SON XƏBƏR

Qubad İbadoğlu qızının döyülməsi ilə bağlı şok faktlar açıqladı

Fevral 22
07:31 2020
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu qızı Jalə Bayramovanın döyülməsi ilə bağlı yeni faktlar açıqlayıb. 
 
Qubad İbadoğlu feysbuk səhifəsində yazır:
 
"Seçki məntəqəsində qızım Jalə Bayramovaya təzavüz edən Kərimova Azadə Mürvət qızı ilə bağlı bir sıra vacib məlumatları sizə təqdim edirəm. "Seçkilər" informasiya mərkəzində 76 saylı Lənkəran - Astara dairəsi üzrə onun adı ilə seçdiyim axtarış sorğusuna "nəticə tapılmadı" cavabı gəldi. 76-cı dairənin 16-cı məntəqəsində Kərimov soyadlılar arasından Azadənin adı çıxmadı. Hadisənin baş verdiyi 16-cı məntəqənin seçki siyahısında Kərimova soyadı olan bircə xanım qeydiyyatdadır ki, onun da adı S, atasının adı isə Z ilə başlayır, doğum tarixi 1943-cü ildir.

Kərimova Azadə Mürvət qızının adı isə başqa siyahıdan çıxdı. Belə ki, Lənkəran rayonu Sürük kəndində Məcburi köçkün yataqxanasında qeydiyyatda olan Kərimova Azadə Mürvət qızına 2019-cu ilin fevral ayından bu ilin mart ayına qədər 13 aydır ki, ünvanlı sosial yardım verilir. Gələn aydan onun yardımı bitir. Çox böyük ehtimalla 9 fevralda xidmətinə mükafat kimi sosial yardımı yenidən uzadılar. Bunu nəzarətdə saxlayacam. Sözüm bunda deyil.

Sözüm Mərkəzi Seçki Komissiyasına (sədr Pənahov Məzahir Məhəmməd oğluna), 76 saylı dairə seçki komissiyasına (sədr Əliyev Məzahir Xanağa oğluna) və məntəqə seçki komissiyasina (sədr Günəşov Şükür Məhərrəm oğluna) ünvanlanıb.

Xahiş edirəm ki, hər üçünüz suallarıma cavab verəsiniz. Seçki günü adı seçici siyahısında olmayan kənar adamın məntəqədə nə işi vardır?

Deyə bilərsiniz ki, Kərimova Azadə müşahidəçidir. Bəs onda onun yaxasında nişanı niyə yoxdur?

Deyə bilərsiniz ki, məntəqə komissiyasının üzvüdür. Bəs onda onun adı niyə üzvlərin siyahısında yoxdur?

Seçki Məcəlləsinin 40.15.-ci maddəsinə görə, səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin, o cümlədən məntəqə seçki komissiyası üzvlərinin bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin, kütləvi informasiya vasitələri nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada, həmin şəxsin statusunu müəyyən etməyə imkan verən, soyadı, adı, atasının adı, vəzifəsi və fotoşəkli olan lövhəcik olmalıdır.

Kərimova Azadə hansı səlahiyyətlə səsvermə günü seçki məntəqəsinə daxil olur və məntəqə komissiyasının məşvərətçi səs hüququ olan Jalə Bayramovanı vəhşicəsinə döyür? Onu ora kim və nə məqsədlə dəvət edib? Hesab edirəm ki, hüquq mühafizə orqanları bu məsələləri dərindən araşdırmalı və istintaqın gedişində bu suallara da cavab tapmalıdırlar.

Araşdırmalar davam edir, suallar bunlarla bitmir? Yaxın zamanlarda digərlərini də əlaqədar orqanlara ünvanlayacam?

Mətbuat nümayəndələrindən xahiş edirəm ki, bu araşdırmanı dərc edib, imkan tapanda Məzahir Pənahovdan da suallara cavab alsınlar. Eyni zamanda Jalə sevərlərdən xahiş edirəm ki, bu postu mümkün qədər geniş auditoriyada paylaşsınlar.

P.S. Ola bilər ki, sonradan Kərimova Azadənin adını məntəqədə seçki siyahısına əlavə ediblər. Amma bütün bunlar yalnız onu məsuliyyətdən azad etdirməyə yönələn addım kimi qiymətləndiriləcək".
 
Xatırladaq ki, Jalə Bayramova fevralın 9-u keçirilən parlament seçkiləri zamanı Lənkəran-Astara seçki dairəsində fiziki zorakılığa məruz qalıb.
 
MSK sədri Məzahir Pənahov baş vermiş insidentlə bağlı mətbuata verdiyi açıqlamada isə Jalə Bayramovanı vətəndaşı qanunsuz olaraq videoya çəkməkdə günahlandırıb:"Digər xanım müşahidəçiyə xəbərdarlıq edir ki, onu çəkməsin, bu xanım isə çəkməyə davam edib. Belə olan halda mübahisə düşüb və həmin görüntü yayılıb. Sonra bütün dünyaya yayıblar ki, həmin xanımı döyüblər, şikayət ediblər. Bu da bütün dünyaya dezinformasiya yaymaqdır. Çünki vətəndaşın hüququ var ki, kiminsə onu çəkməsini istəməsin. Çəkilən qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Onu çəkən xanımı qanunla cəzalanadıracaqlar. Buna görə də qarşı tərəf qabaqdan gəlmişlik edir, müxtəlif görüntülər yayır ki, guya xanımı döyüblər”.

Qlobal.az
 

 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook