Əlbəttə, polis orqanlarının əməkdaşlarının da hansınınsa hərəkətində kiminsə xoşuna gəlməyən hallar ola bilər. Amma polislə toqquşmaq, qarşıdurmaya getmək istəmirsənsə, o zaman polisin qanuni tələblərinə əməl etmək lazımdır. Polisin qanuni tələblərinə əməl etməyən insanlara qarşı, xüsusən də asayişin təmin olunması mənasında istənilən hüquqi çərçivədə addımlar gözləmək olar. Polisin həyata keçirdiyi tədbirlər oradakı insanların nümayiş etdirdiyi hərəkətə adekvat olur”.

Hakimiyyət rəsmisi bildirdi ki, AXCP sədri Əli Kərimlinin, Tofiq Yaqublu və digərlərinin də təzyiqə məruz qalması ilə bağlı iddiaları barədə araşdırma aparılır və müvafiq məlumatlar yayılacaq: "Mən şahidi olmamışam ki, onlar aparıldığı, saxlanıldığı yerdə hansısa təqibə və təzyiqə məruz qalıblar. Onların bu hərəkətlərinin qarşısını almaq üçün polisin gördüyü tədbirlər hamının gözünün qarşısında olub. Əvvəlcə onları qayda-qanuna dəvət ediblər, sözsüz ki, tabe olmayanda, israrlı şəkildə meydana daxil olmaq istiqamətində hərəkətlər nümayiş etdirəndə polis onları izolyasiya etməli, müvafiq bölmələrə apararaq hərəkətlərinə hüquqi qiymət verməlidir. Əminəm ki, onlar təcrid edilərkən polisin hərəkətində qeyri-adekvat və ya qeyri-qanuni xüsusi bir hal baş verməyib”.

"Müxalifətin bundan sonra Bakının mərkəzində mitinq keçirmək tələblərinə münasibət necə olacaq? Bu məsələ ətrafında müzakirələr olubmu” sualını isə Ə.Həsənov belə cavablandırıb ki, hakimiyyət heç bir müxalifət partiyasına, hərəkata, təşkilata, quruma qanunları pozaraq fəaliyyət göstərməyə, hansısa razılaşdırılmamış aksiyalar keçirməyə imkan verməyəcək: "Yəni biz hakimiyyət olaraq bütün müraciətlərə adekvat münasibət bəsləyəcəyik, qanuni tələblər yerinə yetiriləcək, insanların mitinq, yürüş keçirmək , öz tərəfdarları ilə bir araya gəlib fikir mübadiləsi aparması üçün hakimiyyət onlara müvafiq yerlərdə şərait yaradacaq. Amma onların hakimiyyət, qanun üzərində öz ambisiyalarını reallaşdırmaq cəhdlərinin qarşısı qətiyyətlə alınıb, bundan sonra da alınacaq. Bu hakimiyyəti kimsə öz iradəsindən daşındırmağa, çəkindirməyə qalxmasın”.

"Prezident İlham Əliyev son müşavirəsində məmurlar arasında çəkişmələrin media müstəvisinə daşınmasından danışıb, islahatlara mane olmaq istəyən məmurlara xəbərdarlıq edib. Sizcə, dövlət başçısı kimləri nəzərdə tutur” sualını isə Əli Həsənov belə cavablayıb: "Burada konkret ad sadalamaq mümkün deyil. Digər tərəfdən də, cənab prezident bilir ki, hansı məmurlar islahat kursuna maneə törətməyə çalışır, gizli yollarla sabotaj nümayiş etdirir. Əlbəttə, bunları cənab prezident bilir, zamanı çatdıqca da bu insanlar öz cəzasını alacaqlar. Prezidentin irəli sürdüyü islahatlar kursu bir ildən artıqdır ki, sözün həqiqi mənasında, ölkədə öz nəticələrini göstərməkdədir...

Dövlətin siyasi iradəsi ortadadır. Heç kim buna mane ola bilməz. Əgər belələri aşkarlanarsa, onlar cəzalandırılacaqlar. Bəzən mübarizə aparmaq üçün mətbuatdan da istifadə edirlər. Ayrı-ayrı saytlarda, xüsusən də reket saytlarda başqa-başqa insanlar, o cümlədən islahatları həyata keçirən qurumlar haqqında müəyyən materiallar yayırlar. Belə hallara qarşı Azərbaycan prezidenti və iqtidarı ciddi iradə meydana qoyub. Bu iradənin də nəticəsi olaraq bu tipli neqativ hallar tezliklə aradan qaldırılacaq".

"Yeni Müsavat”



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook