SON XƏBƏR

Elmi-Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Pediatrlar Assosiasiyası konfrans keçirib - FOTOLAR

Noyabr 18
13:39 2023
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu və Azərbaycan Pediatrlar Assosiasiyasının birgə təşkilatçılığı ilə ötən gün "Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü”nə həsr olunan konfrans keçirilib.

Tədbirin keçirilməsində əsas məqsəd vaxtından əvvəl doğulan körpələrin sağ qalması üçün səylərin artırılması, vaxtından əvvəl doğum prosesinin baş vermə riskinin minimuma endirilməsi, hamilə qadınların düzgün qidalanmaları, sağlamlıqlarının qorunması üçün maddi, mənəvi və tibbi yardımın göstərilməsidir.

Konfransın açılış hissəsində K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru v.i.e, tibb üzrə fəlsəfə doktoru Aynur Poluxova, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Rüstəm Hüseynov, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, MDB Ölkələrinin Pediatrları Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə və Türkiyənin Ege Universitetinin professoru Mehmet Yalaz çıxış ediblər.

Çıxışlarda 2023-cü ildəki bütün əlamətdar günlərin fərqli ovqatda qarşılandığı, bu ilin Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 100 ilinin tamam olduğu, Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərin üçüncü ildönümünün qeyd edildiyi, eləcə də ölkəmizdə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinin təntənə ilə keçirildiyi vurğulanıb.       

Tədbirdə vaxtından əvvəl doğulmuş uşaqların sağlamlığı, eyni zamanda xüsusi diqqətlə müalicə edilərək cəmiyyətə inteqrasiya edilməsi istiqamətində dövlətin səhiyyə sistemində əhəmiyyətli addımların atıldığı bildirilib. Qeyd edilib ki, son illərdə vaxtından əvvəl doğuşlarda artım müşahidə edilib. Bu mənada yenidoğulmuşların qısa zaman çərçivəsində sağlamlıq problemlərinin aradan qaldırılması və reanimasiyasında müasir tibbi avadanlıqların effektiv rolundan bəhs edilib.

Təranə Tağı-zadə 1930-cu ildən etibarən Azərbaycanda uşaqların fiziki və əqli sağlamlığına qayğı məqsədilə Azərbaycan Pediatrlar Assosiasiyasının həyata keçirdiyi işlər, ana və uşaqlar arasında sağlam həyat tərzinin təbliği və gənc ailələrin maarifləndirilməsi istiqamətində xidmətlərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. Qeyd edib ki, qadın və uşaqların sağlamlığına daim diqqət yetirilməsi dövlətimizin strategiyasının əsasını təşkil edir.

Alim vaxtından əvvəl doğulmuş kritik az çəkili körpələrin reanimasiya və intensiv terapiyasının uğurla aparılmasının, standartlara uyğun yüksək tibbi xidmətin dövlətin demoqrafik göstəricilərinə də müsbət təsir göstərdiyini deyib. Təranə Tağı-zadə bir müddət öncə 600 qram bədən kütləsi ilə dünyaya gələn körpənin sağlam inkişafına nail olduqları üçün fədakar pediatr və neonatoloqlara dərin minnətdarlığını bildirib.

Konfransda erkən doğulmuş uşaqlarla bağlı həyata keçirilən beynəlxalq layihələr, görülmüş işlər və ölkəmizin bu sahədəki aparıcı mütəxəssisləri tərəfindən göstərilən tibbi xidmətlər barədə danışılıb, eyni zamanda Türkiyənin Ege Universiteti, N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti, Qazaxıstan Tibb Universitetindən dəvət edilən ekspertlərin məruzələri dinlənilib.

Qeyd edilib ki, ÜST-ün tövsiyələrinə əsasən, doğuş, diri doğulma hamiləliyin 22-ci həftəsindən hesablanır. Həmin vaxta qədər dölün məhv edilməsi abort kimi qəbul edilir. Əvvəllər isə hamiləlik 28-ci həftədən hesablanırdı, sonradan onu daha 6 həftə irəli çəkiblər. Bununla yanaşı, beynəlxalq qaydalara uyğun olaraq yeni doğulan körpənin çəkisi 500 qram və ya artıq olmalı, ən azı 4 həyat əlamətindən - sərbəst nəfəs, ürək döyüntüsü, göbək bağının döyünməsi və əzələlərin sərbəst hərəkətinə malik olmalıdır. Həmin əlamətlər olmadıqda körpə ölü doğulmuş hesab edilir.

Tədbirin sonunda vaxtından əvvəl doğulmuş və sağlam həyatlarına davam edən bir qrup uşağa və valideynlərinə hədiyyələr təqdim edilib. 
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook