Ceyhun Bayramov Vyetnam xarici işlər naziri ilə görüşüb

May 08
11:10
2025
8 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Vyetnam Sosialist Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Bui Tan Son ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcəyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
İqtisadiyyat, ticarət, müdafiə sənayesi, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiyalar, humanitar sahələr üzrə əməkdaşlığın geniş perspektivlərinin mövcudluğu qeyd edilib, bu imkanlardan istifadənin stimullaşdırılması üçün bir sıra mexanizmlər, o cümlədən siyasi məsləhətləşmələr, habelə Hökumətlərarası Komissiya kimi platformalardan istifadənin zəruriliyi qeyd edilib.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.