SON XƏBƏR

Ramin Əhmədov: "Sərt karantin rejimi koronavirusla mübarizədə dönüş nöqtəsi yarada bilər"

İyun 06
00:53 2020
"Dövlətin əsas məqsədi əhalinin sağlamlığını qorumaqdır”

"Sabahdan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda 2 gün ərzində xüsusi karantin rejiminin ən sərt forması tətbiq olunacaq. Əlbəttə ki, sərt karantin rejiminin tətbiq olunmasında əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır. Dövlətin verdiyi qərar düzgündür və bu qərar koronavirusla mübarizədə dönüş nöqtəsi yarada bilər. Çünki bu təcrübə müxtəlif ölkələrdə tətbiq olunub. Koronavirusla mübarizə aparan müxtəlif ölkələrdə bu təcrübənin tətbiqi müsbət nəticələr verib. Bu metodu tətbiq edən ölkələrdə virusa yoluxma hallarında kəskin azalmalar qeydə alınıb”.

Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov 2 günlük sərt karantin rejimin tətbiqi ilə bağlı danışarkən deyib.

Ramin Əhmədov bildirib ki, koronavirusla bağlı sərt karantin rejiminin tətbiq edilməsinin əsas səbəbkarı bilavasitə vətəndaşların özüdür: "Çünki dövlət müəyyən olunmuş qaydalara əməl olunmayacağı təqdirdə vəziyyətin təhlükəli məcraya yönələcəyi ilə bağlı xəbərdarlıqlar edirdi. Amma karantin rejimi biraz yumşalan kimi Operativ Qərargahın müəyyən etdiyi qaydalar arxa plana keçdi. Vətəndaşlar tibbi maskaları çıxardılar, sosial məsafə qaydaları unuduldu, müxtəlif yerlərdə kütləvi toplaşma hallarına yol verildi. Bütün bunlar isə əhalinin sağlamlığını hər şeydən önəmli sayan ölkə rəhbərliyi üçün ciddi siqnal oldu. Nəticədə hökumət müxtəlif ölkələrin təcrübəsindən istifadə edərək sərt karantin rejimi barədə qərar verdi. Bu qərar birmənalı şəkildə əhalinin sağlamlığının qorunması məqsədi daşıyır. Bu qərardan başqa nəticələr çıxarmaq lazım deyil”.

YAP rəsmisi bildirib ki, prezident İlham Əliyev koronavirusla mübarizəyə start verildiyi gündən bəri daim əhalinin sağlamlığının xeyirinə qərarlar qəbul edib: "Əlbəttə ki, ölkə rəhbərliyi iqtisadiyyatın, həyat tərzinin əvvəlki vəziyyətə qayıtmasında, özəl sektorun canlanmasında maraqlıdır. Amma koronavirusla mübarizədə güzəştlər etmək həm əhalinin sağlamlığı, həm də dövlətin təhlükəsizliyi üçün ciddi problemlər yarada bilər. Ona görə də dövlətin qısamüddətli sərt karantin rejiminin tətbiqi ilə bağlı qərarına vətəndaşlar tərəfindən də ciddi əməl olunmalıdır”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook