SON XƏBƏR

“Türkiyənin səsi” radiosunda gürcü redaksiyasını quran azərbaycanlı

Oktyabr 18
13:12 2015
Əslən Azərbaycandan olan Fatma Əliyeva 18 ildir TRT-nin (Türkiyə Radio və Televiziyası) "Türkiyənin səsi” radiosunda çalışır. 1998-ci ildə burada ilk dəfə gürcü redaksiyasını qurub və həmin vaxtdan onun rəhbərliyi altıda gün ərzində 1 saat gürcü dilində proqram yayımlanır. Söhbətimiz zamanı bəlli oldu ki, F.Əliyeva dövlət səviyyəli görüşlərdə tərcüməçi kimi də iştirak edib.
 
- Bir azərbaycanlının başqa bir ölkədə Gürcüstanı təmsil etməsi həm də böyük məsuliyyətdir. Bəlkə elə əvvəldən başlayaq...
 
- Türkiyəyə gəlməzdən öncə, yəni 1998-ci ilədək dilçi-filoloq kimi Azərbaycan Elmlər Akademiyasında, eyni zamanda Dövlət Televiziyası və Radiosunun xarici dillərdə yayımlanan "Azərbaycanın səsi” radiosunda çalışmışam, gürcü dilində proqramlar hazırlamağa kömək etmişəm. Bir dəfə tanınmış türkiyəli alim Seyfəddin Altaylı mənə bildirdi ki, "Türkiyənin səsi” radiosunda gürcü şöbəsi qurulacaq və bu işdə onlara kömək edə bilərəm. Sonra məni TRT-yə dəvət edirlər. Beləliklə, özümüzlə gürcü dili bilən bir azərbaycanlı da götürüb Ankaraya gəldik. 1998-ci il martından buradayam. Qeyd etdiyiniz kimi, bu iş həm də böyük məsuliyyətdir. Amma bu günə qədər çalışmışam ki, öhdəsindən gəlim və yəqin bundan sonra da belə olacaq.
 
- Gürcü dilini necə öyrənmisiniz?
 
- Gürcüstanın Qaraçöp kəndində doğulub boya-başa çatmışam. Yaxınlıqda Kaçreti gürcü kəndi var idi. Orta məktəbi həmin kənddə bitirmişəm. Orada atamın gürcü dostunun ailəsində yaşamışam və gürcü dilini də bu mühitdə öyrənmişəm. Dünyada 11 xalq var ki, özünəməxsus yazısı var, onlardan biri də gürcülərdir. Yəni bu dili akademik səviyyədə öyrənmək asan deyil. Sonra ali məktəbə daxil oldum, namizədlik dissertasiyası müdafiə etdim. Təxminən 15 il Bakıda yaşadıq. AMEA-nın Folklor İnstitutunda çalışmaqla yanaşı, həm də Gürcüstanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq edir, tərcümə işlərində onlara yardım edirdim. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, Azərbaycanda gürcü dilini bilən az sayda mütəxəssislərdən biriyəm.
 
- Bu şöbədə işinizin əsas məzmunu nədir? Dinləyici auditoriyasının marağı necədir?
 
- Ötən 18 ildə redaksiya çox işlər görüb. "Türkiyənin səsi” radiosunda verilişlər 32 dildə müxtəlif ölkələrə yayımlanır. Bu şöbəni qurmaq üçün sıfırdan başladım. Deyim ki, o qədər də çətin olmadı. Çünki artıq Bakıda təcrübəm var idi. Bu veriliş Gürcüstana və digər ölkələrə yayımlanır. Gün ərzində bizə xeyli xəbər göndərilir və biz də onların arasından bizə uyğun olanları seçir, gürcü dilinə çevirir və elektron səhifəyə yerləşdiririk. Bundan başqa mətbuat xülasəsi də hazırlayır, canlı şəkildə efirdə oxuyuruq. Türkiyə, onun turizmi, mədəniyyəti haqqında rəngarəng proqramlarımız olur. Gün ərzində saat 13.00-dan 14.00-dək proqramımız canlı yayımlanır. Arada türk dilində ifalar da səslənir. Şöbədə 4 nəfər çalışır və hər kəs gürcü dilini bilir. Gürcüstanda bizim verilişlər geniş auditoriya tərəfindən dinlənilir. Bizə məktublar yazırlar. Həmin məktublarda daha çox hansı səpkidə, hansı mövzuda verilişləri dinləmək istədiklərini bildirirlər. Bəzən də bu istəklərini sosial şəbəkələr vasitəsilə bizə çatdırırlar. Əlbəttə ki, biz də bunu nəzərə alırıq. Türkiyədə çoxlu sayda gürcü və ya gürcü əsilli türklər yaşayır. Onların çoxu öz doğma dillərini hələ də unutmayıb. Bu verilişlərin də onlara çox faydalı olduğunu bizə yazırlar.
 
- Rəsmi görüşlərdə tərcüməçi kimi iştirak etmisiniz. O görüşlərdən yaddaşınızda xatirələr qalıbmı?
 
- Əlbəttə, qalıb. Azərbaycan, Gürcüstan və Türkiyənin prezidentlərinin görüşlərində, Türkiyə baş nazirinin gürcü rəsmiləri ilə görüşlərində tərcüməçi qismində iştirak etmişəm. İlk dəfə Bakıda Azərbaycan və Gürcüstan prezidentləri Heydər Əliyev və Eduard Şevardnadzenin görüşünə tərcüməçi kimi məni dəvət etdilər. Çox həyəcanlı idim. Amma sonra həyəcan keçdi və tərcüməni etdim. Hətta prezident Şevardnadze katibinə dedi ki, bu gürcü qızı Azərbaycan dilini necə öyrənib. O gülərək dedi ki, bu gürcü deyil, azərbaycanlıdır. Bu anları heç vaxt unutmayacağam. "Gülüstan” sarayında ziyafət zamanı da çıxışları mən tərcümə edirdim. Mərasimdə Şota Rustavelinin "Pələng dərsi geymiş pəhləvan” poemasından gürcü dilində parçalar səsləndirildi. Həmin vaxt mən də bir parça şeiri deyəndə Şevardnadze təəccüblə üzümə baxıb dedi ki, sən bunu necə öyrənmisən. Bundan çox illər sonra o, Azərbaycana gələndə çoxlu adamların arasında məni görən kimi salam verdi. Bunlar unudulmayan xatirələrdir. Artıq 18 ildir ki, Ankarada yaşayıram. Bu illər də mənim üçün gözəl xatirələrlə doludur. Məsələn, elə vaxtlar olur ki, Gürcüstandan gələn sənət adamları burada tədbir keçirir və ya sərgiləri olur. Mən də onlardan gürcü dilində müsahibə alıram. Bu zaman onların gözlərində bir sevinc görürəm. Bu da məni məmnun edir. Qardaş ölkədə yaşasam da, doğma vətəni heç nə əvəz etmir. Bəzən çox darıxıram.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook