SON XƏBƏR

"Xankəndi" gəmisində nə baş verir? (AÇIQLAMA)

Fevral 08
18:24 2021
"Caspian Marine Services” (CMS) şirkətinin keçmiş əməkdaşı Fariz Həsənovu dövlət qurumlarına şikayət etdiyinə görə işdən çıxarılıb. 

Bu barədə HİT.Az-a Fariz Həsənovun özü bildirib. Onun sözlərinə görə, o, uzun müddət CMS şirkətinə məxsus "Xankəndi” gəmisində matros vəzaifəsində çalışıb. Fariz Həsənov deyib ki, işlədiyi müddət ərzində matros kimi ona həvalə edilən işləri layiqincə icra edib. Hətta yaxşı işçi kimi şirkətdən tərifnamə də alıb: "Lakin gəminin kapitanı Sahiz Həziyevlə bosman Cavid Məmmədov gəmini şəxsi təsərrüfatı hesab etdiyindən işçilərlə kobud davranırdı. İşlədiyim müddət ərzində onların əməllərinə səbr etmişəm. 

Konkret olaraq Cavid Məmmədov işçilərə dözülməz münasibət göstərirdi. Onun əməllərinə etiraz etdikdə isə şantaja keçirdi. Özü Azərbaycan dövlətçiliyinin, Prezident İlham Əliyevin yürütdüyü siyasətin əleyhinə təbliğat apardığı, İranın dövlət siyasətini təbliğ etdiyi halda işçiləri Prezidentə qarşı çıxmaqda ittiham edirdi”, - deyə şikayətçi bildirib. 

Fariz Həsənovun sözlərinə görə, Cavid Məmmədovun əməlləri o həddə çatıb ki, o, daha dözməyib və kapitan Sahil Həziyevə şikayət edib: "Lakin gözlədiyimin əksinə olaraq, Sahil Həziyev Cavid Məmmədovun əməllərinə haqq qazandırdı. Məni günahkar çıxardı. Kapitan kimi deyil, qoluzorlu bir adam kimi danışmağa başladı. Məktubu üstümə ataraq "Bu, nədir yazmısan?” dedi. Mən ona yuxarı instansiyalara şikayət edəcəyimi bildirdikdə isə dedi ki, kimə istəyirsən, şikayət et.

Bundan sonra mən CMS şirkətinin rəhbərliyinə müraciət etdim. Şirkətin rəhbərliyi məni başqa, şəraiti və iş rejimi daha ağır olan başqa gəmiyə faktiki olaraq sürgün etdi. Cavid Məmmədova şiddətli töhmət, kapitanın köməkçisi Kamran Əliyevə 6 ay möhlət verildi. Sahil Həziyev isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyevin adamı olduğu üçün ona toxunulmadı”.

Fariz Həsənov hüquqlarını müdafiə etmək üçün müvafiq dövlət qurumlarına müraciət edib: 

"Baş verənlərin, xüsusilə Cavid Məmmədovla Sahiz Həziyevin əməllərinin araşdırılmasını xahiş etdi. Bu müraciət mətbuat vasitəsilə də ictimailəşdirilib.

CMS şirkətinin rəhbərliyi isə bu dəfə məni, ümumiyyətlə, işdən çıxardı. Ölkədə koronavirus infeksiyasına görə xüsusi karantin rejiminin tətqbiq olunduğu, Prezidentin bu dövrdə vətəndaşları işsiz qoymamağı tövsiyə etdiyi halda CMS şirkətinin rəhbrəliyi məni işsiz qoydu. 

Mən öz işimdə hansısa nöqsana yol verməmişəm. Sadəcə haqsızlıqlara etiraz etmişəm, dövlətimə qarşı aparılan təbliğata səsimi ucaltmışam və şikayətlərimi davam etdirmişəm. Buna görə də işdən çıxarılmışam. Əgər mən günahkar idimsə, o zaman nədən Cavid Məmmədova şiddətli töhmət verilirdi? Təkcə bu fakt mənim haqlı olduğumu göstərir”, - şikayətçi deyib.

Fariz Həsənov baş verənlərlə bağlı ölkə rəhbərliyinə müraciət etdiyini də qeyd edib.

Şikayətçinin anası Sərəngül Həsənova isə bildirib ki, Fariz Həsənov işləyən yeganə ailə üzvü idi:

"Mənim səhhətimdə ciddi problemlər var. Müalicəm üçün bankdan kredit götürmüşük. Ümidim Farizə idi. Çünki ailədə işləyən yeganə adam idi. Amma onu da heç bir səbəb olmadan işdən çıxardılar. Ona görə də krediti ödəyə bilmirik. Bank isə artıq evi əlimizdən almaq istəyir. 

Prezident İlham Əliyev pandemiya dövründə bank kreditləri olan vətəndaşlara güzəştlər edilməsini, faizlərin, dəbbələrin dondurulmasını tövsiyə edib.  Amma təəssüf ki, bank bu tövsiyəyə əməl etmir. İndi mən ahıl yaşımda, səhhətimdə ciddi problemlər olduğu halda küçədə qalmalıyam. Oğlum işləsəydi, əlbəttə ki, belə bir problem yaranmazdı. Amma onu da dediyim kimi haqsız yerə işdən çıxarıblar”.
 
***
 
"Xankəndi” gəmisinin kapitanı Sahil Həziyev isə Hit.az-a bildirib ki, Fariz Həsənovun söylədikləri həqiqəti əks etdirmirK: "Fariz Həsənov 2017-ci ildən "Xankəndi” gəmisində çalışıb. Bir neçə dəfə işində nöqsana yol verib. Onun izahatları, raportları mənim masamın üzərindədir. Bunu özünüz də araşdıra bilərsiniz”.

O qeyd edib ki, "Xankəndi” Azərbaycan bayrağı altında üzən və neft-qaz əməliyyatlarında mühüm rol oynayan gəmilərdən biridir: "Belə bir gəmini mənim şəxsi təsərrüfat kimi idarə etməyim sadəcə mümkün deyil. Bu obyekt deyil, 175 nəfərlik heyəti olan böyük gəmidir. Burada hər hansı səhv, məsuliyyətsizlik, məsələlərə şəxsi maraqlar prizmasından yanaşmaq ciddi fəsadlara səbəb ola bilər”.

Sahil Həziyevin sözlərinə görə, Fariz Həsənov bir neçə dəfə gəmidə dalaşıb: "Otaq yoldaşı, kapitan köməkçisi ilə dalaşıb. Bunu gəmidə bilirlər. Bir neçə dəfə onu çağırıb söhbət eləmişəm. Guya o mənə şikayət edəndə "Get kimə istəyirsən şikayət elə” demişəm. Belə bir söhbət olmayıb. İndi hansı işçiyə, yaxud vətəndaşa elə söz demək olar? Digər tərəfdən, o müxtəlif qurumlara şikayət edib. Araşdırıblar və görüblər ki, şikayəti əsassızdır”.

Kapitan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev tərəfindən himayə olunması barədə deyilənlərə də toxunub: "Mənim Rauf müəllimlə heç bir əlaqəm yoxdur. Onu yalnız "Xankəndi” gəmisinin açılışında görmüşəm. Mən öz gücümə bu səviyyəyə qalxmışam. Bilmirəm Fariz niyə elə deyir, niyə elə yazır, amma bütün bunlar tamamilə əsassızdır. Mən heç vaxt qolu zorluluqu etməmişəm. İndi hansı zəmanədir?”.

Fariz Həsənovun işdən çıxarılmasına gəlincə, Sahil Həziyev onun müqavilə müddətinin başa çatdığını deyib: "Əvvəla, mən onu işdən çıxarmamışam. O şirkətə şikayət etmişdi, mən də onun raportlarını, izahatlarını göndərdim şirkətə. Bu məsələ araşdırıldı və Fariz başqa gəmiyə keçirildi. Dekabr ayında müqaviləsinin müddəti başa çatdığına görə işdən çıxarıldı. Sadəcə onun şikayəti ilə müqaviləsinin müddətinin başa çatması eyni vaxta təsadüf edib. Bir daha söyləyim ki, dedikləri həqiqəti əks etdirmir. Bu məsələni həm dövlət qurumları, həm də şirkət araşdırıb. Lap yenə də araşdıra, gəminin heyətindən soruşa bilərlər".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook