SON XƏBƏR

"Erməni həmkarım şansını itirdi, Bayramov isə Azərbaycanın mövqeyini göstərdi" - Lavrov

Dekabr 23
19:14 2022
"Ermənistan Moskvada keçiriləcək üçtərəfli görüşdə iştirakdan imtina barədə Rusiyaya məlumat vermək üçün heç bir diplomatik kanaldan istifadə etməyib. Biz də sizin kimi bu məlumatı mətbuat xidmətindən öyrənmişik”.

Bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında News.ru-nun jurnalisti Sona Rüstəmovanın sualını cavablandırarkən deyib.

"Bu, Ermənistan tərəfinin qərarıdır”, - deyən Rusiya XİN rəhbəri bundan təəssüflədiyini qeyd edib.

Sergey Lavrov razılıqların, xüsusilə də onilliklər boyu davam edən müharibə nəticəsində bağlanan sazişlərin dərhal və 100 faiz yerinə yetirilmədiyini, mütləq tərəfləri narazı salan məqamların olduğunu bildirib, tərəflərdən birinin buna görə əvvəlcədən razılaşdırılmış danışıqlar raundundan imtinanın isə faydalı olmayacağını qeyd edib.

"Əgər erməni həmkarım dünya ictimaiyyətinə nəyisə çatdırmaq istəyirdisə, o, bu şansını itirdi. Məsələn, Ceyhun Bayramov təfərrüatlı şəkildə Azərbaycan tərəfinin mövqeyini göstərdi”, - deyə o əlavə edib.

Lavrov sonda erməni tərəfinin bu tədbirdə iştirak etməməsi ilə bağlı hamıya məlumat verdiyi üsulun suallar doğurduğunu bir daha vurğulayıb.

Onun sözlərinə görə, Ermənistanın xarici işlər naziri Moskvada keçirilməli olan üçtərəfli görüşdə iştirakdan imtina etməklə fürsəti qaçırıb: "Hər dəfə hər hansı hadisədən sonra tərəflərdən biri danışıqlar raundunda iştirakdan imtina edərsə, münaqişələr daha uzun müddət davam edəcək. Bu, heç vaxt heç kimə xeyir gətirməyib. Ermənistanlı həmkarımız öz mövqeyini dünya ictimaiyyətinə çatdırmaq fürsətini əldən verdi”.

Xatırladaq ki, dekabrın 23-də Moskvada keçirilməli olan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanmasına dair məsələlərin müzakirəsi planlaşdırılırdı, lakin rəsmi İrəvan görüşdən imtina edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook