"ABŞ Dövlət Departamentinin hesabatı anti-Azərbaycan xarakteri daşıyır" - İcma
May 17
10:24
2023
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib. Hesabatda Azərbaycan və Ermənistana dair hissələr yer alır. Hər iki hissə mahiyyəti üzrə qeyri-obyektiv olmaqla açıq-aşkar anti-Azərbaycan xarakteri daşıyır.
"Report" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Dövlət Departamentinin sözügedən hesabatında Azərbaycan ilə bağlı iddiaların yeganə mənbəyi kimi ABŞ-ın Kornel Universitetinin, əslində isə "Ümumerməni Xeyriyyə İttifaqı”, "Aragats Fondu” kimi ekstremist təşkilatlar tərəfindən maliyyələşdirilən üç radikal millətçi erməni müəllifin (L. Xaçaturyan, H. Qulyan, S. Bokçeriyan) yazdıqları iftiranın göstərilməsi bu hesabatın qərəzli olmasını sübut edir.
Biz ABŞ Dövlət Departamentini hesabatın həmin hissələrini redaktə etməyi, əsassız iddiaları çıxarmağı və Ermənistanda tüğyan edən Azərbaycanafob meylləri və Azərbaycanın dini və mədəni irsinin, o cümlədən, məscidlərin və qəbiristanlıqların dağıdılması kimi dini azadlıqların sistematik şəkildə pozulması faktlarını əks etdirməyə çağırırıq.
Həmçinin, ABŞ hökumətini Ermənistanı sözügedən irsi dağıtmasını dayandırmağa və artıq dağıtmış olduqlarını bərpa etməyə məcbur etmək üçün səylər göstərməyə çağırırıq.



