SON XƏBƏR

Rüşvətə görə həbs olunan hakim özünü təqsirli bilmir

İyul 29
16:44 2019
Şəki Ağır Cinayətlər Məhkəməsində Zaqatala Rayon Məhkəməsinin keçmiş hakimi Arif İsmayılov, onun məsləhətçisi Şahid Allahverdiyev və Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək ittiham aktını elan edib.
Hər 3 şəxs özünü təqsirli bilməyib.

Məhkəmədə sərbəst ifadə verən keçmiş hakim Arif İsmayılov ittihamları qəbul etmədiyini və heç kimdən rüşvət almadığını, hətta belə bir tələbinin olmadığını bildirib.

Digər təqsirləndirilən şəxslərdə ittihamları qəbul etməyiblər.

Proses avqustun 1-də davam edəcək. 

Qeyd edək ki, qanunvericiliyin tələblərini kobud pozmasına və korrupsiyaya şərait yaradan hallara görə səlahiyyətlərinə xitam verilən Zaqatala Rayon məhkəməsinin hakimi Arif İsmayılov barədə materiallar Məhkəmə-Hüquq Şurasının qərarına əsasən, cinayət xarakterli korrupsiya halına hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Materiallar üzrə cinayət işi başlanıb və istintaqın gedişində Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb etmələri müəyyən edilib.

Bununla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən A. İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Ş. Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu iş üzrə Vəkillər Kollegiyasının üzvü olmuş Məmməd Yaqubova da ittiham verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. (APA)
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook