SON XƏBƏR

Siyahıyaalınmanın nəticələri sosial-iqtisadi islahatları daha da sürətləndirəcək

Oktyabr 05
13:42 2019
Prezident İlham Əliyevin "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” 2016-cı il 7 sentyabr tarixli fərmanı oktyabrın 1-dən uğurla icra olunur. Bu mühüm siyasi və sosial-iqtisadi tədbir bu ayın 10-dək davam edəcək, siyahıyaalınmanın nəticələri isə ölkəmizin gələcək inkişaf strategiyasının hazırlanmasında prioritet əhəmiyyət daşıyan əsas məlumat bazasına çevriləcək. YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq Arzuman Muradlının fikrincə, BMT-nin tövsiyələrinə uyğun şəkildə 10 ildən bir reallaşdırılması nəzərdə tutulan əhalinin siyahıyaalınması respublikamızda demoqrafik inkişafın bir sıra mühüm istiqamətlərini öyrənməyi şərtləndirir. Başqa sözlə, bu proses vasitəsilə ölkə vətəndaşlarının bütün sosial-iqtisadi, coğrafi-demoqrafik məlumatları toplanılaraq, ümumiləşdirilir. 

Politoloqun sözlərinə görə, 10 il bundan əvvəl keçirilən siyahıyaalınmadan ötən müddətdə baş verən ictimai-siyasi və iqtisadi proseslər, şübhəsiz ki, demoqrafik vəziyyətə də təsir göstərib, əhalinin sayına, yerləşməsinə, sosial-iqtisadi, cins-yaş və digər əlamətlər üzrə tərkibinin dəyişməsinə səbəb olub. Bu baxımdan indiki siyahıyaalınmada da demoqrafik vəziyyətin öyrənilməsi ilə əhali haqqında dolğun məlumatlar əldə ediləcək, həmin məlumatlardan isə müvafiq hesablamaların aparılmasında və proqnozların hazırlanmasında, eləcə də elmi-praktik işlərdə, habelə təsərrüfat fəaliyyətində istifadə olunacaqdır.

Yeri gəlmişkən, burada bir məqamı da xatırlatmaq istərdim. Son 10 ildə siyahıyaalınma məlumatlarına əsasən, ölkədə 10 milyon əhali var. Bu müddət ərzində ölkə əhalisi 1 milyon 84 min 500 nəfər çoxalıb. Müsbət dinamika nikah sayında da müşahidə olunub. 10 il ərzində nikahlar 11,4 faiz artıb. Ana ölümü 12,3 faizdən 11,1 faizədək, uşaq ölümü 14,3 faizdən 14,1 faizədək azalıb.

Hesabat dövründə miqrasiya göstəriciləri üzrə də müsbət dinamika qeydə alınıb. Xaricdən qayıdanların sayı, ölkəni tərk edənlərin sayından çoxdur. Bu fərq 14 500 nəfər təşkil edir. Bununla yanaşı, hazırda ölkə əhalisinin 52,8 faizi şəhərdə, 47,2 faizi kənddə yaşayır. Əhali sakinliyində belə göstəricilər onu deməyə əsas verir ki, 2009-cu il siyahıyaalınmasından ötən müddətdə kənd yaşayış məntəqələrində yüksək rifah şəraitində yaşayış üçün zəruri tədbirlər həyata keçirilib. Yolların abadlaşdırılması, qaz və elektrik enerjisi ilə təminat, yeni təhsil, səhiyyə, mədəniyyət obyektlərinin istifadəyə verilməsi, xidmət mərkəzlərinin salınması, müasir rabitə və poçt xidmətlərinin təşkili, əhalinin məşğulluğu üçün müxtəlif layihələrin reallaşdırılması, kiçik və orta sahibkarlığın, o cümlədən ailə təsərrüfatlarının inkişaf etdirilməsi üçün lazımi şərait yaradılıb.

Arzuman Muradlı söhbətinin sonunda bildirdi ki, ötən siyahıyaalınmadan keçən dövr ərzində bu kimi tədbirlərin həyata keçirilməsi davamlı xarakter daşıyıb, əhalinin sosial rifahı daha da yüksəlib. Bu mənada, yeni keçirilən siyahıyaalınmada daha çox müsbət meyillərin müşahidə olunacağını indidən əminliklə söyləmək mümkündür. Budəfəki siyahıyaalma əhalinin sayı, yerləşməsi, cins və yaş tərkibi, ailə vəziyyəti, təhsil səviyyəsi, ana dili və sərbəst danışdığı digər dillər üzrə bölgüsü, gəlir mənbələri, iqtisadi fəallığı, məşğulluğu, sağlamlıq imkanlarının məhdudluğu, əhalinin ölkədaxili və ölkələrarası hərəkətinin (miqrasiyanın) səbəbləri, iqtisadiyyatın sahələri və məşğulluq statusuna görə bölgüsü, ev təsərrüfatlarının sayı və tərkibi, mənzil şəraiti və sair haqqında məlumatların əldə edilməsinə şərait yaradacaq. Bir sözlə, bu sosial tədbir respublikamızda demoqrafik inkişaf mənzərəsini geniş şəkildə canlandırmaqla bərabər, yeni vəzifələrin müəyyənləşdirilməsinə öz töhfəsini verəcək.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook