SON XƏBƏR

Saxta sənədlə mənzil satan MTK sədri azadlıqda

Avqust 07
17:00 2019
Bakıda dələduzluq və vəzifə saxtakarlığı etməkdə təqsirləndirilən şirkət rəhbəri Elşən Rüstəmovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Qlobal.az Unikal.org-a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Rüstəmovun kassasiya şikayəti təmin edilib və birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv olunub.

Məhkəmə onun cinayət işi üzrə icraata xitam verib. E.Rüstəmov dərhal cəzaçəkmə müəssisəsindən azad olunub.

Qeyd edək ki, E.Rüstəmov öz qulluq mövqeyindən istifadə edib, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq edib və tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək, təkrarən, vəzifə saxtakarlığı törədib.

Belə ki, 2006-cı ildən 196 saylı Mənzil Tikinti Kooperativinin (MTK) sədri vəzifəsində işləyərkən Yasamal rayonu ərazisində yerləşən mənzili razılaşma protokoluna əsasən, "Avangard İnşaat" MTK-ya verilməsinə baxmayaraq, mənzilin həmin MTK-ya məxsus olduğunu bildiyi halda, bunu alıcıdan gizlətməklə, 2011-ci ildə Yusif Abbasova 26 min 500 manata qanunsuz satıb.

Bundan başqa, o, həmin binanın digər mənzilini hazırladığı saxta sənədlərlə Səkinə Məmmədovaya 70 min 450 manata

Həmçinin E.Rüstəmov Vasil Rəhimova qarşı da dələduzluq edib.  

Yasamal Rayon Məhkəməsinin hökmü ilə ona 6000 manat miqdarında cərimə cəzası verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, apellyasiya protesti isə qismən təmin olunub, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Hökmə əsasən, E.Rüstəmov 2 il müddətinə azadlıqdan məhrum edilib və ona 2000 manat cərimə olunub. E.Rüstəmov məhkəmə zalından həbs edilib. Daha sonra məhkumun müdafiəçisi kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook