Əli Əliyev Qarabağa ayrılan vəsaitin bir hissəsini Gürcüstana köçürüb? - İddia
Dekabr 09
13:31
2025
Azərbaycanda Ağdam Sənaye Zonasının (ASZ) rezidenti olan "Mister Dekor” MMC-nin fəaliyyəti, eləcə də şirkətin direktoru Əli Əliyevin adı ətrafında müzakirələr yaranıb. Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının sədri Daşqın Gülməmmədov Əli Əliyevlə bağlı bir sıra iddialar irəli sürüb.
Daşqın Gülməmmədov həmin vəsaitin Gürcüstanın Marneuli Munisipalitetinin Ağaməmmədli kəndi ərazisində aparılan tikinti işlərinə, xüsusilə də ictimaiyyət arasında Əli Əliyevin atası Vəli Əliyevlə əlaqələndirilən şadlıq evi və digər obyektlərin inşasına sərf olunduğunu iddia edib. Gülməmədov bu proseslərin şəffaflığı, vəsaitlərin mənbəyi və təyinatı ilə bağlı hüquq-mühafizə orqanlarının və aidiyyəti dövlət qurumlarının diqqətinə ehtiyac olduğunu vurğulayıb.

Daşqın Gülməmmədov Əli Əliyevin atası ilə bağlı da ittihamlar səsləndirib: "Əli Əliyevin atası Vəli Əliyev hansısa qeyri-qanuni yolla 2023-cü ildə Marneuli muniçipaliteti Ağaməmmədli kəndində 83.12.04.927 kadastr kodluu kənd təsərüfatı təyinatlı 6000 kvmt torpağın statusunu dəyişdirib, tikinti kateqoriyasına çevirtdirib. "Mister Decor” MMC-nin direktoru Əli Əliyev qara yolla Gürcüstana göndərdiyi maliyə ilə şadlıq evi tikdirir. Nə üçün tikdirir bu barədə mən Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinə sorğu göndərmişəm. Guya xalq üçün tikdirir və toy mərasimləri üçün nəzərdə tutulub. Ancaq məqsəd başqadır. Bu araşdırılır.

Vəli Əliyev hazırda tikintisinə qadağa qoyulmuş obyektə xərclədiyi maliyyənin rəsmi mənbəyini mütləq açıqlamalı olacaq. Artıq 10.000 lari cərimə yazılıb və məsələ Marneuli meriyası tərəfindən məhkəməyə göndərilir. Təbii ki Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Anti-Korrupsiya Agentliyi və Gürcüstan Baş Prokurorluğu araşdırma başlatmalıdır”.
Qlobal.az



