SON XƏBƏR

Balansı sıfır olan “Unibank” kartlarından pul necə oğurlanır? – Şikayətçinin başına gələn inanılmaz olay

Mart 07
00:40 2024
Bir anlığa təsəvvür edin ki, gecə yarısı balansında heç bir vəsait olmayan debet kartınızdan pul çəkilir və bir müddət sonra bank sizə "borcunuz var, gəlin ödəyin” mesajı göndərir.

Bəlkə də bu durum kiməsə inandırıcı görünməyəcək, amma şikayətçi Rəvan Novruzovun KONKRET.az-a müraciətində Unibank-la əlaqədar yaranmış belə bir anlaşılmaz durumdan bəhs edilir.

Şikayətçinin sözlərinə görə, hadisə 2023-cü il sentyabrın 15-də gecə saat 02.15-də baş verib. Unibank-a məxsus debet kartından 10 saniyə ərzində pul çəkilməyə başlanıb:

"Balansım sıfır olduğundan kartımdan pul çəkmək mümkün deyildi. Haradasa 10 saniyə ərzində xarici valyuta üzrə 30 əməliyyat həyata keçirildi. Balansım -267.18 olanda isə kartım avtomatik olaraq bloklandı. Mən dərhal Unibank əməkdaşlarına zəng etdim və baş verənlərlə bağlı onları məlumatlandırdım. Mənə məsələnin araşdırılacağını dedilər”.

Amma aradan 6 ay keçdikdən sonra, 29 yanvar 2024-cü il tarixində Unibankdan şikayətçiyə "**6622 nömrəli kart üzrə overdraft borcunun olması haqda məlumat daxil olub. Bildirilib ki, 5 gün ərzində borc ödənməsə, kredit rəsmiləşəcək və bu, mərkəzi reyestrdə əks olunacaq.

Bu xəbərdarlıqdan şoka düşən Rəvan Novruzov Unibank-a təkrar müraciət etməli olur. Ona bildirilir ki, debet kartının məlumatları oğurlanıb və ABŞ-dən karta müdaxilə edilib. Avro və dollarla qida məhsulları almaq məqsədilə balansı "0” olan kartda overdraft borcu yaranıb.

"Mənə deyirlər ki, siz ərizə yazmalıydınız. Mən də deyirəm ki, bankla dərhal əlaqə yaratmışam və problemi qeydiyyata saldırmışam. Amma mənə ərizə yazmalı olduğum barədə heç nə deyilməyib. Yoxsa mən ərizə də təqdim edərdim. Fakt odur ki, mən vaxtında Unibank-ı məlumatlandırmışam”.

Şikayətçinin "kartın təhlükəsizlik sistemi düzgün işləmirsə, bunun əzabını mən çəkməliyəm?” və "balansımda pul olmaya-olmaya kartımdan necə pul çəkilə bilər?” kimi haqlı iradları da Unibank əməkdaşlarına təsir etməyib.

"Belə çıxır ki, mən istədiyim yerdən balansında pul olmayan debet kartı ilə alış-veriş edə bilərəm?! Belə xidmət yoxdur axı. Məndə şübhə yaranıb ki, kartımın məlumatlarını başqa şəxsə özləri ötürüblər. Hazırda qəribə vəziyyət yaranıb. Bank əməkdaşları karta kiberhücum olduğunu boyunlarına alırlar. Məndə onların etirafının 30 dəqiqəlik səsyazısı var. Amma bu məsələ ilə bağlı yardım etmirlər, hər gün məbləğin faizini artırırlar”, – deyə şikayətçi gileylənib.

Sosial şəbəkələrə nəzər salanda məlum olur ki, bu eybəcər durum təkcə bizim şikayətçinin başına gəlməyib. Məsələn, İlahə Qasımova adlı xanım şikayətlənib ki, hətta plastik kartınız oğurlanmasa və kart məlumatlarını keç kəslə paylaşmasanız, pulunuz olmasa belə oğurluq baş verə bilər. "Buna görə isə bank sizə həmin pulu borc olaraq yazacaq. Çünki belə hadisə mənim də başıma gəlib”.

O qeyd edib ki, noyabrın 13-də kartından pul çıxarılmasına cəhd edilib. Kartın balansında 4 manat olarkən, bu rəqəm -29 manata çevrilib.

"Tez kartımı blokladım və bu barədə bankın "İnstaqram” səhifəsinə yazdım. Sonra kartım öz-özünə app-dən silinib. 3 dəfə yazmağıma rəğmən, bankdan "heç bir yerdə məlumatlarımı paylaşmadığım halda hesabım necə oğurlana bilər?” sualıma heç bir qənaətbəxş cavab gəlmədi. Sadəcə cavab yazdılar ki, müdaxilə dələduzlar tərəfindən oluna bilər. Cavabın absurdluğunu görürsünüzmü? Yəni mənim kartımda böyük məbləğdə pul olsa və oğurlansaydı da eyni cavab veriləcəkdi?”.

Onun sözlərinə görə, daha absurd və həngamə isə bundan 4 ay sonra baş verib. Zərərçəkən xanıma "hesabınızda 29 AZN borc var, bunu ödəməsiniz kredit reyestrində qeyd olunacaq və cərimə olunacaqsınız” mesajı gəlib.

Xanımın iradına Unibank-dan "Kartda balans olmadığı halda 13.11.2023-də Globus Center Bravo üzrə 19.46 üsd ödəniş edilmişdir, bu səbəbdən overdraft formalaşıb” cavabı verilib.

KONKRET.az-a açıqlamasında hüquqşünas Sədrəddin İsgəndərov baş vermiş hadisəni təşviş doğuran hal kimi qiymətləndirib. "Çünki hazırda əksəriyyətimiz kartlardan istifadə edirik və hər kəs kiberhücuma məruz qala bilər”.

Hüquqşünas qeyd edib ki, Unibank-ın müştərisi tələblərində haqlıdır. "Deməli, bankın təhlükəsizlik sistemi düzgün işləmir. Çünki onun kartındakı balansdan pul çəkilərkən, müştəriyə alış-verişin baş tutub-tutmaması, pul çıxarılmasına icazənin verilib-verilməməsinə dair sorğu gəlməliydi”.

Sədrəddin İsgəndərov hesab edir ki, bu xəbər mütləq ictimailəşdirilməlidir, çünki uzaq Amerikadan müdaxilə  inandırıcı gəlmir.

"Bu, çox güman ki, yerli hakerlər tərəfindən törədilir. Onlar  Amerika və digər ölkələrin nömrələri ilə kartlara müdaxilə edirlər. Banklar bu hadisələrdən ciddi nəticə çıxarmalı və təhlükəsizlik sistemnə yenidən baxmalıdırlar”.

Hüquqşünas belə hücumlara məruz qalan müştərilərə məhkəməyə müraciət etməyi, təzminatı, o cümlədən hüquqi xərclərini də iddia ərizəsində göstərməyi məsləhət görüb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook