SON XƏBƏR

Tənha şair - inkarçı Xudayi...

Mart 05
23:10 2021
İbrahim Xudayi - bu imza çoxlarına sosial şəbəkələrdən tanışdır. Satirik şeirləri ilə gündəmə gələn şair Salyanda 104 saylı yataqxanada tək-tənha yaşayır. 

Bu, təkcə şair yalnızlığı deyil, həm də taleyin ona biçdiyi ömür yoludur. Bəlkə, buna görə həm dünyada, həm də təkotaqlı yataqxana hücrəsində özünü qonaq sayır. Bəlkə, buna görə "İlahi, qapına qonaq gəlmişəm" şeirində belə yazır:

- Bir əsrin yükünü bir gündə çəkdim, 
Həyata hər kəsdən qabaq gəlmişəm...

Onun şeirlərində "Bəlkə, heç Allah da yoxdur" ifadəsi də bu tənhalıqdan doğan yaradıcı bir üsyandır…

HAŞİYƏ: Xudiyev İbrahim Xudaverdi oğlu 1990-cı il dekabrın 22-də Salyan şəhərində doğulub. 

İbrahimdən  4 il sonra qardaşı Nurlan dünyaya gəlib. Bir il sonra ailə dağılıb: "Atam anamı qaçırıb Çuxanlı kəndinə aparmışdı. İkinci ailəsi olduğumuz üçün evdə söz-söhbət səngiməzdi, hər gün narazılıq vardı deyə ayrılmalı oldular. Elə o vaxtdan da çətin günlərimiz başladı. Bizi süpürgəçiliklə böyüdən anamızın ən böyük arzusu ali təhsil almağımız idi. Alınmadı, əlacsız qalıb 1999-cu ildə Salyana qayıtdıq. İcra Hakimiyyəti kimsəsizlərin sığındığı 104 saylı yataqxanada bizə birotaqlı mənzil verdi". 

Anası Babacanlı kəndinin imkanlı şəxslərindən birinin, el arasında "milyoner Əşrəf" kimi tanınan Əşrəf Quliyevin qızı olub. Amma evli kişiylə qaçdığına görə bütün ailəsi ondan üz döndərib. Amma ilk vaxtlar atası ildə 5-6 dəfə onlara baş çəkərmiş. 

Taleyin daha bir zərbəsi - anası xərçəng xəstəliyinə tutulması İbrahimin həyatını alt-üst edib. Elə həmin il, yəni 2007-də sınaq imtahanlarında 648 bal toplayan, hüquqşünas olmaq istəyən gəncin arzusu anasının xəstənməsi səbibilə gerçəkləşməyib. 

2012-ci ildə - anasını itirəndən sonra İbrahim sənədlərini Salyandakı peşə liseyinə verib. Əsgərlikdən yenicə qayıtmış qardaşı Nurlansa Bakıya - dostunun yanına işləməyə gedib. 

2014-cü ilin iyun ayında İbrahim səhəri qəfil və acı bir xəbərlə açıb: qardaşının elə həmin dostu tərəfindən qətlə yetirilməsi xəbəri ilə. 

İnkarçı oğul... 

Tək qalmış gənc Salyanın Noxudlu kəndinə - atasının yanına gedib, 3 il orda yaşayıb. Atası onu inkarçı fikirlərindən çəkindirməyə çalışdığı üçün İbrahim yenidən təkliyi seçməli olub: "Deyirdi ki, sən hər şeyi inkar edirsən, sənə görə hamı məndən inciyir, hamı mənə pis baxır. Ona görə də təkrar Salyana qayıtdım". 

"Birinci həyat yoldaşından bir oğlu, iki qızı var. Həm özüylə, həm qardaşım və bacılarımla görüşmək istəyirəm, amma məni qəbul etmirlər. Arada atamla telefonla danışırıq. Görünür, bu da mənim taleyimdir", - İbrahim Xudayi belə deyir. 

O vaxtdan Salyandakı 104 saylı yataqxananın təkotaqlı hücrəsində yaşamağa davam edən İbrahimi rayonda keçirilən kütləvi mədəni tədbirlərə dəvət ediblər, müxtəlif tamaşalarda rol alır, ədəbi dərnəklərdə iştirak edib. 

Sonra iş üçün İcra Hakimiyyətinə müraciət edib: "İcra başçısı Sevindik Hətəmovun tapşırığı ilə rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyində işə götürüldüm. Hazırda yol kənarında təmizlik işlərinə baxıram". 

31 yaşı olsa da, İbrahim hələ evlənməyib: "Anam öləndən sonra qadına münasibətim dəyişdi. İnanmadım ki, hansısa bir qadın anamdan sonra məni xoşbəxt edə bilər. Bu mövzuda danışmaq belə istəmirəm, anamdan sonra qadın mövzusu mənimçün bağlandı".

İnkarçı necə Xudayi oldu? 

"Xudayi” təxəllüs deyil, İbrahimin baba soyadıdır. Babası Cənubi Azərbaycandan imiş, Salyana 1946-cı gəlib. Xudayilər Pişəvəri Hərəkatının fəal iştirakçılarından olduqlarına görə repressiyalara məruz qalıblar və nəticədə ölkəni tərk etmək məcburiyyətində qalıblar. 

Ədəbi yaradıcılığa İbrahim 2003-cü ildən başlayıb. Dediyinə görə, ilk şeirini 4-cü sinifdə oxuyanda yazıb, hətta müəlliminə də oxuyub, amma o vaxt yazdıqlarını üzə çıxarmayıb. 

"Elə indi də çəkingənəm, zəng edib müsahibə istəyirlər, danışmaq istəmirəm. Özümü təqdim etməkdən bir az utanıram", - deyir İbrahim Xudayi. 

Əslində, ondan müsahibə almaq mənə də o qədər asan olmadı - suallarımı təbəssümlə qarşılayıb: "Bu lazım deyil e, qardaş", - deyə bəzilərindən yayınmağa çalışdı. 

İbrahimin şeirlərini əsasən "Azərbaycan Ateistlər Birliyi" adı "Feysbuk" səhifəsi yayır.

"Ateistlər ancaq özlərinə sərf edən şeirləri yayırlar. Mən yaradılışa inanıram, amma belə deyirəm: yaradan insandır, Allah da özünü insanda tapır, insandan asılıdır. Metafizikanı qəbul edirəm, amma dini kitablarda yazılanlara inanmıram. Çünki Allah özü də insandan asılı yaşayır, insan olmasa, Allah kimə allahlıq edər. Atestlərsə bunu öz düşüncələrinə görə paylaşırlar". 

İbrahim deyir ki, satira onun üçün ən yaxşı özünüifadə formasıdır: "Tək yaşayıram, fikirlərimi kiminləsə bölüşə bilmirəm, ona görə də ictimai-siyasi şeirlərimi cəmiyyətlə paylaşıram. Haqsızlıqlara dözə bilmirəm, nəyi həqiqət kimi qəbul edirəmsə, onu da deyirəm, deyəcəyəm də. Çünki mən öz inandığım həqiqətə tapınmaq istəyirəm. Son günlər paylaşdığım "Ata olmaq istəyirəm", "Bu polisdir" satiralarım da elə bu həqiqətlərin ifadəsidir". 

Satira, yoxsa başağrısı…

Yazdığı şeirlərə görə İbrahim bəzən qınağa və təzyiqə məruz qalır. Mənim zəngim belə hallardan birinə tuş gəlmişdi: polis bölməsindən çıxıb taksiylə evə gedirdi. Onu şeirlərinə görə çağırıblarmış. Orda İbrahimə "Şairsən, get güldən, çiçəkdən yaz” deyiblər.

"Mən heç bir partiyanın üzvü deyiləm, ictimai birliklərə də qoşulmuram. Mənə görə hər kəs öz həqiqəti ilə yaşamalıdır. Görürəm, haqsızlıqdır, yazıram, deyirəm". 

İbrahim Xudayi uzaqda yaşamır, Salyandadır. Orada "sal yanır" və tənha bir şair yaşayır... 

Şəmşad Ağa
Toplum TV



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook