SON XƏBƏR

Şamaxı sakini: Bizi işsizliklə, aclıqla, streslə məhv edirlər

Avqust 01
00:20 2020
Araşdırsalar, görərlər ki, işçi kimi müqavilə bağladıqları adamların çoxu heç rayonda yoxdur”

"İki ildir ki, bir MMC yaradıblar, guya bu yolla işsizliyi aradan qaldıracaqdılar, şəxsən işsiz vətəndaş kimi o MMC mənə uzun-uzadı müraciətlərimdən sonra bu ilin aprelində iki aylıq dezinfeksiya işləri görməkdən başqa normal bir iş təklif etmədi. Ancaq işə ehtiyacı olmayan xeyli adamın adına müqavilələr düzəldib, maaş kartları açıb büdcədən pul oğurlamaqla məşğuldular”.

Qlobal.az xəbər verir ki, bunu Meydan TV-yə Şamaxı sakini Dadaş Dadaşov deyir.

Dadaş Dadaşov həm traktorçudur, həm də 4-cü dərəcəli elektrik ustasıdır. İllərdir ki, peşəsinə uyğun işlə təmin olunmaq üçün Şamaxı rayon Məşğulluq Mərkəzinə müraciət edir. Ancaq ona uyğun iş verilmir. İki il əvvəl sosial layihə çərçivəsində DOST İş Mərkəzi yarananda o da sənədlərini rayondakı Məşğulluq Mərkəzinə növbəti dəfə təqdim edib. Ancaq deməsinə görə, ona küçəni süpürmək təklif olunub.

"Peşəkar işsiz, peşəsi olmayan isə iş başında...”

"Hər dəfə məndən peşəmə dair sənədlərimi istəyiblər, ancaq süpürgəçi işi veriblər. Hər dəfə də söz veriblər ki, müvəqqəti süpürgəçilik et, öz peşənə uyğun iş də olacaq. Məcburiyyətdən təklif etdikləri işlərə razılıq verib işləmişəm. Bu ilin aprelində isə iki aylıq dezinfeksiya işlərinə qoşdular. Binalarda dezinfeksiya işləri gördüm. O iki ay başa çatandan bəri yenə işsizəm. Halbuki, virus hələ də tüğyan edir və dezinfeksiya işlərinə ehtiyac var, ancaq bizimlə dezinfeksiya işlərini görmək üçün müqaviləni uzatmadılar. Əlində sənəti, peşəsi olmayan adamlar var ki, Şamaxı Elektrik Şəbəkəsində, Qaz İdarəsində normal işlə təmin olunublar. Belə işlərə yalnız öz qohumlarını, dostlarını yönləndirirlər. İşləri öz ətraflarındakı adamların arasında paylaşdırırlar”, - şikayətçi deyir.

"Adlarına müqavilələr tərtib olunur, maaş kartları açılır”

Dadaş Dadaşov deyir, Şamaxıda DOST İş Mərkəzi tərəfindən azı 500 nəfərlə müqavilə bağlanıb, ancaq onlardan heç 100 nəfəri real işçi deyil:

"Araşdırsalar, görərlər ki, işçi kimi müqavilə bağladıqları adamların çoxu heç rayonda yoxdur. Ancaq adlarına müqavilələr bağlanıb, maaş kartları açılıb, hər ay da o kartlara maaş vurulur, o maaşı da özləri götürür. Həqiqətən ehtiyacı olanlara isə iş verilmir. Prezident çıxışında deyir ki, dövlət xalqındır, ancaq elə deyil. Bu dövlət xalqın olsa, xalq da bu dövlətin çörəyini yeyər. Məmurlar kasıb zümrəyə zülm edirlər, aclıq, stress insanların ömrünü yarıda qoyur”.

"Xəstəm var, müalicə ala bilmir”

Dadaş Dadaşovun həyat yoldaşı xəstəlikdən əziyyət çəkir. Deyir ki, maddi imkansızlıqdan müalicəsi ilə məşğul ola bilmir:

"Dolanışığımız olduqca ağırdır. Yoldaşımı heç müayinədən keçirməyə belə maddi imkanımız yoxdur, müalicələrdənsə danışmağa dəyməz. Kommunal borclar üst-üstə yığılıb, ödəyə bilmirik, hər gün işıq, qaz idarəsinin işçiləri gələrək qazı, işığı kəsəcəkləri ilə hədələyirlər. Bu da bizə əlavə stress yaşadır”.

Məşğulluq Mərkəzi iddiaları qəbul etmir

Şamaxının Məşğulluq Mərkəzindən bildirilib ki, "DOST İş Mərkəzi” MMC heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işsizləri cəlb edir. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və sair daxildir. Mərkəz Dadaş Dadaşova da ödənişli ictimai işlərdə çalışmağı təklif edib, o, bu işlərdə işləyib. Müraciət etsə, ödənişli ictimai iş yerləri yarandıqca, yenə işlə təmin olunar. Məşğulluq Mərkəzi Dadaş Dadaşovun "adı işdə, özü rayondan kənarda” iddiasını da qəbul etmir. Mərkəzdən o da bildirilib ki, pandemiya ilə əlaqədar Prezident İlham Əliyevin tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayı artırılıb. Yeni yaradılan ictimai iş yerləri əsasən dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi, eləcə də abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq və sair kimi sahələri əhatə edir.

"DOST” İş Mərkəzi MMC 2 il əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılıb. Mərkəz əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlər təşkil etməlidir. Ancaq indiyədək Meydan TV-yə müraciət edən xeyli vətəndaş həmin mərkəzin fəaliyyətindən narazılığını bildirib. Narazılığa səbəbsə təklif olunan işlərin əsasən küçə təmizliyindən ibarət olmasına görədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook