SON XƏBƏR

Hasilat Sənayesində Şəffaflıq koalisiyası Ermənistanın Naxçıvanla sərhəddə metallurgiya zavodunun tikintisini dayandırmasını tələb ediblər

İyul 02
12:52 2023
Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Hasilat Sənayesində Şəffaflıq koalisiyası Ermənistanda Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd Arazdəyən (Yerasx) yaşayış məntəqəsində iri metallurgiya müəssisəsinin tikintisilə bağlı mövqe sənədi yayıb.

Sənəddə Ermənistan İqtisadiyyat Nazirliyinin məlumatlarına istinadən sənəddə qeyd olunur ki, 16500 kvadratmetr sahəni əhatə edəcək müəssisədə hər il 180 min ton metal məhsul istehsal olunacaq.

"Metallurgiya müəssisələri müxtəlif emalatxanalardan və çox vaxt daha kiçik zavodlardan ibarət mürəkkəb istehsal kompleksləridir. Metallurgiya müəssisələrində texnoloji proseslər qazların, tozun, şlakların, tullantı sularının, zəhərli kimyəvi maddələrin və digər emissiyaların böyük miqdarda buraxılması ilə müşayiət olunur.

Metallurgiya zavodları torpaq, su və hava çirkliliyinin ağır emissiyalarının mənbəyidir. İstehsal bitdikdən sonra da ətraf mühitə mənfi təsir göstərə bilərlər. Yığılmış tullantılar, xüsusilə lil, şlak və tozlar, kimyəvi qazlar, kimyəvi maddələrin qalıqları illər uzunu ətraf mühiti çirkləndirən maddələr kimi qalır. İstehsal prosesində filiz hasilatı, nəqli, əzmə və xırdalama, ələmə, flotasiya, maqnit ayırma, yuyulma və s. kimi çoxsaylı texnoloji əməliyyatların cəlb edilməsi ilə metal komponentlərin və birləşmələrinin ətraf ərazilərdə uzunmüddətli ekoloji problemlər əmələ gəlməsi ilə müşayiət olunur, sənəddə deyilir.

Bu tipli zavodlardan istifadə ətraf mühitə və insan sağlamlığına çox zərər verir.

Küləkdən asılı olaraq ərazilərin metallurgiya müəssisələrinin fəaliyyətindən çirklənməsi 20 kilometrdən 50 kilometrədək uzanır və üstəlik, hər kvadratmetrə 5-15 kiloqram toz düşür. Belə ki, həmin müəssisələrin ətrafında torpaqda, suda, bitkilərdə zərərli maddələrin olduğu texnogen zonalar formalaşır.

Naxçıvanla sərhəddin 800 metrliyində tikiləcək bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər və tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır.

Koalisiya xatırladır ki, Ermənistanın digər iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatının yüksək dərəcədə çirklənmiş kimyəvi tərkibli istehsalat suları uzun müddət Araz çayını və Oxçuçayı intensiv şəkildə çirkləndirməklə Azərbaycanın ekoloji mühitinə ciddi mənfi təsir göstərir.

Mövqü sənədində deyilir ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalıdır.

Tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, eyni zamanda bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır.

Koalisiya ABŞ hökumətini Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etməyə, onun qanunsuzluqlarına göz yummamağa çağırır. Amerika Birləşmiş Ştatları rəsmiləri, o cümlədən Azərbaycandakı və Ermənistandakı ABŞ səfirlikləri susmamalı, məsələyə aydın münasibət bildirməlidirlər, mövqe sənədinin müəllifləri hesab edirlər.

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Koalisiyası hesab edir ki, bu cür irihəcmli texnoloji proses aparılacaq bir zavodun tikintisi ətraf mühitə ciddi mənfi təsir riskinə görə dərhal dayandırılmalı, Azərbaycanla məsləhətləşmə aparılmaqla belə bir müəssisənin tikilməsinin transərhəd çayı olan Araz çayından və yaşayış sahələrindən kənar bir yerdə həyata keçirilməsi təmin edilməlidir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook