BMT-nin baş katibi dünya ictimaiyyətinə müraciət etdi
Noyabr 14
12:09
2016
Son illər diabetdən əziyyət çəkənlərin sayı 2 dəfə artıb. Diabetdən əziyyət çəkənlərin say çoxluğu az və orta gəlirli ölkələrdə qeydə alınıb.
BMT Ümumdünya Diabet Günündə diqqəti diabet nəticəsində zəif görmə və görmə qabiliyyətinin itməsinə yönəldib.
BMT-nin Bakı ofisindən virtualaz.org saytına verilən məlumatda deyilir ki, baş katib diabetlə bağlı dünya ictimaiyyətinə müraciət edib. "Diabetdən dəyişikliklər ağrısız və tədricən baş verdiyi üçün insanlar çox vaxtı yalnız görmə qabiliyyəti ən sonda pisləşdiyi vaxt problemin meydana çıxdığını dərk edirlər. Bu mərhələ görməni yaxşılaşdırmaq və ya bərpa etmə etmək üçün çox gec ola bilər. Qanda olan qlükozanın miqdarına və qan təzyiqinə nəzarət olunarsa, qan damarlarında dəyişiklik riski azala bilər. Hətta dəyişikliklər baş verdiyi hallarda belə, müasir müalicə sayəsində dəyişiklik prosesini ləngitmək olar. İldən-ilə, əsasən əhalinin yaşlanması və artıq çəkili insanların sayının artması üzündən, diabet getdikcə daha çox yayılmış xəstəliyə çevrilir”,-müraciətdə deyilir.
Hazırda 422 milyon insan diabetdən əziyyət çəkir. Bu xəstəlik ömür müddətini qısaldır və onunla mübarizə aparılmadığı təqdirdə əl və ya ayaq amputasiyası, iflic və ya böyrək çatışmazlığı kimi ciddi fəsadlara yol aça bilər. Diabet ailə büdcələri və ölkə iqtisadiyyatı üçün də ağır fəsadlar törədir.
Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 212 min 577 nəfər şəkərli diabet xəstəsi var.



