SON XƏBƏR

“Bizdə çox yaxşı kollektiv formalaşıb” – Qurban Qurbanov

İyul 19
11:58 2023
"Səfərdə 2:1 hesabı ilə qalib gəldik. Heç də bizə asan olmadı. Hələ komandamız tam optimal formasından uzaqdır. Deməzdim ki, komanda tam istədiyim dinamikanı meydanda göstərir. Amma hazırlığımız yaxşı gedir”.

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Linkoln”la Bakıda keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

O, sabah keçiriləcək görüşün asan olmayacağını bildirib: "Oyuna ciddi yanaşırıq. Sabah bizi meydanda ciddi müdafiə olunan rəqib gözləyir. Bəzi elementlər var, onlara diqqət ayıracağıq. Futbolçularıma inanıram, güvənirəm. Yaxşı nəticə göstərmək istəyirik”.

Q.Qurbanov yeni transferlər Juninyo və Patrik Andradenin durumu ilə bağlı da danışıb: "Hər iki oyunçunun idman forması bir o qədər yaxşı deyil, orta səviyyədədir. Bizə gec qoşulublar. Onların hazırlığı tam qaneedici səviyyədə deyil. Amma məşqlərdə çox ciddi çalışırlar. Juninyonun meydanda olub-olmamasına sabah qərar verəcəyik. İdman formalarından razı deyiləm. Vaxt lazımdır”.

Təcrübəli mütəxəssis sabahkı matçın "Tofiq Bəhramov”da deyil, Bakı Olimpiya Stadionunda keçirilməsinə də münasibət bildirib: "Biz Bakıdayıq, Bakı bizimdir. Hər bir yeri bizim üçün doğmadır. Azarkeşlərin rahatlığını da düşünmək istəyərdik. Oyunların çoxunu "Tofiq Bəhramov”da keçiririk. Hansı ki, bizə daha doğmadır.
 
Futbolçular üçün bəlkə daha asandır. Azarkeşlərə də ora gəlmək daha asan olar. Amma BOS-da da maraqlı oyunlarımız olub. Meydanın durumu da futbolçuları qane edir. İnanmıram ki, azarkeşlər hansısa çətinliyə görə bizdən uzaq qalsınlar. "Qarabağ” azarkeşləri daha çox çətin anlarda komandanın yanında olublar. Buna çətin an deməzdim. Sadəcə, ola bilər stadiona gəlməyə vaxt çox gedə bilər. Sabah azarkeşlərimizi burada gözləyirik. Onlar üçün maraqlı, baxımlı oyun oynamağa çalışacağıq”.

Q.Qurbanov transfer planları haqda bunları deyib: "Deməzdim ki, ciddi dəyişiklik gözlənilir. Futbolçularımdan çox razıyam. Hansı mövqeyə hansısa oyunçunu yerləşdirsək, çalışırlar ki, tapşırığı düzgün yerinə yetirsinlər. Çox yaxşı kollektiv formalaşıb. Bir-iki əlavə oyunçu götürə bilərik. Olmasa da, indikilər bizi qane edir. Onlarla yaxşı kollektiv formalaşdırmağa çalışacağıq. Çalışırıq ki, komandada yeni bombardirlər olsun. Hər birinə uğurlar arzulayıram”.

Ağdam klubunun çalışdırıcısı "Qarabağ”ın Bakı Olimpiya Stadionununda bunadək qələbə qazana bilməməsi haqda sualı belə cavablandırıb: "Belə şeylərə baxan deyilik. Bu cür düşüncələrə diqqət ayırmaq istəmirik. Allah qoysa, bu stadionda da uğurlu nəticələrimiz olacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook