SON XƏBƏR

“Gilan Holdinq” saxta sənədlərlə mülkə əl qoyub - Şikayət

Oktyabr 08
07:24 2025
"Saxta etibarnamə ilə əmlakımı ələ keçiriblər, indi də məhkəmə "Gilan”ın tərəfini saxlayır”.

Bunlar Bakı sakini Aygün Mahmudovanın sözləridir.

Musavat.com xəbər verir ki, qadın 17 ildir ailəsinin başına gətirilən hüquqsuzluqdan və məhkəmələrin "Gilan” MMC-yə göstərdiyi imtiyazlardan bezərək ölkə rəhbərliyinə açıq məktubla müraciət edib.

Aygün Mahmudova məktubunda bildirir ki, 1997-ci ildən Bakı şəhəri, Neftçilər prospekti 60 ünvanında yerləşən, ümumi sahəsi 419 kv.m olan torpaq və içərisindəki 172,5 kv.m tikili ailəsinin mülkiyyətində olub. Lakin həmin əmlakın mərkəzi ərazidə yerləşməsi "Gilan” MMC-nin diqqətini cəlb edib və 2007-ci ildə ailə ilə şirkət arasında ilkin razılıq əldə olunsa da, proses sonradan tam fərqli istiqamət alıb.

"Saxta etibarnamə ilə mülkümüzü ələ keçirdilər”

Şikayətçinin sözlərinə görə, 2008-ci ildə "Gilan” MMC-nin o dövrdəki baş direktoru Cəmil Muradov ailəyə məxsus torpaq sahəsini saxta etibarnamə və saxta alqı-satqı müqaviləsi ilə ələ keçirib.

"2008-ci ilin 28 yanvarında "Gilan” MMC bizim əmlakın guya satılması barədə 0153731 saylı müqavilə tərtib edib. Mənim adımdan isə Aidə Bayramova adlı şəxs saxta etibarnamə ilə imza atıb. Vergidən yayınmaq üçün əmlakın qiyməti 10 dəfə aşağı göstərilib, bizə çatmalı olan vəsait isə mənimsənilib”, - deyə Mahmudova yazır.

O bildirir ki, saxta sənədləri hazırlayan notarius şübhəli şəkildə özünü güllələyib, lakin ailə bunun qətl olma ehtimalını istisna etmir. Şikayətlərin ardınca ailə üzvləri müxtəlif təhdidlərə, hədə-qorxulara məruz qalıb.

Məhkəmələrdə ədalət tapılmadı

Aygün Mahmudovanın iddiasına görə, Azərbaycan məhkəmələrinin bütün instansiyaları "Gilan” MMC-nin xeyrinə qərarlar çıxarıb, açıq sübutlara baxmayaraq, ədalət bərpa edilməyib. Yalnız Avropa İnsan Haqları Məhkəməsi 18 yanvar 2024-cü il tarixli qərarı ilə Aygün Mahmudovanın hüquqlarının pozulduğunu tanıyıb. Bunun əsasında Ali Məhkəmənin Plenumu 9 oktyabr 2024-cü ildə bütün əvvəlki qərarları ləğv edib və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

Lakin qadın deyir ki, bu dəfə də ədalət görünmür:

"Hakim Fərrux Qasımovun ilk hərəkətləri göstərdi ki, o, işin ədalətli həllində maraqlı deyil. O, 2008-ci ildə mülkümüzün dəyərinin bilərəkdən on dəfə aşağı göstərildiyi barədə ekspertiza rəyi alsa da, proses yenə "Gilan”ın xeyrinə yönəldilir”.

"Saxta kassa orderi” oyunu

Mahmudovanın sözlərinə görə, "Gilan” MMC 2025-ci ilin avqustunda məhkəməyə 25 yanvar 2008-ci il tarixli, nömrəsiz və uçota alınmamış kassa məxaric orderi təqdim edib. Guya həmin orderlə Cabir Zaidov adlı şəxsə 1 milyon 300 min ABŞ dolları verilib.

"Əgər bu sənəd doğrudursa, niyə 17 ildir təqdim edilməmişdi? Nə üçün mühasibin və ya kassirin imzası yoxdur? Əgər müqavilə 26 yanvarda bağlanıbsa, necə ola bilər ki, 25 yanvarda, yəni bir gün əvvəl həmin pula görə ödəniş verilib? Bu, açıq-açığına saxtakarlıqdır”, - şikayətçi yazır.

O bildirir ki, "Gilan” MMC 17 il ərzində bu məbləğ barədə heç bir sənəd təqdim etməyib, Cabir Zaidovu tanımadığını bəyan edib, indi isə birdən-birə onun adını "ortaya atmaqla” məsuliyyəti Cəmil Muradovdan uzaqlaşdırmaq istəyir.

"Hakim qanunu yox, maraqları qoruyur”

Məktubda qeyd olunur ki, məhkəmə Mahmudovanın təqdim etdiyi vəsatətləri əsassız olaraq rədd edir, "Gilan” MMC-yə açıq üstünlük verir və prosesi süni şəkildə dalana salmağa çalışır.

"Məhkəmə açıq faktlara baxmır, saxta sənədləri araşdırmır. Görünür, kimsə bu oyunun arxasında dayanır və bu insanlar yalnız cənab Prezidentin müdaxiləsindən qorxur. Onlar nə qanunu, nə ədaləti tanıyırlar, ancaq gücə tabedirlər”, - deyə Aygün Mahmudova müraciətini yekunlaşdırır.

Aygün Mahmudova ailəsinin 17 ildir ədalət axtarışında olduğunu vurğulayaraq ölkə rəhbərliyindən bu işin şəxsi nəzarətə götürülməsini və "Gilan” MMC-nin saxtakarlıqlarına hüquqi qiymət verilməsini xahiş edir:

"Sizdən xahiş edirəm ki, bu özbaşınalığa son qoyasınız. Mən "Konstitusiya və Suverenlik İli”ndə ədalət istəyirəm”.

Qlobal.az 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook