SON XƏBƏR

“Azərsu” ASC-də idarəetmənin gerçək durumu: İmran Abbasov şirkətlərlə necə işləyir?

Mart 07
19:00 2023
Əhaliyə suyu maya dəyərindən iki dəfə baha satan "Azərsu” ASC-nin borcları 7 milyard manatdan çoxdur. Dövləti ən çox borclandıran qurumlardan biri olan "Azərsu” ASC-nin menecmentində ciddi problemlərin olması şübhə doğurmur. İdarəçilikdə qeyri şəffaf qaydaların olması səbəbindən "Azərsu” dövlət büdcəsindən böyük məbləğdə subsidiya almaqla yanaşı borclarını da dövlətə ödətdirir.

ASC-nin sabiq sədri Qorxmaz Hüseynovdan sonra qurumda şəffaf idarəetmənin tətbiq ediləcəyi ilə bağlı gözləntilər də özünü doğrultmadı. Düzdür, Qorxmaz Hüseynovdan sonra "Azərsu” əsas söz sahibləri olan Elman Məmmədov və Xanvər Abbasov həbs olunsa da, qurumu tam təmizləmək indiyə kimi mümkün olmayıb. Görünür, indiki rəhbərlik Qorxmaz Hüseynovun ənənələrini davam etdirməklə merkantil maraqlarını məhz bu yolla təmin edir.

AzToday.az-a daxil olan məlumatlara görə, hazırda "Azərsu”da ən çox maxinasiyalar satınalmalar vasitəsi ilə edilir.

Tenderləri "qazanmış” şirkətlərlə vəsaitləri naqdlaşdıran şəxslərdən biri də "Azərsu” ASC-nin anbar təsərrüfatı idarəsinin müdiri İmran Abbasovdur. İmran Abbasov əvvəllər Suraxanı rayon, indi isə Şirvan şəhər icra hakimiyyətinin başçısı olan İlqar Abbasovun qardaşıdır. Mediada yayılan məlumatlara görə, əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra indiki vəzifəsinə təyin olunub.

Qeyd edək ki, "Azərsu” ASC–nin regionlarında yerləşən su anbarları mütəmadi olaraq xlor və digər kimyəvi maddələrlə(reagent) təchiz olunur. Mediada yer alan məlumatlara görə, İmran Abbasovun idarəçiliyində ən müəmmalı məqam anbara müxtəlif mallar gətirən şirkətlərlə münasibətidir. ”İnterkabel”, "Universal”, "Polimart”, "Şurataz” kimi şirkətlərə süni şəkildə sertifikat problemi yaradılır ki, bu problem də yalnız İmran müəllimə xüsusi konvert təqdim olunduqdan sonra aradan qaldırılır…

Bir məsələni qeyd etməmək olmaz. Beləki, qanuna əsasən anbar təsərrüfatı idarəsinin mühəndisləri mal- materialları regionlara özləri aparıb təhvil verməlidirlər. Ancaq İmran Abbasov çox hallarda malları sürücü ilə göndərir, mühəndis olmadan..Bu da qanunsuzdur.Ondan niyə belə etdiyini soruşduqda deyir ki, bildirir ki, mənim kefim necə istəyir, elə edirəm. Bu hal işçilər arasında narazılıq yaradır. Əgər bu idarə onun şəxsi şirkəti olsa başqa məsələ. Axı " Azərsu” ASC dövlət şirkətidir.

İmran Abbasovun əməllərindən ən çox əziyyət çəkən şirkətlərdən biri də "Fuad kimya” şirkətidir. Belə ki, şirkətin "Azərsu”ya təqdim etdiyi məhsulların qabları geri verilməli olduğu halda, İmran Abbasov onları bazar alverçilərinə satdırır. Mediada yayılan məlumatlara görə, İmran Abbasov idarəsində çalışan fəhlələri aparıb öz bağ evində yer qazdırır, tikintidə işlədir, ağac budatdırır. Anbara mallar taxta paletlərdə daxil olur. Həmin bu paletləri İmran Abbasov sökdürüb anbara yığdırır…

"Azərsu”da baş verən maxinasiyalar və İmran Abbasovun əməlləri ilə bağlı AzToday.az-a daxil olan məlumatları araşdırmaqda davam edirik.
 
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook