SON XƏBƏR

Ramiz Mehdiyev Qarabağdan yazdı

İyun 04
12:56 2019
Bu gün "Azərtac” rəsmi dövlət informasiya agentliyi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məqaləsini yayıb. Məqalə 1994-cü il mayın 12-də imzalanmış atəşkəs razılaşmasının 25 illiyinin tamam olmasına həsr edilib. Müəllif məqalədə münaqişənin tarixi köklərini analiz edir, səbəblərini və mümkün həll yollarını araşdırır.

Azərbaycan o vaxt son dərəcə vacib olan bu sazişi bağlayarkən bunu əsas götürürdü ki, cəbhə xəttində hərbi əməliyyatların dayandırılması danışıqlar prosesinin daha da fəallaşdırılması üçün əlverişli şərait yaradacaq və yaxın gələcəkdə münaqişənin siyasi yolla həllinə nail olmağa kömək edəcək.

Lakin Ermənistanın hakim dairələrinin cəmiyyətin radikalmillətçi təbəqələri və diaspor tərəfindən dəstəklənən pozucu siyasəti bu yolda əsas əngəl oldu. Bütün bu illər ərzində regionda sülhə və təhlükəsizliyə ciddi təhdid mənbəyi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu gün də Cənubi Qafqaz ölkələrinin tamdəyərli əməkdaşlığına maneə yaradır»-Ramiz Mehdiyev yazır.

Müəllif qeyd edir ki, siyasi ekspertlərin fikrincə, bu gün dünyamızda gözlənilən hadisələrin proqnozlaşdırılması getdikcə çətinləşir, planetin çox hissələrində risklər, təhdidlər, qanlı münaqişələr artır, barışmaz qarşıdurmalar kəskin xarakter alır və bu vəziyyətin sonu görünmür. "Bir sözlə, birqütblü dünya nizamı gözümüzün qarşısında pozulur. Dünya və regional miqyaslı aktorlar arasında qarşıdurma kəskinləşir, beynəlxalq hüququn əsas prinsipləri pozulur, sülhə və təhlükəsizliyə görə cavabdeh olan beynəlxalq strukturlar fəaliyyət göstərmirlər»,-məqalədə deyilir.

R.Mehdiyev münaqişənin tarixi kökləri haqda bəhs edərək yazır ki, çar Rusiyası və sovet hakimiyyəti tərəfindən iki əsr ərzində həyata keçirilmiş köçürmə siyasəti regionun demoqrafik mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişməsinə gətirib çıxardı. Bu prosesin son akkordu 1988-1993-cü illərdə 250 mindən çox azərbaycanlının Ermənistandan və 700 minə yaxın azərbaycanlının Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması oldu.

"Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə, etnik azərbaycanlılara qarşı həyata keçirilən deportasiya, zor gücünə qovma və soyqırımı siyasətinin məntiqi nəticəsi və növbəti mərhələsi kimi baxmaq lazımdır. Erməni milli ideyasının tərkib hissəsi olan bu iyrənc siyasət Azərbaycanın işğal edilmiş ərazilərində etnik təmizləmələrdən sonra bu torpaqları Ermənistana birləşdirməyə yönəlmişdi»-məqalədə deyilir.

Akademik yazır ki, 1980-ci illərin axırlarında SSRİ-də "yenidənqurma” adı altında baş verən hadisələrə və dağıdıcı proseslərə diqqətlə nəzər saldıqda, qondarma "Dağlıq Qarabağ problemi”nin tamamilə süni mahiyyət daşıdığı aydın olur. Həmin dövrdə SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması nəticəsində Ermənistanın ultramillətçi dairələri, onların Kremldəki və xarici ölkələrdəki havadarları tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycanın tərkibindən çıxarılması və onun Ermənistana inteqrasiya edilməsi üçün əlverişli siyasi zəmin yaradıldı. M.Qorbaçov başqa olmaqla SSRİ-nin ovaxtkı rəhbərliyi öz konstitusion borcunu və vəzifələrini yerinə yetirmək, qanunçuluğu müdafiə etmək əvəzinə erməni millətçilərin separatçılıq səylərinə himayədarlıq yolunu seçdi.

Ramiz Mehdiyev yazır: "M.Qorbaçovun və onun ətrafındakıların cinayətkar hərəkətləri nəticəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tədricən genişlənərək iki xalq arasında tammiqyaslı silahlı qarşıdurmaya çevrildi və sonradan Sovet İttifaqının dağılması prosesinin katalizatorlarından biri oldu. Təəssüf ki, bu faciəli hadisələr başlanan dövrdə Azərbaycanın ovaxtkı kommunist rəhbərləri (K.Bağırov, Ə.Vəzirov, A.Mütəllibov) və Xalq Cəbhəsinin liderləri (Ə.Əliyev (Elçibəy) və başqaları) mövqesizlik, məsuliyyətsizlik və qeyri-peşəkarlıq nümayiş etdirdilər. Dağlıq Qarabağın taleyi unuduldu, daxili çəkişmələr, Azərbaycanda hakimiyyət uğrunda mübarizə ümummilli maraqlardan üstün tutuldu, bu da sonradan Azərbaycan ərazilərinin işğalına xeyli kömək etdi”.

Məqalədə Qaabağ müharibəsinin gedişindən və Ermənistanın Azərbaycan ərazilərini işğal edib orada etnik təmizləmə həyata keçirməsindən geniş bəhs olunur. Atəşkəs razılaşmasının əldə edilməsindən və ondan sonrakı proseslərdən-Minsk Qrupunun vasitəçiliyi ilə danışıqların gedişindən danışılır.

Nəhayət R.Mehdiyev yazır ki, hazırda gündəmdə olan Madrid prinsipləri mahiyyət etibarilə münaqişənin nizamlanmasına doğru mərhələli hərəkət – bir növ "yol xəritəsi”dir. Bu prinsiplər razılaşdırılandan sonra tərəflər sülh müqaviləsi üzərində işə başlaya bilərlər.

Məqalədən sitat: "Madrid prinsipləri çərçivəsində Azərbaycan tərəfinin konstruktiv yanaşması birinci mərhələdə münaqişənin nəticələrinin aradan qaldırılması, yəni, Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş rayonların tədricən azad edilməsi və məcburi köçkünlərin daimi yaşayış yerlərinə qaytarılması deməkdir. Təbii ki, işğal olunmuş ərazilərin azad edilməsi ilə eyni vaxtda Dağlıq Qarabağın erməni icması üçün və işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıdacaq azərbaycanlılar üçün təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər görülməlidir. Azərbaycan Naxçıvana kommunikasiyaların açılması ilə birlikdə Dağlıq Qarabağın Ermənistanla yerüstü əlaqəsinin təmin edilməsi problemini də konstruktiv və beynəlxalq normalar ruhunda nəzərdən keçirməyə hazırdır. Üstəlik, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların azad edilməsinə başlanması sərhədlərin açılması, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması və Ermənistanın regional infrastruktur layihələrinə cəlb edilməsi ilə bağlı digər proseslər üçün də katalizator ola bilər”.

Müəllif əlavə edir ki, rəsmi Bakının yanaşmasında yalnız bu proseslər başa çatandan və qarşıdurmanın kəskinliyi azalandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının bərabərhüquqlu dialoqu çərçivəsində regionun gələcək statusunun müəyyən edilməsi üzrə siyasi-hüquqi proses başlana və yalnız bu proses nəticəsində qəbul edilmiş qərarlar həm Ermənistanda, həm də Azərbaycanda legitim hesab edilə bilər.

"Bu baxımdan, son dərəcə vacib hesab edirik ki, həmsədrlər müvafiq təhlükəsizlik tədbirləri görülməsi müqabilində Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin qeyd-şərtsiz qaytarılmasının zəruriliyini rəsmən etiraf etsinlər”-Ramiz Mehdiyev yazır.

Ramiz Mehdiyev qeyd edir ki, erməni cəmiyyəti firavanlığa və tərəqqiyə aparan yolun uydurma fərqlər, əsassız iddialar zəminində toqquşmalardan deyil, qarşılıqlı fəaliyyətdən keçdiyini etiraf etməlidir. Müəllif bununla bağlı yazır: "Ermənistanın siyasi liderləri, diasporunun rəhbərləri başa düşməlidirlər ki, erməni xalqının və dövlətinin xoşbəxtliyi, firavanlığı və gələcəyi qonşu dövlətlərlə dinc yanaşı yaşama, mehriban qonşuluq ruhunun dəstəklənməsi ilə bağlıdır. Məsələn, Avropanın müharibədən sonrakı təcrübəsi göstərdi ki, müharibə və məhrumiyyətlərə baxmayaraq, ərazi bütövlüyü, dövlətlərin suverenliyi və milli azlıqların hüquqlarının müdafiəsi prinsiplərinə əsaslanaraq sülh əldə etmək olar və bunu etmək lazımdır”.

"Ermənistan rəhbərliyi və erməni cəmiyyəti çoxdan etiraf etməlidir ki, "müstəqil Arsax” məhvi labüd olan perspektivsiz ideyadır, onu həyata keçirmək cəhdi artıq qanlı müharibəyə və hər iki tərəfdən on minlərlə insanın həlak olmasına gətirib çıxarıb. Dərk etməlidir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın geri qalmasının, dərin yoxsulluq içində yaşamasının, ölkədən "beyin axını”nın və ən başlıcası isə Ermənistanın başqa dövlətlərdən dərin asılılığının həm birbaşa, həm də dolayı səbəbidir”, - müəllif vurğulayır.

Ramiz Mehdiyevin sözlərinə görə, bu gün Ermənistan onu da etiraf etməlidir ki, Azərbaycanın işğal edilmiş ərazilərində qurulmuş separatçı rejim Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində mövcuddur. Azərbaycanın işğal edilmiş ərazilərinə məhz Ermənistan nəzarət edir. Avropa İnsan Haqları Məhkəməsinin "Çiraqov və başqaları Ermənistana qarşı” işi üzrə qərarı da bunu təsdiq edir.

Məqalənin tam mətni ilə aşağıdakı keçiddə tanış olmaq mümkündür: https://azertag.az/store/files/2019/iyun/_RAMIZ_MEHDIYEV_MEQALE.pdf
 
(Virtualaz.org)
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook