Heydər Əliyev Mərkəzinə nadir incəsənət kompozisiyası - “Qəlbim sənindir” gətirilir!

Mart 17
10:21
2025
Aprelin 1-dən Heydər Əliyev Mərkəzində daha bir məşhur əsər nümayiş olunacaq.
"Qafqazinfo” xəbər verir ki, italiyalı heykəltaraş Lorenso Kuinnin (Lorenzo Quinn) nəfis bohem büllurundan və 6500 illik palıd ağacından hazırlanan "Qəlbim sənindir” ("My heart is yours”) əsəri ilk dəfə məhz Heydər Əliyev Mərkəzində sərgilənəcək.
Əsər nadir incəsənət kompozisiyalarından hesab olunur və kövrəkliyi, zərifliyi təcəssüm etdirir. Müəllif əsərin ifadəsini gücləndirmək üçün bir-birinə əks materiallardan istifadə edib. Belə ki, möhkəmliyi, gücü, qətiyyəti təcəssüm etdirən palıddan yaradılmış ürəyi olduqca həssas material sayılan Bohem kristalından hazırlanan incə əllər əhatə edib. Lorenso Kuinn daha çox insan əllərinin ifadəli təsvirləri ilə tanınıb, lakin o, ilk dəfədir ki, bunun hazırlanmasında büllurdan istifadə edib. Mürəkkəb sayılan "Qəlbim sənindir” əsərinin tamamlanması iki ildən çox vaxt alıb.