SON XƏBƏR

“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu (VİDEO)

Noyabr 08
15:33 2019
Noyabrın 8-də Park İnn otelində "Yeni Müsavat” Media Qrupunun 30 illik yubiley tədbiri keçirilib. Tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ekspertlər, eləcə də media mənsubları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Yeni Müsavat” Media Qrupunun rəhbəri, baş redaktor Rauf Arifoğlu qonaqları salamlayaraq, bu özəl tarixi günə qatıldıqları üçün hər bir iştirakçıya təşəkkürünü bildirib. O, qəzetin yarandığı dövrü, keçdiyi tarixi yolu tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Bu qəzet milli azadlıq hərəkatından doğan təsislərdən biridir. 30 il öncə xalqımız azadlığı və torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmışdı. Biz də bu mübarizənin, meydan və səngər hərəkatının iştirakçılarından, könüllülərindən idik. Azərbaycan xalqı möhtəşəm bir özünütəşkil prosesi yaşayırdı: hər şey meydanlarda, ayaqda və dərhal həll olur, qurulurdu. Azadlıq Meydanında, xalq hərəkatının gedişində Azərbaycan Xalq Cəbhəsi quruldu, elə buradaca özünü müdafiə könüllü dəstələri yarandı və milli mətbuatın ilk qaranquşları da Meydan hərəkatında ortaya çıxdı. "Yeni Müsavat” qəzeti də Meydan hərəkatından, xalqın tələblərindən doğdu. Biz kommunizmə qarşı mübarizədə Müsavat adında təşkilat qurduq və bu təşkilatın qəzetini yaratmaq da mənim üzərimə düşdü. 30 il sonra məmnunluqla bildirirəm ki, bu işin öhdəsindən gələ bilmişəm və bu gün "Yeni Müsavat” milli azadlıq hərəkatının yaşayan azsaylı və ən uğurlu layihələrindən biri kimi zamanın, dövrün təlatümlərinə dözərək fəaliyyətini davam etdirir. Azərbaycanın son 30 ilini düşünün. Sovet hakimiyyətinin yıxılması, müstəqil Azərbaycan dövlətinin qurulması, erməni iddiaları nəticəsində Qarabağ və vətən müharibəsinin başlaması, illərlə davam etməsi, könüllü batalyonların, daha sonra milli ordunun qurulması, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, iqtidarların ard-arda dəyişməsi, siyasi təlatümlər, həbsxanalar, düşmənçiliklər, dostluqlar... Biz bunların hamısını Azərbaycanla bərabər həm yaşadıq, həm də yazdıq, tarixləşdirdik... Biz bu 30 ili özətləyəcək 30 dəqiqlik sənədli bir film çəkdik. İnşallah ki, bu cür layihələrimiz davamlı olacaq və biz öz hekayəmizi tarixə və oxucuya anlatmaqda davam edəcəyik”.

R.Arifoğlu "Yeni Müsavat”ın yeni media sahəsində imza atdığı uğurlardan bəhs edərək, rəhbərlik etdiyi media qrupuna daxil olan saytlar barədə məlumat verib: "Bu gün gəldiyimiz nöqtə bir zamanlar xəyal edə bilməyəcəyimiz nəticələrlə zəngindir. "Yeni Müsavat” qəzeti artıq bir Media Qrup şəklində fəaliyyət göstərir’’.

Daha sonra qəzetin 30 illik tarixini əks etdirən "Yeni Müsavat 30: Bir qəzetin tarixi” adlı sənədli film qonaqlara təqdim olunub.

Məlumat üçün qeyd edək ki, "Yeni Müsavat” qəzeti "Yeni Müsavat” Media Qrupuna aid print media orqanıdır. Bu qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və "Yeni Müsavat” Media Qrupunun sahibi Rauf Arifoğludur.

"Yeni Müsavat" qəzeti ilk illər gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci ilin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb.

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı öz üzərinə götürüb. 16 il 8 aydan sonra - 2009-cu ilin noyabrında o, qəzetin 20 illik yubileyi münasibəti ilə təsisçiliyi Rauf Arifoğluna qaytarıb. Bütün formallıqlar həll edildikdən sonra, 26 noyabr 2009-cu ildən başlayaraq qəzet Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görməyə başlayıb. Bu günədək qəzetin 7400-dən yuxarı sayı işıq üzü görüb.

"Yeni Müsavat”, Azərbaycanda həftədə 6 dəfə dərc olunan yeganə qəzetdir. "Yeni Müsavat” Media Qrupuna aid olan KİV-lər bunlardır: www.musavat.com, www.minval.az (rus), tr.minval.az (anadolu türkcəsi), minval.info.

Bundan başqa, Media Qrupunun "YouTube” platformasında 75 min abunəsi olan internet televiziyası "TV Musavat”, Facebook platformasında isə rus və Azərbaycan dilli auditoriyalara xitab edən böyük səhifələri var: 141 min təqibçisi olan "Yeni Müsavat Qəzeti”, 60 min təqibçisi olan "Minval.az” və 21 min təqibçisi olan "Minval.info” səhifələri...

Dövriyyəsinə, tirajına və əhatəsinə görə "Yeni Müsavat” Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandır.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook