ABŞ-ın BMT-dəki yeni səfiri ilk çıxışında Rusiyanı sərt tənqid edib
Fevral 03
13:15
2017
ABŞ-ın BMT-dəki yeni səfiri Nikki Heyli (Nikki Haley) qurumdakı ilk rəsmi çıxışını Ukraynadakı vəziyyətə həsr edib.
N. Heyli Donbasda yaranmış vəziyyətlə əlaqədar Rusiyanı tənqid edib və Krım probleminə toxunub. "Təəssüf ki, ilk açıq çıxışımda mən Rusiyanın Donbasdakı aqressiv addımlarını tənqid etməliyəm. Belə olmaz. Biz Moskva ilə münasibətləri yaxşılaşdırmaq istəyirik, lakin Ukraynanın şərqindəki dəhşətli vəziyyət bizdən Rusiyanın fəaliyyətini kəskin şəkildə pisləməyi tələb edir”, – deyə o, söyləyib.
N. Heyli Krım ətrafındakı duruma da toxunub. O, Krımı "Rusiyanın aqressiv fəaliyyətindən əziyyət çəkən Ukraynanın daha bir hissəsi” olaraq xarakterizə edib. Səfir bəyan edib ki, Rusiya bu ərazilər üzərində nəzarəti Kiyevə qaytarana qədər Krımla bağlı tətbiq olunmuş sanksiyalar qüvvədə qalacaq.
Qeyd edək ki, Respublikaçılar Partiyasının nümayəndəsi olan hind əsilli N. Heyli bundan əvvəl Cənubi Karolina ştatının qubernatoru idi. O, Donald Tramp tərəfindən BMT-dəki səfir vəzifəsinə namizəd irəli sürülüb və namizədliyi Senatda hər iki partiya tərəfindən dəstəklənərək bu vəzifədə Samanta Paueri əvəz edib.
(apa)


