SON XƏBƏR

Hakim Nərmin Əhmədovadan görünməmiş qanunsuzluq – Qeydiyyata alınmamış əmlakı necə bölüb?

Yanvar 06
18:17 2023
Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova kobud qanun pozuntusuna yol verməklə yanaşı, səlahiyyət həddini də aşıb. Bu qanunsuzluq iki vətəndaş arasında torpaq mübahisə ilə bağlı məhkəmə çəkişməsində baş verib. 

AzFakt.com xəbər verir ki, məsələnin təfərrüatı bundan ibarətdir ki, iddiaçı F.Əlləzov iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binasına cavabdeh R.Allahyarovun adına qeydə alınmış əmlak üzərində mülkiyyət hüququnun ləğv edilməsini, cavabdeh ilə onun arasında bağlanmış müqaviləyə xitam verilməsini tələb edib.

Həmçinin, Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakın qiymətləndirilərək, onunla cavabdeh arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. 

09 dekabr 2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova tərəfindən çıxarılan qətnamə ilə iddiaçı F.Əlləzovun iddia tələbi qismən təmin olunmuş, cavabdeh R.Allahyarov ilə aralarında bağlanmış müqavilənin ləğv olunması, Binəqədi rayonu, ərazisində yerləşən torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən əmlakların iddiaçı və cavabdeh arasında 1/2 hissədə payları müəyyən olunmaqla bölünməsi elan edilərək qət olunub.

Burada mübahisəyə səbəb olan məsələlərdən ilki ondan ibarətdir ki, məhkəmə tərəfindən 1/2 hissədə bölünməsi nəzərdə tutulan Binəqədi rayonu ərazisində yerləşən torpaq sahəsinin üzərində yerləşən əmlaklar dövlət qeydiyyatına alınmayıb. Hansı ki, hakim Nərmin Əhmədova daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadan hər hansı əmlakın bölünməsinə dair qətnamə çıxarmaqla R.Allahyarov və iddiaçı F.Əlləzov arasında mülkiyyətdə olmayan əmlaka dair paylar müəyyən edib, bununla da mülki qanunvericilikdən irəli gələn şərtlərin kobud pozuntusuna yol verməklə bərabər, öz səlahiyyət dairəsini də aşıb. 

Hakim qətnamə qəbul edərkən qətnamənin nəticə hissəsinin imperativ formada yazılmalı olmasında da məlumatsız olduğu görünür. Digər tərəfdən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
 
Qeydiyyata alınmayan əmlaka hakim tərəfindən payın müəyyən edilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini mənimsəməklə nəticələnib. Mülkiyyət hüququnun yaranması məsələsinə yanaşmalar müxtəlifdir. Belə ki, ümumi (ingilis-sakson) hüquq sistemi ilə qitə (roman-alman) hüquq sisteminə aid olan dövlətlərin qanunvericiliyində fərqli qaydalar mövcuddur. Ümumi hüquq sistemi dövlətlərində, bir qayda olaraq, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun və digər hüquqların əmələ gəlməsi, başqasına keçməsi və xitamı, habelə bu hüquqların məhdudlaşdırılması dövlət qeydiyyatına alınmır. Qitə hüquq sistemi dövlətlərində, o cümlədən Azərbaycan Respublikasında daşınmaz əmlaka mülkiyyət və digər hüquqların, onların əmələ gəlməsi, başqasına keçməsi və xitamı, habelə bu hüquqların məhdudlaşdırılması dövlət qeydiyyatına alınması ilə müəyyən olunur (Konstitusiya Məhkəməsinin Plenum qərarı)

Hakim Nərmin Əhmədova tərəfindən yol verilən digər kobud pozuntu ondan ibarətdir ki, iddiaçının cavabdehə qarşı eyni məzmunlu tələblərlə dəfələrlə məhkəməyə müraciət etdiyini, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən (Hakim İlqar Dadaşov) məsələyə yekun hüquqi qiymət verildiyini bildiyi halda preyudisiallığın pozulması ilə qətnamə qəbul etmişdir.

Yekunda qeyd etmək istəyirəm ki, hakimlər toxunulmaz və müstəqil olsa da, nəzərə almaq lazımdır ki, onlar da Azərbaycan Respublikasının Konstitutsuyası və qanunlarına tabedirlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 295-ci maddəsində onlar üçün bilə-bilə ədalətsiz hökm çıxarmaya görə məsuliyyət nəzərdə tutulub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook