SON XƏBƏR

Yarım milyonluq dələduzluq işində hökm oxundu - şirkət rəhbəri "can sağlığı" arzuladı

Dekabr 13
06:01 2019
Dələduzluqda ittiham edilən şirkət rəhbərinin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Bakı MTK"nın rəhbəri Emil Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Onunla birlikdə Eynur Xudiyev də müttəhimlər kürsüsünə çıxarılıb. E.Xudiyev isə MTK-nın komendantı olub.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər son söz deyib.

Emil Məhərrəmov qısa olaraq "can sağlığı" deyib. Eynur Xudiyev də qısa olaraq "Allah köməyiniz olsun" deməklə kifayətlənib.

Hər iki şəxs əməllərini etiraf edərək peşman olduqlarını söyləyiblər.

Məhkəmə müşavirədən sonra hökmü elan edib.

Hökmə əsasən Emil Məhərrəmov 10 il azadlıqdan məhrum edilib. Onun daha əvvəl də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə eyni əmələ görə aldığı 14 il cəzası indiki cəzası ilə birləşdirilib. Bununla da Məhərrəmov qəti olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib.

Eynur Xudiyev isə indiki hökmlə 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun da daha əvvəlki 10 il azadlıqdan məhrum etmə cəzası indiki hökmlə birləşdirilib və ona qəti olaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zərərçəkmişlərin mülki iddiasının təmin edilməsi barədə də qərar qəbul edib.
 
İş üzrə ümumi zərər 568 min manatdır.

Emil Məhərrəmov məhkəmədəki ifadəsində deyib ki, "Bakı" MTK-nın qurucusu olmayıb. O, 2010-cu ildən MTK-ya rəhbərlik etdiyini deyib.

Emil Məhərrəmov bir mənzili bir neçə nəfərə satmasını etiraf edib: "Bir səhvdir, olub. Bunu etiraf edirəm. Səhvsiz insan yoxdur".

O, zərəri yalnız azadlığa çıxdıqdan sonra ödəyə biləcəyini deyib.

Eynur Xudiyev isə MTK-da vəzifə tutmadığını, sadəcə makler kimi fəaliyyət göstərdiyini deyib.

Emil Məhərrəmov əlavə edib ki, ayrı-ayrı vətəndaşlardan aldığı pullardan Eynur Xudiyevə heç bir məbləğ verməyib.

Bu iş üzrə maraqlı məqam ondan ibarətdir ki, təqsirləndirilən şəxslərin MTK-nın əvvəlki rəhbərliyinin və digər vəzifəli şəxslərinin adını çəkməməsidir. Bu şəxslərin başqa bir cinayət işində də eyni məqam diqqət çəkmişdi. Zərərçəkmişlər deyirdilər ki, tutulan bu şəxslər vətəndaşları aldatmayıb. Onların sözlərinə görə Emil və Eynur da bu proseslərdə iştirak etsələr də əsas dələduzlar başqalarıdır. Zərərçəkmişlər həmin şəxsləri "akulalar" adlandıraraq onların kimlərinsə himayəsində gizləndiklərini bildirirlər.

Bildirək ki, hər iki qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məlum olub ki, bu iş üzrə 6 zərərçəkmiş şəxs var.

Xatırladaq ki, adı çəkilən MTK-dan dələduzluq işi ilə bağlı daha bir məhkəmə prosesi keçirilmişdi.

Şirkətin iki vəzifəli şəxsi Çingiz Bağırov və Eynur Xudiyev mənzilləri bir neçə nəfərə satmaqda ittiham edilirdilər.

Həmin məhkəmə prosesinin sonunda Çingiz Bağırov 14 il, Eynur Xudiyev isə 11 il azadlıqdan məhrum edilib.
 
Bundan başqa, təqsirləndirilənlərdən Çingiz Ç.Bağırov 14 il əvvəl quldurluq ittihamı ilə məhkum olunub. İttiham akıtına əsasən, "Bakı” MTK-nın vəzifəli şəxsləri Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

Həmin şəxslər bu işləri şirkətin İdarə Heyətinin sədri Emil Məhərrəmovla birgə həyata keçiriblər.

Bundan başqa, təqsirləndirilən şəxslər Ulduzə Cəbrayılovaya məxsus mənzili Eldar Rüstəmova 170 min manata, İmam Süleymanlıya məxsus mənzili isə Dilşad Məmmədovaya 99 min 500 manata sataraq dələduzluq ediblər.

Bildirək ki, bu iş üzrə zərərçəkmişlər arasında "Qarabağ”ın tanınmış sabiq futbolçusu, hazırda "Səbail” klubunda forma geyinən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook