SON XƏBƏR

Qusarda şəhidin məzarı 3 aydır təmir olunmur - FOTO

Yanvar 04
13:57 2021
II Qarabağ müharibəsində şəhid olmuş Orxan İsmayılovun məzarı hələ də təmir olunmayıb. 

Arqument.az xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov sosial şəbəkədə yazıb. 

O bildirib ki, İsmayılov Orxan Qədim oğlu oktaybrın 5-də şəhid olub və Qusar rayonu Həsənqala kəndində dəfn edilib.

Qusar Rayon İcra Hakimiyyəti isə hələ də şəhidin məzarını təmir etməyib.

"Şəhid olmuş İsmayılov Orxan Qədim oğlunun məzarı! Şəhidimiz oktyabr 5-də Qusar rayonu Həsənqala kəndində dəfn edilib! İcra Hakimiyyəti yəqin ki, tender elan olunmasını gözləyir. Yoxsa baş daşı düzəltdirmək bu qədər çətindir?", - deyə jurnalist qeyd edib. 

Müharibədə şəhid olmuş hərbi qulluqçuların dəfn mərazimləri və məzarlarının hazırlanması rayon icra hakimiyyətlərinə tapşırılıb.

Jurnalistin sözlərinə görə, İsmayılovun dəfnindən 3 ay keçsə də, Qusar Rayon İcra Hakimiyyəti heç bir addım atmır. 

Arqument.az Qusar Rayon İcra Hakimiyyətindən məsələyə münasibət öyrənə bilməyib.  
 
Xatırlatma

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook