SON XƏBƏR

İranda genişmiqyaslı etirazlar: Tramp ABŞ-ın müdaxiləyə hazır olduğunu bildirdi

Yanvar 02
22:18 2026
İranda son üç ilin ən böyük etirazları baş verir. Etirazçılarla hüquq-mühafizə orqanları arasında toqquşmalar zamanı artıq bir neçə nəfər həlak olub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" yazıb.

Bildirilir ki, etirazlar əhalinin sürətlə artan inflyasiya və valyuta kursunun rekord dərəcədə düşməsindən narazılığı ilə əlaqədardır. Yerli KİV-lərə görə, Lurdigan şəhərində etirazçılara atəş açılıb və bir neçə nəfər ölüb, həmçinin yaralananlar da var.

Yerli hakimiyyət Kuxdeşt şəhərində etirazlar zamanı bir nəfərin öldüyünü təsdiqləyib. Daha bir şəxs İsfahan vilayətində güllələnib.

Bundan başqa, xəbərdə bildirilir ki, kütləvi iğtişaşlar İranda sürətlə yayılır. Xüsusilə Təbriz Universitetinin tələbələri etirazlara qoşulub, dekabrın 31-də isə nümayişçilər hökumət binasına daxil olmağa çalışıblar.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, Kuxdeşt şəhərində təşkilatının bir üzvü öldürülüb, daha 13 nəfər yaralanıb.

"Financial Times"ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Tehran etirazları zorakılıqla yatırmağa çalışarsa, Amerika etirazçılara yardım etməyə hazırdır.

"Əgər İran sakit nümayişçilərə atəş açacaq və onları amansızca öldürəcəksə (bu onların vərdişinə çevrilib), ABŞ onlara yardım edəcək. Biz hərəkət etməyə hazırıq", deyə ABŞ lideri "Truth Social" sosial şəbəkəsində yazıb.

Sonrakı mərhələdə İran rəsmiləri ABŞ-ın ölkə işlərinə müdaxiləsi barədə xəbərdarlıq ediblər. Xüsusilə İran Milli Təhlükəsizlik rəhbəri Əli Laricani bildirib ki, bu, bütün regionun destabilizasiyasına səbəb ola bilər.

"İsrail rəsmilərinin və ABŞ prezidenti Donald Trampın bəyanatları sayəsində arxa planda nələrin baş verdiyi aydın oldu. Biz etirazçıların mövqeyi ilə təxribatçı elementlərin hərəkətini ayırd edirik və Tramp başa düşməlidir ki, ABŞ-ın bu daxili işə müdaxiləsi regionun destabilizasiyasına və Amerikanın maraqlarının məhv olmasına gətirib çıxaracaq. ABŞ xalqı bilməlidir ki, bu macəranı başlatan Trampdır və o, əsgərlərinin təhlükəsizliyinə diqqət yetirməlidir", deyə o, X sosial şəbəkəsində yazıb.

Bundan əlavə, Ali Xameneinin müşaviri Əli Şamhani əlavə edib ki, Tehran digər dövlətlərin İranın təhlükəsizliyinə müdaxilə cəhdlərinə qarşı çıxacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook