SON XƏBƏR

Tarixin optimizm yolları: Sələflərdən xələflərə

May 23
14:38 2021
ƏBÜLFƏT PƏLƏNGOV
Pedaqogika elmləri doktoru, professor

Qoca Şərqin böyük mütəfəkkiri Arif Ərdəbili yazır ki, "Ey qələm! Çalış fikir dənizindən yeni-yeni incilər çıxarasan. Sən şəkər verən qamışdan bununla seçilirsən ki, şəkər yerinə gövhər saçırsan. Özü də sənin məhsulun şəkərdən qat-qat şirindir”. Bu mənada, mütəfəkkirlərin fikir dənizindən yeni-yeni incilər tapıb çıxaran Kamal Camalovun tədqiqat dairəsi genişdir. Onun fikri sadə, sözü tam və inandırıcı, fəaliyyəti isə gərgin və məhsuldardır. Bu fikri onun "Azərbaycan romantiklərinin maarifçilik ideyaları”, "Həzrəti Əlinin elm və tərbiyə haqqında ideyaları”, "Valideyn-övlad münasibəti məsələləri Şərq mütəfəkkirlərinin gözü ilə”, "Hüseyn Cavid və məktəb”, "Mollanəsrəddinçilər və ailə-məktəb problemi”, "Mollanəsrəddinçilərin maarifçilik ideyaları”, "Ömər Faiq Nemanzadə yaradıcılığında maarifçilik ideyaları”, "Yusif Vəzir Çəmənzəminli yaradıcılığında maarifçilik ideyaları” və s. adlı dərslikləri, dərs vəsaitləri, monoqrafiyaları və 500-dən artıq elmi-pedaqoji yazıları da təsdiq edir. Bu sanballı əsərləri ilə Kamal müəllim Azərbaycan məktəb və pedaqoji fikir klassiklərinin, maarifpərvərlərinin pedaqoji ideyalarını tədqiqata cəlb etmiş, onların xalq maarifi, məktəb təhsili, təlim-tərbiyə ilə bağlı fikirlərini təhlil etmişdir. Gənc nəslin tərbiyəsində həmin irsin əhəmiyyətini üzə çıxarmış və bu günümüz üçün əhəmiyyətli olan elmi müddəalar irəli sürmüşdür.

Azərbaycan Respublikasının əməkdar müəllimi Kamal Camalovun apardığı tədqiqatlar, yazdığı kitablar təsdiq edir ki, K.Camalov məktəb və pedaqoji fikir tarixinin tanınmış gənc tədqiqatçısıdır və bir gənc tədqiqatçı kimi tarixi mənbələrə istinad edərək dəqiq və düzgün yazmağa üstünlük verir. Elmi həqiqətin meyarı hesab edir və elmi fəaliyyətində bu meyara sadiq qalır. Ümumiləşdirmələrlə zəngin olan bu əsərlərdə xalqımızın mənəvi yaddaşını, vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik, humanizm barədə düşüncələrini, milli-mənəvi dəyərləri, pedaqoji fəaliyyətin hərəkətverici qüvvəsinə çevirmək onun tədqiqatçılıq fəaliyyətinin başlıca meyarı olmuşdur.

Tədqiqatçı "Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” adlı dərs vəsaitində sələflərin və xələflərin milli-mədəni irsə qayğıkeş münasibətindən, gənc nəsli əxlaq və əxlaqi görüşlər ilə, məktəb və pedaqoji fikir tarixi ilə yaxından tanış etməyin əhəmiyyətindən bəhs edir. Vəsaitdə qeyd olunur ki, böyük mütəfəkkirlər ötüb keçənlərə deyil, dünəndən bu günə baxmış, sanki dünəni bugünləşdirmiş, dünənə bu günün çalarlarını əlavə edərək sabaha aparmış, əbədiləşdirmişlər. Söz xiridarlarının həyat yoluna və zəngin ədəbi-pedaqoji irslərinə dərindən nüfuz etdikcə, onların yaradıcılığı ətrafında tədqiqat və tapıntılar genişləndikcə görürük ki, öyrənilməmiş problemlər daha bariz, daha qabarıq şəkildə nəzərə çarpır. Sələflərin (Həzrəti Əli (ə.), Balasaqunlu Yusuf, Xaqani Şirvani, Nəsirəddin Tusi, Marağalı Əvhədi, Fəzlullah Nəimi və b.) və xələflərin (Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Nəcəfbəy Vəzirov, Məhəmmədağa Şahtaxtlı, Firidun bəy Köçərli və b.) çoxcəhətli pedaqoji-ictimai fəaliyyətlərində elə məsələlər, elə problemlər vardır ki, bunlara indiyə qədər ya heç toxunulmamış, yaxud da ötəri və ya ümumi şəkildə bəhs olunmuşdur. Görkəmli maarifçi və pedaqoqlarla bağlı xarici ölkələrdə də çoxlu kitablar və məqalələr yazılmışdır. Ayrı-ayrı məqalələrdə böyük mütəfəkkirlərin təlim və tərbiyə məsələlərinin araşdırılmasına da təşəbbüslər göstərilmişdir. Lakin yenə də böyük ideya sahiblərinin fəaliyyətlərinə, o cümlədən, məktəb və maarif, tərbiyə və əxlaq məsələləri haqqında olan görüşlərinin tədqiqinə hələ də zəruri ehtiyac duyulur.

Bu zəruriliyə ehtiyac duyulduğunu hiss edən Kamal Camalov dərs vəsaitində sələflərin və xələflərin pedaqoji görüşlərini sistemləşdirmiş, ümumiləşdirmiş və müasir məktəb təcrübəsində istifadə imkanlarını üzə çıxarmaqla mənəvi ədalətsizliyin təsvirini, mənəvi-əxlaqi kamilliyə və insani davranışa çağırışı, əxlaqi keyfiyyətlərin təbliği, vətənpərvərlik, humanizm, ailə tərbiyəsi, islam əxlaqı və ümumbəşəri dəyərlər ilə bağlı fikirləri araşdırmışdır.

İnanıram ki, bu kitab gələcəkdə məktəb və pedaqoji fikrin inkişafı tarixində pedaqoqların yeri və rolunun təhlili kimi dərslik və dərs vəsaitlərinin hazırlanmasında mühüm əhəmiyyət kəsb edəcəkdir. Çünki "Pedaqoji-psixoloji fikrin inkişafı sələflərdən xələflərə” adlı əsərdə tarixi-pedaqoji prosesin, elmi-nəzəri fikrin tədqiqi yeni konsepsiya əsasında tədqiqə cəlb olunur.

Maraqlı cəhətlərdən biri də budur ki, Kamal Camalov tərəfindən pedaqogika tarixinin öyrənilməsində pedaqoq və maarifçilərin fəaliyyəti aşkara çıxarılır, tərbiyə və təhsilin təşəkkülü, inkişafı və deformasiyasının səbəbləri müəyyənləşdirilir, pedaqogika elminin təşəkkülü və inkişaf tarixinin yeni dövrləşməsi verilir, pedaqoji tənqid tarixinin yaradılmasına təşəbbüs göstərilir, pedaqoji görüşləri tədqiqdən təcrid olunmuşların (Balasaqunlu Yusifin, Xaqani Şirvaninin, Fəzlullah Nəiminin və b.) yaradıcılığı yeni baxış, yeni ideya süzgəcindən keçirilir.

Azərbaycan məktəb və pedaqoji fikir tarixinin gənc tədqiqatçısı və layiqli təbliğatçısı, pedaqogika elmləri doktoru, əməkdar müəllim, ictimai-siyasi xadim, dosent Kamal Camalova öz təbirincə desəm bəşəri nemət olan cansağlığı, yeni-yeni axtarışlar, sanballı əsərlər yaratmaq işində uğurlar arzulayıram.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook