SON XƏBƏR

Cüdo Federasiyası açıqlama yayıb

May 01
23:35 2023
Azərbaycan Cüdo Federasiyası (ACF) Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb.

ACF-dən verilən məlumata görə, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo məşqçisi deyil.

Bildirilib ki, adıçəkilən mütəxəssis rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib:

"Hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər idman növü üzrə keçirilib”.

Açıqlamada cüdo məşqləri zamanı məşqçilərin müvafiq təhlükəsizlik prosedurlarına riayət etmələrinə və idmançılarının təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verildiyi vurğulanıb:
 
"Cüdo məşqləri zamanı azyaşlı uşaqların üzərində mürəkkəb fəndlərin göstərilməsi qəti qadağandır. Həmçinin, məşqlərə yeni başlayan uşaqlara ilk növbədə təhlükəsiz yıxılmalar öyrədilir və yalnız bir neçə aydan sonra müvafiq sadə fəndlərin öyrədilməsinə başlanılır. Bütün bu məsələlərə Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə birlikdə təşkil edilən məşqçilik kurslarında və seminarlarda xüsusi diqqət yetirilir”

Bildirilib ki, ACF tərəfindən 13 yaşa qədər uşaqların yarışlarında sağlamlığa zərər yetirə biləcək fəndlərin, xüsusilə başın yerə vurulmasına səbəb ola biləcək fəndlərin istifadə olması qadağan edilib və məşqçilərə bu məsələyə diqqətlə yanaşmaları üçün qəti şəkildə tapşırıq verilib:

"Qadağan olunmuş fəndlərə "Ura-nage”, "Yoko-guruma”, "Yoko-otoshi”, "Tani-otoshi”, "Sode-tsurikomi-goshi”, "Tomoe-nage’’, "Makikomi” texnikaları və iki qolu götürməklə atılan bütün fəndlər aiddir. Həmçinin, hücum və ya əks-hücum edərkən diz və ya dizlərdən istifadə edərək fənd tətbiq etməyə cəhd edilməsi (məsələn, dizləri yerə qoymaqla çiyin üzərindən atmalar) qadağan olunub”.

Azərbaycan Cüdo Federasiyası azyaşlı vəfatından dərindən kədərləndiyini bildirib və ailəsinə dərin hüznlə baş sağlığı diləyib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook