SON XƏBƏR

Qarabağ cəbhəsində “tufanqabağı sakitlik” - TƏHLİL

İyul 09
10:16 2019
Qarabağ danışıqlarının 20 iyunda baş tutmuş Vaşinqton raunduna qədər təmas xəttində müşahidə olunan təxribatçı hərəkətlər və gərginliklər xeyli səngiyib. Bu, bir daha sübut edir ki, hansısa qüvvələr ABŞ-ın vasitəçiliyi ilə keçiriləcək görüşü pozmaq istəyiblər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondakı görüşündən sonrakı durum "tufanqabağı sakitliyi” də xatırladır.

Qeyd edək ki, vaxtilə ABŞ Milli Kəşfiyyatı Qarabağda irimiqyaslı müharibənin gözlənildiyini anons edib. Ayrı-ayrı ekspertlər də müharibənin an məsələsi olduğunu vurğulayırlar. Ermənistan ordusunun rəhbərliyinin vaxtaşırı Qarabağda peyda olması da savaşın real olduğunu deməyə imkan verir.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycan Ordusunda həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər, məişət və xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə görülən quruculuq işlərindən danışaraq bildirib ki, ordumuz işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən verilən hər bir əmri yerinə yetirməyə hazırdır və qadirdir. Bundan əvvəl də ordumuzun döyüşə hazır olması barədə bəyanatlar verilib və düşmənə xəbərdarlıq ünvanlanıb. Lakin görünür, işğalçı öz havadarlarına güvənərək torpaqların azadlığına getmək istəmir.

Bu arada Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünə münasibət bildirib. Səfir APA-ya açıqlamasında deyib ki, xarici işlər nazirlərinin görüşü pozitiv keçib. Diplomat qeyd edib ki, ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu məsələnin həllinə maraq göstərir. Lakin İrəvanın mövqeyində konstruktivlikdən əsər-əlamət belə müşahidə olunmur. Bu mənada düşmənin marıta yatması yaxşı heç nə vəd etmir, adətən məhz bu sakitliyin ardınca irimiqyaslı təxribatların şahidi olmuşuq.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ötən ay Vaşinqtonda keçirilən Qarabağ danışıqlarından sonra həm Ermənistan daxilindəki rusiyayönümlü qüvvələrin, həm Rusiyanın özündə bəzi dairələrin Paşinyana qarşı yeni təbliğat hücumları başlayıb. Belə görünür ki, Rusiyada ABŞ-ın regionda yenidən fəallaşması və uzun fasilədən sonra ilk dəfə Qarabağ danışıqlarına birbaşa vasitəçilik etməsi qıcıq yaradır.

Virtualaz.org xəbər verir ki, Rusiya KİV-lərində ABŞ-ın "Qarabağı qaytarmaq üçün” Paşinyanla gizli sövdələşməyə girdiyi haqda iddialar dərc edilir. Bu günlərdə isə Rusiya internet mənbələri Paşinyanın adından NATO baş katibinə "feyk” məktub yerləşdirib. Həmin məktubda Paşinyan guya NATO ilə Ermənistan arasında sıx münasibətlər naminə Qarabağdan erməni qoşunlarını bir il ərzində çıxaracağını vəd edir.

Hərçənd Paşinyan Qarabağ məsələsində daha sərt və avantürist mövqe nümayiş etdirsə də, Ermənistanda ona müxalif qüvvələr baş nazirin "Qarabağı satmaq” planları haqda hər dəfə fürsət düşən kimi hay-küy qaldırırlar. Rusiyanın "Komsomolskaya Pravda” qəzetinin məqaləsi də bu mövzudadır. "Amerikalılar Qarabağ düyününü kəsib atmaq üçün qılınc hazırlayır”, - qəzet məqaləni bu sərlövhə ilə dərc edib.

Məqalədə Paşinyanın adından NATO baş katibinə yazılmış feyk məktubdan bəhs edilir. Bildirilir ki, əgər bu məktub həqiqi olsaydı, hökmən ilin sensasiyası sayılardı, özü də təkcə MDB məkanında deyil. Çünki orada guya Ermənistan baş naziri NATO ilə yaxınlaşmaq naminə qoşunları yaxın bir ilə Dağlıq Qarabağdan çıxaracağını, əraziləri Azərbaycanın nəzarətinə qaytaracağını vəd edir.

Politoloq Elxan Şahinoğlu "Yeni Müsavat”a açıqlamasında Vaşinqtonun İrəvana təzyiqi ilə bağlı fikirlərə şübhə ilə yanaşdığını vurğuladı: "Doğrusu, mənə aydın deyil ki, ABŞ Ermənistana necə təsir edə bilər? Çünki Vaşinqtonun əlində elə alətlər yoxdur. Ermənistanın da Amerika ilə elə sıx siyasi-iqtisadi müstəvidə əməkdaşlığı mövcud deyil. Ermənistana təzyiq edə biləcək yeganə ölkə Rusiyadır, onun da mövqeyi bizə bəllidir. Amerika o dərəcədə Paşinyana təzyiq edə bilər ki, Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilər. Düzdür, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bunu Bolton da dəfələrlə bəyan edib, hətta Paşinyana deyib. Amma mən hesab etmirəm ki, bu fikirlər Paşinyanı işğalçılıq siyasətindən döndərməyə rəvac verər”.

Sözügedən məqalədə deyilir ki, amerikalı siyasətçilər və ekspertlər Dağlıq Qarabağın danışıqların tamhüquqlu iştirakçısı olmasını təklif edirlər. Qəribədir ki, Vaşinqtonun bu səyləri Paşinyanın mövqeyi ilə tamamilə üst-üstə düşür. Müəllifin fikrincə, Dağlıq Qarabağın danışıqlarda iştirakı amerikalılara ona görə lazımdır ki, münaqişəyə dair Amerika planına onun razılığını təmin etsin. O zaman İrəvan da Paşinyanın həmin məntiqindən çıxış edərək etiraz etməzdi. Lakin qəzet qeyd edir ki, Dağlıq Qarabağın qondarma "prezidenti” Bako Saakyan güzəştlərə qəti qarşıdır, "suverenliin və respublikanın dövlətçiliyinin qorunması” məsələsində birmənalı mövqe tutur. Amma bir məsələ var ki, gələn il Qarabağda "seçklər” olacaq. Ermənistandakı amerikayönümlülər və Sorosun strukturları isə ABŞ-ın ötürməsi ilə hərəkət edərək Dağlıq Qarabağdakı indiki "hakimiyyəti” həddən artıq rusiyayönümlü olmaqda qınayır. Bu məsələdə "Sasna Tsrer” ultraradikal partiyası daha fəaldır.

"Komsomolskaya Pravda” hesab edir ki, amerikalılar Qarabağda ona daha loyal, münaqişənin nizamlanması məsələsində "yola gələn” rəhbərlik görmək istəyir. Praktiki olaraq paralel şəkildə Paşinyanın ətrafı da həmin sorosçularla birləşib Qarabağdakı "seçkilərdə” baş nazirin adamının hakimiyyətə gətirilməsinə çalışır. Qəzet iddia edir ki, Paşinyanla Qarabağdakı rejimin rəhbərliyi arasında münasibətlərin pisləməsində də amerikalıların əli var. "Paşinyanın ətafından belə məlumatlar daxil olur ki, Qarabağdakı seçkilərdə baş nazirin adamı uduzsa onun özünün hakimiyyətə gəlişi üçün istifadə olunan texnologiya tətbiq oluna bilər. Yəni Qarabağda ”məxməri inqilab"dan, küçə etirazlarının təşkilindən və lazım gələrsə daha sərt hərəkətlərdən söhbət gedir. Lakin belə əminlik yoxdur ki, həmin oyunun qalibi Qarabağın "açarını” İrəvana yox, Vaşinqtona aparmayacaq", - qəzet yazır.

"Biz bunu nəzərə almalıyıq ki, ABŞ keçmiş Sovet İttifaqında birbaşa Rusiya tərəfindən yaradılmış münaqişə ocaqlarından ən çox Dağlıq Qarabağa müdaxilə etmək imkanına malikdir”. Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı "Yeni Müsavat”a açıqlaması zamanı belə dedi. Əlavə etdi ki, Vaşinqton Cənubi Osetiya, Abxaziya, Dnestryanı bölgə və başqa münaqişələrə aktiv girə bilmir: "Amma Dağlıq Qarabağ məsələsində söz sahiblərindən biridir, bununla bağlı bəzən bəyanlarda bulunmaqdadır, o da Amerikanın maraqları təhlükəyə düşəndə. Ermənilər bunu anlayırlar və bəzən Amerikanın siyasətinin öz xeyirlərinə döndərilməsi üçün manevrlər edirlər. Paşinyanın son zamanlar atdığı addımlar bunu sübut edir. O, Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi kimi ilk baxışda qəbul edilməsi mümkün olmayan bir məsələni ortaya atdı. Amerika bunu mümkün saymasa da, müəyyən zaman kəsiyində məqbul ehtimallardan biri olaraq görməkdədir. Ruslar Amerikanın bu cəzbedici olaydan yararlanacağı qorxusunu ifadə ediblər, narahat olduqlarını açıq şəkildə bildirməkdədirlər. Və onlar imkan verməzlər ki, bölgə Soros və ya başqa bir qərbyönlü qrupun əlinə keçsin, bir vasitə ilə burada hakimiyyət məsələsi həll edilməsinin qarşısına çıxacaqları da aydındır”.

Q.Çaxmaqlı diqqəti gələn il separatçı rejimdə keçiriləcək oyuncaq "prezident seçkiləri”nə çəkərək bildirdi ki, qondarma qurumun seçkilərində namizəd olan adamlar bəllidir: "Onlar birbaşa Rusiyanın adamlarıdır”.

Qarabağla bağlı Paşinyana təzyiqlərin artması fikrinə gəlincə, politoloq bunu istisna etdi: "Ona heç bir təzyiq yoxdur, nə içəridən, nə də çöldən. Ermənistandakı müxalifət də, hətta radikal müxalifət hesab olunan keçmiş döyüşçülər də Paşinyanın manevrlərini başa düşür və ona gizli dəstək də verirlər. Əsas məqsəd Dağlıq Qarabağa ”müstəqillik statusu" - danışıqlar prosesinə qoşmaqla - qazandırmaqdır ki, onu da Amerikadan gələn bir fikir kimi də gündəmə gətirməkdədirlər. Özü də bunu xarici mediada edirlər ki, bir az inandırıcı olsun".

Q.Çaxmaqlı qeyd etdi ki, dəyişən bir şey yoxdur və heç gözlənilmir də: "Azərbaycan işğal olunmuş bu ərazilərə olan beynəlxalq haqqını geri qaytarmaq üçün qərarlı addımlarını davam etdirməlidir. Hər kəs bilir ki, bu haqqı almaq üçün müharibə qaçılmazdır”.

ABŞ milli kəşfiyyatı ilin əvvəlində belə bir xəbərdarlıqla çıxış etmişdi ki, yay aylarında Qarabağda hərbi əməliyyatlar başlayacaq. Hazırda isə "tufanqabağı sakitlik” hökm sürür, bu, nədən xəbər verir?

Q.Çaxmaqlı: "Bəli, belə xəbərdarlıq var. Amerika hərbi əməliyyatların hər an başlayacağını nəzərə alaraq belə bəyanatlar verir. Çünki bölgədə bütün proseslər hərbi əməliyyatların qaçılmaz olduğu yöndədir. Təsadüfi deyil ki, hərbi əməliyyatlara Ermənistan daha çox hazırlaşır. Son vaxtlar Ermənistandan hərbi rəhbərlərin Qarabağa bir -birinin ardınca gəlib-getməsi bunun əlamətidir. Sülh imkanları demək olar ki, tükənib. Mən müharibənin hər an başlayacağını istisna etmirəm”.

"ABŞ-ın dövlət başçısının milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun planları Ermənistanın varlığını sual altına qoyur”. Moderator.az xəbər verir ki, bunu "Qolos Armenii”("Ermənistanın səsi”) nəşrinə Ermənistanın "Siyasi İqtisadiyyat” Tədqiqatlar İnstitutunun siyasi icmalçısı, politoloq Yervand Bozoyan söyləyib. Bozoyan bildirib: "Bolton üçün Azərbaycan - Güney Qafqazda Türkiyənin davamıdır. Eyni zamanda Azərbaycanın güclənməsi həm Rusiya, həm İran üçün və eləcə də Ermənistan üçün sərfəli deyil. Və əgər Azərbaycanın güclənməsinə mane olurlarsa, o zaman onlar "zərərsizləşdirilməlidir”".

Erməni ekspertin fikrincə, Ermənistan üçün bu, rusiyameylli mövqenin türkiyəmeylli mövqeyə dəyişdirilməsi, Qarabağdan imtina edilməsi və ya mövcud vəziyyətdəki erməni dövlətinin varlığının sonuna gətirib çıxaracaq. Y.Bozoyanin sözlərinə görə, işğalçı ölkənin baş naziri Nikol Paşinyan məhz bu hədəfləri təqib edir: Qarabağ elitasını neytrallaşdırmaq, ordunun diskreditasiyası (nüfuzdan salınması) və dağıdılması. "Və həmin problemlərin həlli üçün Paşinyana yardım etməkdən ötrü Ermənistanda nəhəng ”politoloqlar", "siyasi xadimlər”, "hüquq müdafiəçiləri”, partiyalar və KİV şəbəkəsi yaradılıb. Onların vəzifəsi hakimiyyətə erməni ictimaiyyətinin köhnə stereotiplərini dəyişdirməkdə kömək etməkdir" - erməni politoloq belə hesab edir. musavat.com 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook