SON XƏBƏR

Statistika Komitəsi: Ölkədə 297,8 min nəfər işsiz var

May 27
00:41 2020
"Rəqəmlərin azaldılması Statistika Komitəsinin şikəst orqanizmə çevrildiyini göstərir”

Dövlət Statistika Komitəsi (DSK) may ayının əvvəlinə olan işsizlərin sayını açıqlayıb. 

Hesabata görə, ölkədə 297,8 min nəfər rəsmi işsiz var.

İqtisadçı Nemət Əliyev düşünür ki, ölkədə təkcə koronavirus pandemiyası dövründə 600 min insana işsizlik müavinəti verilib. Nə qədər adam qeydiyyatdan keçə bilmədiyi üçün birdəfəlik ödəməni ala bilməyib. Bu, 297 min nəfər işsiz olması ilə bağlı rəsmi statistikanı şübhə altına alır: "Ölkədə 600 min nəfər həddində işsiz olması dövlət başçısı, Nazirlər Kabinetinin sədri və Nazirlər Kabinetinin qərarı səviyyəsində təsdiqlənib. Özü də nə qədər işsiz insan bu müavinətdən kənarda saxlandıqdan, "kəsib-doğrandıqdan” sonra həmin qərara əsasən, 600 min nəfər işsizə birdəfəlik 190 manat müavinət verilib. Bu da ölkədə azı 600 min nəfərin işsiz olmasının təsdiqidir”.

Nemət Əliyev düşünür ki, komitənin ölkədə işsiz sayını 297,8 min nəfər həddində göstərməsi təsadüfi deyil. Üstəlik, aprel ayında məlum oldu ki, işsizlyin səviyyəsi minimum 600 min nəfərdir: "İşsiz sayının da 600 min nəfər olmasını hökumət söyləyir. Bu rəqəmin özü də reallığı əks etdirmir. Hesablamalarımıza görə, ölkədə işsiz sayı 1 milyon nəfərdən çoxdur. 600 min nəfər rəqəmini hökumət özü elan etdiyi üçün önə çəkirik”.

Nemət Əliyev deyir ki, böyük ehtimalla komitənin rəsmi işsiz sayını 297,8 min nəfər göstərməsinin bir səbəbi də işsizlik səviyyəsinin yüksək olması faktını rəsmi hesabatlara salmaq istəməmələridir: "Rəsmilərin fikrincə, ölkədə işsizlik hələ də 5-6 faizdir. Çox güman ki, postpandemiya dövründə də "ölkədə 5-6 faiz işsiz var”, - deyə bilmək üçün işsizlərin çox olduğunu etiraf etmək istəmirlər. Komitə öz hesabatında 600 min nəfərə müavinət verilməsini təsdiq etsə, bu, 11-12 faiz işsiz edir. Sadəcə həmin böyük rəqəmi rəsmi hesabata daxil etmək istəmirlər”.

İqtisadçı deyir ki, həm də 600 min şəxs işsiz kimi qeydə alınsa, hökumət onlara işsizlik müavinəti verməyə məcburdur: "Fikrimcə, ikinci səbəb də budur ki, bu şəxslərə işsizlik müavinəti vermək istəmirlər. 2019-cu ilin sonuna ölkədə işsizlikdən sığorta müavinətinin həcmi haradasa 290-300 manata yaxın olub”.

Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov isə mövzu ilə bağlı "Turan” İnformasiya Agentliyinə deyib ki, 600 min işsizin hamısı işsiz deyil: "Bura həm işsiz əhali, həm aztəminatlılar, həm də qeyri-formal əməklə məşğul olmuş şəxslər də daxildir. Prezident həmin 200 min işsizə verilən müavinətin əhatə dairəsini 600 min nəfərə qaldırdı. Odur ki, bu 600 min nəfərə işsizlərlə yanaşı həm aztəminatlılar, həm də qeyri-formallar daxil edildi. Belə deyək ki, pandemiya ilə bağlı müvəqqəti tətbiq edilən karantin dövründə qazancından məhrum olan şəxslər də bu əhatəyə aid olundu”.

297,8 min işsizə gəlincə, Yusif Yusifov deyir ki, ölkədə 297,8 min nəfər işsiz olması ilə bağlı statistika Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyası əsasında hesablanıb. Burada üç meyar əsas götürülüb: "Birinci, son bir ay ərzində heç bir yerdə işləməyən, eləcə də qazanc, gəlir gətirən bir işi olmayanlar. İkinci, müayinə keçirilən dövrdə gəlir gətirən, qazanc əldə edən işi olmayanlar və aktiv iş axtaranlar. Üçüncü, iş təklif olunduğu halda, yaxın iki həftə ərzində işə başlamağa hazır olanlar işsiz sayılır. Hər üç meyara eyni vaxtda cavab verildiyi halda belə, şəxslər BƏT metologiyasına görə işsiz hesab edilirlər”.

Nemət Əliyev isə bildirir ki, rəsmi statistikada rəqəmlərin azaldılması dövlət adına fəaliyyət göstərən bir Komitənin yıprandığını, şikəst orqanizmə çevrildiyini göstərir: "Heç cansız yapon robotları da bu dərəcədə rəzalətə imza qoymazdı ki, bizim Statistika Komitəsi rəhbərliyi bu rüsvayçılığa imza atıb. İri işsizlər ordusunun sürətli axını ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəhəng elektron qeydiyyat sistemi bu ilin aprelində çöküb. Nazir Sahil Babayevin təşkilatçılığı ilə işsizlərin ünvanına göndərilən "intellektual” - cavabların şəninə ölkəboyu saysız-hesabsız lətifələr də qoşulub. İşsizlər ordusunun qeydiyyat məqsədi ilə hərəkətə keçməsi bütün ölkəni silkələsə də, Statistika Komitəsinin telini belə tərpədə bilməyib. O "298 min işsiz” - söhbətini haradan və necə ortaya çıxardıqlarını kimsə bilmir”.

Meydan.tv



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook