SON XƏBƏR

“Bu, özbaşınalıq və rüşvətxorluğun yaranmasına yol açır“ - Daşınmaz əmlakın dövlət reyestri niyə qapalıdır?

Noyabr 01
21:58 2022
"Açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır”.

Bu sözləri ölkəmizdə daşınmaz əmlakın dövlət reyestrinin qapalı olmasına münasibət bildirən iqtisadçı Əkrəm Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, daşınmaz əmlakın dövlət reyestrinin qapalı olması özbaşınalıq və rüşvətxorluğun yaranmasına yol açır:

"”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5-ci maddəsi "Dövlət reyestrinin açıqlığı” adlanır. Lakin ölkəmizdə daşınmaz əmlakın dövlət reyestri qapalıdır. Əksər ölkələrdə bu reyestr hamıya açıqdır. Belə ki, bütün məlumatlar müvafiq portalda yerləşdirilir və bu, şəffaflığın əsas göstəricilərindən biridir. Çünki açıq dövlət reyestri korrupsiyanın qarşısını alır. Məmurlar əmlakı yaxınlarının adına əldə etsə belə, bunu araşdırmaq mümkün olur. Eyni zamanda açıq dövlət reyestri məmur özbaşınalığının qarşısını alır. Daşınmaz əmlakın özəlləşdirilməsi, müvafiq razılıqların verilməsi və s. şəffaflaşır. Məsələn, hansısa razılığı bir vətəndaşa verib, digərinə verməmək (rüşvət istəmək) mümkünsüz olur. Açıq dövlət reyestri insan haqlarının həyata keçirilməsini də asanlaşdırır. Məsələn, qonşu mənzilinizi suya basıb. Reyestr açıq olduğu halda portal vasitəsilə dərhal məlumat əldə edə bilərsiniz.

Əgər şəffaf və effektiv iqtisadiyyat qurmaq istəyiriksə, ilk növbədə, daşınmaz əmlakın reyestrini açıq etməliyik. İnsan hüquqları sırasında ən vacibi mülkiyyət hüququdur. Mülkiyyət hüququnun obyektləri sırasında isə ən vacibi daşınmaz əmlakdır. Çünki torpaq və miqdarı məhdud olan nemətdir. Buna görə də onun üzərində ictimai nəzarət yoxdursa, digər şeylər haqda danışmaq belə əbəsdir”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook