Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir? - ƏLİMƏMMƏD NURİYEVİN MƏQALƏSİ

Mart 27
10:33
2025
Əliməmməd Nuriyev
"Konstitusiya” Araşdırmalar Fondunun Prezidenti
Müasir dünyada qlobal rəqabətin artması və mürəkkəb geosiyasi proseslər şəraitində ölkələrin sabit inkişafının təmin edilməsində, daxili və xarici təhdidlərdən qorunmasında, milli dövlətçiliyin möhkəmləndirilməsində təhlükəsizlik orqanlarının rolu artmaqda davam edir.
Terrorizm və ekstremizmə, transmilli mütəşəkkil cinayətkarlıqla qarşı uğurlu mübarizə
Azərbaycanla sıralamada eyni mövqeyi bölüşən ölkələrin təhlükəsizlik riskləri ölkəmizin potensial riskləri ilə müqayisəolunmaz dərəcədə aşağıdır. Azərbaycan hazırda müharibə aparan Rusiya və Yaxşı Şərqdəki proksi müharibələrin əsas iştirakçısı İranla sərhədi olan ölkədir. Həmçinin, 30 il torpaqlarımızı işğal altında saxlamış Ermənistanla sülh müqaviləsi imzalanmayıb və ermənilər bir an olsun belə digər üsul-vasitələrlə mübarizəyə araya verməyiblər. Belə mürəkkəb mühit və şərtlərdə bu nəticə, yalnız reytinq göstəricisindən artıqdır və Müzəffər Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin siyasi iradəsinin, uğurlu siyasət strategiyasının və onun rəhbərliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX), Xarici Kəşfiyyat Xidmətinin yüksək professionallığının, fədakar xidmətinin bilvasitə nəticəsidir. Bu, həmçinin Azərbaycan dövlətinin, milli dövlətçiliyin sütunlarından olan təhlükəsizlik orqanlarının gücüdür.
Hibrid təhlükələrdən, informasiya hücumlarından etibarlı müdafiə
Azərbaycanın informasiya məkanının qorunmasına, kibertəhdidlərə qarşı mübarizəyə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” qəbul edilib. Strategiya kibertəhlükəsizlik sahəsində ekosistemin formalaşdırılması və inkişafı istiqamətində milli normativ və institusional çərçivəni müəyyən edir. Azərbaycanın bu sahədə uğurları beynəlxalq arenda vurğulanır. Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının "Qlobal kibertəhlükəsizlik indeksi 2024” (Global Cybersecurity Index) reytinqdə 100 mümkün xaldan ümumilikdə 93,76 xal toplayıb və yeni metodologiyaya əsasən "təkmil səviyyə”də qərarlaşıb.
Suverenliyin qorunması və dövlətin rəvan inkişafının təmin edilməsi əsas tapşırıqdır
Azərbaycanın Cənubi Qafqazda, Avropa və Asiyanın sərhəddində yerləşən strateji mövqeyi, onu regional və qlobal siyasətdə mühüm oyunçuya çevirir. Ölkəmiz böyük dövlətlərin maraqlarının kəsişdiyi mürəkkəb geosiyasi coğrafiyada yerləşib və hazırda Rusiya - Ukrayna müharibəsi, İran ətrafında baş verənlər, Yaxın Şərqdəki münaqişələr, Ermənistanın sülh müzakirələrində qeyri-konstruktiv mövqeyi potensial təhdidləri şərtləndirir. Belə bir şəraitdə sabitliyin təmin edilməsində, suverenliyin qorunmasında və dövlətin rəvan inkişafının təmin edilməsində təhlükəsizlik orqanları əsas rol oynayır.
Qeyd etdiyimiz nəticələr Azərbaycan təhlükəsizlik orqanlarının zamanın tələblərinə cavab vermək və ölkəni çoxşaxəli təhdidlərdən qorumaq qabiliyyətini nümayiş etdirir.
Bütün müharibələrdə qələbəni şərtləndirən əsas amillərdən biri uğurli kəşfiyyat fəaliyyətidir. DTX və Xarici Kəşfiyyat Xidmətinin bu istiqamətdə uğurlu fəaliyyəti İkinci Qarabağ müharibəsində parlaq qələbənin zəminlərindən biri kimi qeyd edilməlidir. Azərbaycan təcrübəsi bir daha göstərdi ki, effektiv təhlükəsizlik orqanları olmadan silahlı münaqişə zamanı milli təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etmək mümkün deyil. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin 19 sentyabrında keçirilən antiterror əməliyyatı zamanı təhlükəsizlik orqanlarının uğurlu əməliyyat-kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti işləri işğal olunmuş ərazilərin azad edilməsində həlledici rol oynadı. Düşmən təxribat qruplarının zərərsizləşdirilməsi, qeyri-qanuni silahlı birləşmələrin sürətlə tərksilah edilməsi, mühüm infrastrukturun qorunması DTX və Xarici Kəşfiyyat Xidmətinin yüksək peşəkarlığı, səriştəsi və fədakar xidmətini bir daha nümayiş etdirdi.
Antiterror əməliyyatı zamanı və ondan sonra Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrin tərksilah edilməsi qondarma rejimin "rəhbər"lərinin gizləndikləri yerlər müəyyən edildikdən sonra onların həbs edilərək cinayət məsuliyyətinə cəlb olunması tarixi nailiyyətdir və təcrübədə nadir nümunələrdən biridir.
Bu gün DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir. Hərbi əməliyyatlarda göstərdiyi fədakarlığa görə Xidmətin 7 əməkdaşı "Zəfər", 14 əməkdaşı "Qarabağ" ordeni ilə təltif olunub.
Azərbaycan təhlükəsizlik orqanlarının məharəti, usta işi artıq xarici KİV-də, araşdırmalarda müzakirə predmetidir və uğurlu nümunələrdən biri kimi öyrənilir. Həmçinin, işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi də təhlükəsizlik orqanlarının səmərəli fəaliyyətinin bariz nümunəsi oldu.
Güclü təhlükəsizlik orqanları Ali Baş Komandanın qələbə strategiyasının əsas komponetlərindən biri kimi
Azərbaycanda təhlükəsizlik orqanlarına, Dövlət Təhlükəsizliyi Xidmətinə ictimai etimad yüksək səviyyədədir. Vətəndaşlar ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsində onların mühüm rolunu dərk edərək, təhlükəsizlik orqanlarının fəaliyyətinə anlayış və dəstək nümayiş etdirirlər. Bu etimad təhlükəsizlik orqanlarının səmərəli fəaliyyətinin, eləcə də ictimaiyyətlə sıx əlaqəsinin nəticəsidir. Azərbaycan cəmiyyəti güclü və səmərəli təhlükəsizlik orqanlarını Azərbaycan milli dövlətçiliyinin inkişafının tərkib elementi kimi qəbul edir və bu yanaşma yüksək inam, etibarı şərtləndirir.
Həmçinin, başlanğıcını Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə, 1919-cu ilin mart ayının 28-də Hərbi Nazirliyin tərkibində yaradılmış Kəşfiyyat və əks-kəşfiyyat bölməsindən götürən xüsusi xidmət orqanlarımız həm də ictimai şüurda dövlətçiliyimiz və suverenlyimizin atributlarından biri kimi dəyərləndirilir. Bu tarixi irs bünövrəsində bu gün qürur duyduğumuz təhlükəsizlik orqanlarımızın müasir inişaf səviyyəsinə çatması Ulu Öndər Heydər Əliyevin şəxsiyyəti, fəaliyyəti ilə bilavasitə bağlıdır. Təhlükəsizlik orqanlarında Azərbaycanın milli kadr potensialının formalaşmasında Ulu Öndərin böyük xidmətləri olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının - Heydər Əliyevin təyin edilməsi, bu orqanların tarixində yeni bir səhifənin başlanğıcı idi. Müstəqillik illərində Ulu Öndərin hakimiyyətə qayıdışı ilə Azərbaycanın milli təhlükəsizlik siyasətinin yeni mərhələsi başladı. Bu siyasət gənc dövlətin güclənməsi, dövlətçiliyin inkişafı maraqlarından irəli gələn vəzifələrin yerinə yetirilməsində təhlükəsizlik orqanlarının potensialından, imkanlarından maksimum yararlanmağa hesablanmışdı, həm cari problemlərin səmərəli həllini, həm də gələcək hədəflərə çatmaq üçün quruculuğu, inkişaf strategiyasını əhatə edirdi.
Müasir dövrdə Azərbaycanın təhlükəsizlik strategiyası Ümummmili liderin adı ilə sıx bağlıdır. Azərbaycanın milli dövlətçilik tarixinin ən qüdrətli mərhələsinə yüksəlməsi, ordu quruculuğu ilə paralel təhlükəsizlik orqanlarının inkişafının, güclənməsinin Ali Baş Komandan, cənab İlham Əliyevin qələbə strategiyasının əsas komponentlərindən biri olduğunu nümayiş etdirdi. Zamanında bu sahədə atılmış addımlar, mərhələli islahatlar, strateji yanaşma öz nəticəsini verdi. Əminliklə demək olar ki, bu gün atılan addımlar növbəti mərhələlərdə də sağlam təməllərə malik Azərbaycanın təhlükəsizlik orqanlarının ən müasir çağırışlara uyğun inkişafını təmin edəcək.
Mənbə: Azpolitika.info
Qlobal.az