SON XƏBƏR

Örüş sahələri işğal olunan Ağsu kəndliləri Prezidentə müraciət etdi

Fevral 19
14:02 2021
Ağsu rayonunun Bico kəndində örüş sahələri kənar şəxslər tərəfindən işğal olunub. 

Bu barədə Qaynarinfo-ya kənd sakinləri məlumat verib.

Sakinlərin sözlərinə görə, Bico kəndinin 1000 hektara yaxın örüş sahəsi kənd icra nümayəndəsi Bəhlul Mahmudovun və 71 yaşlı bələdiyyə sədri Mirağa Dadaşovun birgə əməyi nəticəsində kənar şəxslər tərəfindən zəbt olunub. Kənd əhalisi heyvanlarını otarmağa otlaq, eləcə də heyvanlarının qış azuqəsi üçün biçin sahəsi tapmırlar. Dəfələrlə yerli aidiyyatı orqanlara müraciət olunsa da, vəziyyət dözülməz olaraq qalır.

Kənd sakinləri bildirib ki, 71 yaşlı bələdiyyə sədri Mirağa Dadaşov bir az da qabağa gedərək, böyük bir yaşıllıq ərazinin - sumax meşəliyinin məhv olunaraq şəxsi əkin sahəsinə çevrilməsinə şərait yaradıb. Şikayətçilərin sözlərinə görə, 6 saylı Regional Ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları hadisə yerində olublar, lakin problemin həllinə barmaqarası yanaşılıb. 

Bələdiyyə sədri, həm də kəndin örüş yolunu tamamilə bağlatdırıb. Kənd sakinləri bu barədə kənd icra nümayəndəsinə və bələdiyyə sədrinə dəfələrlə etiraz etsələr də, problem həll olunmayıb. Əvəzində kənd rəhbərləri "Bizim arxamızda Füzuli Kərimov dayanıb! Heç kim bizə bata bilməz!" deyərək sakinlərə hədə-qorxu gəlir.

Füzuli Kərimov hazırda Ağsu rayon İcra Hakimiyyəti başçısının birinci müavinidir. Qorxu altında saxlanan Bico kənd sakinləri ümidlərini Prezident İlham Əliyevə bağlayıblar. "Möhtərəm Prezident! Sizdən xahiş edirik, bizim torpaqlarımızı yerli işğalçıların əsarətindən qurtarın! Azərbaycanın bütövlüyü uğrunda oğullarını qurban vermiş və buna həmişə hazır olan bir kəndin öz torpaqlarına sahib çıxmasına yardımçı olun! Bizim məqsədimiz bu dövlətin suverenliyi yolunda xidmət etmək, gələcəyimizin işıqlı olmasına zəhmətlə çalışmaqdır. Səsimizə səs verin, cənab Prezident”, - deyə sakinlər ölkə başçısına xitabən bildirib.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook