SON XƏBƏR

İranı silkələyən may qiyamı

May 22
10:18 2016
Olaylar Milli Hərəkatda türkçülüyü önə çıxardı
 
Yeganə Hacıyeva: "Türklərə təhqiramiz münasibət rejimə Pəhləvilərdən miras qalıb”
 
Sədrəddin Soltan: "Azərbaycanlılar İran KİV-lərində bu gün də təhqir olunur”
 
Güney Azərbaycanda baş vermiş may hadisələrindən 10 il ötür. Bu olaylar İranın hakim molla rejiminin əsarəti altında yaşayan güneyli soydaşlarımızın kütləvi etiraz aksiyası kimi xatırlanır. Həmin vaxt Güney Azərbaycanın əksər şəhərləri "İran” qəzetində türklərin "tarakan" adlandırılmasına etiraz olaraq ayağa qalxmışdı. May hadisələri 1979-cu il İslam inqilabından sonra Azərbaycan türklərinin ən genişmiqyaslı və güclü etirazı hesab olunur. Güneyli soydaşlarımız türklərin farsların içərisində əridilməsinə siyasətinə etinasız yanaşmadı. Kütləvi şəkildə keçirilən aksiyalarda azərbaycanlılara qarşı diskriminasiya hallarının aradan qaldırılması, ana dilində təhsil tələb olundu. Hökumət bu aksiyanı güc yolu ilə yatırdı. Güney Azərbaycan Milli Hərəkatı istəyinə nail ola bildimi? May hərəkatının tarixi əhəmiyyəti nə oldu?
 
AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru Yeganə Hacıyeva "Cümhuriyət”ə bildirib ki, 22 May olayları (1 Xordad olayları) vəya "Milli Qiyam” adı ilə tarixə düşən bu hadisə mərkəzi hökumətə qarşı uzun illərdən bəri qeyri-farslara qarşı ayrı-seçkilik siyasətinə narazılığı ifadə etmək imkanı yaratmışdı: "Azərbaycan xalqı bununla öz ictimai-siyasi mövqeyini nümayiş etdirdi. Bəzi Qərb müəllifləri belə bu çaxnaşmaları 1946-cı ildən sonra ən böyük üsyan hesab edirlər. May qiyamını rejim zor gücü ilə yatırdı. Xamneyi və Əhmədinejad başda olmaqla hakim dairələr bu repressiyalara "xarici qüvvələrin təhriki ilə ölkədə etnik qarışıqlıq yaratmaq” ittihamı ilə haqq qazandırdılar.
 
Lakin bu etirazların geniş vüsət alması və güclənməsinə hakimiyyətin qeyri-farslara qarşı siyasətinin nəticəsi prizmasından yanaşsaq, həmin iddiaların uydurma olduğunu görməmək mümkün deyil. Bu nümayişlər də zənnimizcə, heç də Qərb və ya ABŞ-ın təhriki deyil, rejimin şovinist siyasətinə təbii reaksiya kimi qiymətləndirilməlidir. Çünki spontan şəkildə başlanmış bu etiraz dalğasının kiminsə təzyiqi və işbirliyi nəticəsində ortaya çıxmasını düşünmək ağlabatan deyil.
 
Analoji hadisələr əvvəllər də baş vermiş və bu gün də davam edir. Hakim rejimin milli hərəkatın güclənməsinə bu cür reaksiyası hərəkatı zəiflətmədi, əksinə, bumeranq effekti verərək milli hərəkatda türkçülük elementini daha da gücləndirdi. Əslində hökumətin sözügedən siyasəti bir tərəfdən azərbaycanlılarla farslar arasında ziddiyyət yaratmaqla ölkədə millətlərarası münasibətləri gərginləşdirdi, digər tərəfdən isə xalqların öz milli kimliklərinə daha möhkəm bağlanması və rejimə qarşı mübarizənin kütləviləşmə mərhələsinə keçməsinə şərait yaratdı. Hərəkatçılar Təbrizin "Traktorsazi” futbol komandasının oyunları, Urmiya gölü ilə bağlı etiraz aksiyaları zamanı səsləndirilən şüarlarla problemi gündəmdə saxlamış və milli məsələni hakim çevrələrin də müəyyən dərəcədə müzakirə predmetinə çevirə bilmişdilər”.
 
Hazırda molla rejiminin azərbaycanlılara olan təhqiramiz münasibəti dəyişilibmi?
 
Yeganə Hacıyeva qeyd edib ki, Güney azərbaycanlılara təhqiramiz münasibəti hazırkı İran İslam Respublikası rejiminə Pəhləvi sülaləsindən miras qalıb: "İnqilabçı ruhanilər Pəhləvilərin milli və etnik azlıqlara siyasətini tənqid etsələr də, teokratik hakimiyyət dövründə də Azərbaycan türklərinə qarşı aşağılayıcı münasibətin dəfələrlə şahidi olmuşuq. Belə çıxır ki, dəyişən formadır və paniranist, anti-türk siyasət yenə də davam edir. İran İslam Respublikası ərazisində yaşayan türklər 1979-cu ildə İranda hakimiyyət forması dəyişildikdən sonra da dəfələrlə yuxarılar tərəfindən himayə edilən KİV-lər, ayrı-ayrı şəxslər tərəfindən təhqirlərə məruz qalıblar. Son- 2015-ci ilin noyabrın 6-da baş vermiş hadisəni xatırlayaq: İranın dövlət televiziyasının ikinci kanalında uşaqlar üçün nəzərdə tutulan "Fitilə” proqramında diş fırçasını tualet fırçasından ayıra bilməyən və səhvən tualet fırçası ilə dişlərinin fırçaladığından ağzı qoxuyan bir türk uşağının təsvir edilməsi çox böyük etirazla qarşılandı. Hətta dövlət strukturunda təmsil olunan bəzi azərbaycanlıların da məsələyə müsbət mənada reaksiyasının şahidi olsaq da nəticə yoxdur”.
 
Yeganə Hacıyevanın sözlərinə görə, Güneydə Azərbaycan dilində fəaliyyət göstərən televiziyaların ana dilinin inkişafında heç bir rolu yoxdur: "Əksinə, Azərbaycan türkcəsinin assimilyasiyasında mühüm rol oynaya bilər və oynayır. Rejimin dil ilə bağlı siyasətinin ən incə məqamı bir-biri ilə bağlı iki cəhətlə seçilir: bir tərəfdən etnik dillərin, o cümlədən Azərbaycan türkcəsinin tədris sahəsinə daxil olmasına mane olmaqla azərbaycanlı gənclərin ədəbi dil normalarına yiyələnmələrinə mane olur, bununla fars dilinin təsirini daha da gücləndirir, digər tərəfdən isə dövlətin nəzarəti altında olan kütləvi informasiya vasitələrində yerli dillərə məhdud vaxt ayırsa da həmin dillərdə, xüsusən də Azərbaycan türkcəsində verilişlərə təkcə məzmun və forma baxımından deyil, həm də leksik-qrammatik baxımdan müdaxilə edilir, zahirən Azərbaycan türkcəsindən, əslində isə fars ifadələri, söz birləşmələri, sözləri və qrammatik vasitələrlə "zənginləşdirilmiş” süni bir dildən istifadə olunur. Başqa sözlə, yalnız azərbaycanlıların deyil, bilavasitə Azərbaycan türkcəsinin də assimilyasiya olunması, tədricən fars dilinə çevrilməsi məqsədi həyata keçirilir. Bu, fərdlərin assimilyasiya olunmasından daha təhlükəlidir”.
 
"Orta Doğu” Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan "Cümhuriyət”ə bildirib ki, 22 may hadisələri Azərbaycan türklərinin İrandakı milli assimilyasiyaya məruz qalmasının göstəricisidir: "Bu hadisə sübut elədi ki, İranda Azərbaycan türklərinin milli varlığı təhqir olunur, aşağılanır. Dili və mədəniyyəti davamlı sürətdə təzyiq altındadır, öz dilində məktəb yoxdur, ümumiyyətlə milli-mədəni haqları heç bir formada təmin olunmayıb. Bu hərəkat illər uzunu milli haqların təmin olunması istiqamətində fəaliyyət göstərən insanların dünyaya car çəkdiklərini təsdiqlədi. Bu, sübut etdi ki, İran hakimiyyəti ölkədə milli məsələni həll edə bilməyib. Hakimiyyət bu məsələni həll etməkdənsə, onun qarşısını çeşidli təzyiq və təqiblərlə almaqda idi. Bu bir daha onu göstərdi ki, İranda milli problem var və bu məsələ millətlərin haqlarını təmin olunması ilə müşayiət olunmalıdır”.
 
Sədrəddin Soltan onu da əlavə edib ki, 10 ildən sonra hələ də Azərbaycan türklərinin varlığı çeşidli informasiya vasitələrində təhqir olunmaqda davam edir: "Belə ki, bir neçə ay öncə mehmanxananın tanıtım çarxında bu özünü göstərdi. Baş verən hadisələr bir daha təsdiqləyir ki, İran hakimiyyətinin informasiya vasitələri özünün təbliğatı ilə Azərbaycan türklərinin haqqın təmin etməkdənsə, onları aşağılamaqla özlərinə qarşı nifrət hissi oyatmağa çalışır. İran hakimiyyəti bu münasibətilə Güneydə yaşayan Azərbaycan türklərinin milli mübarizəsinə kölgə salmağa çalışır. Bu proses bu gün də davam edir. Əgər vəziyyət bu şəkildə qalarsa, elə bu perspektivdə davam edəcəyi də istisna edilmir”.
 
Təbrizdə, Ərdəbildə Azərbaycan dilində televiziya və radi olar fəaliyyət göstərməsinə diqqət çəkən ekspert efirdə istifadə edilən dilin Azərbaycan türkcəsinə heç bir aidiyyətinin olmadığını da deyib: "Orda işlədilən sözlərin təkcə feli tükcədir, qalanları isə fars, ərəb mənşəli sözlərdən ibarət qarışıq cümlə quruluşundadır. Odur ki, bu televiziyaların Azərbaycan tükcəsinə və türklərinin mədəniyyətinin inkişafında əhəmiyyətli rol yoxdur. Onlar bu televiziyalara Azərbaycan türkcəsi yox, "azəri dilində” televiziyalar deyirlər. Bir millətin adı, dili təhrif oluna heç şübhəsiz o millətin dili, mədəniyyəti inkişaf etməz.
 
İranın konstitusiyasında bölgə dillərinin inkişafı ilə bağlı maddə var. Amma indiyə qədər ölkədəki etnik qrupların milli bərabərliyi və iqtisadi gəlirin bərabər şəkildə bölgələrə bölünməsi ilə bağlı maddələrə əməl edilməyib. Bu istiqamətdə vəziyyət bərbad olaraq qalmaqdadır. Əgər İran hakimiyyəti ölkədə islahat aparmaq istəyirsə, eyni zamanda ölkədə mədəni islahatlar da aparmalıdır. Bu islahatların sırasında heç şübhəsiz milli-mədəni hüquqları qanunla təsbit olunsa da, icra olunmayan etnik qruplarının təmin olunmasından keçir. Bu baxımdan İranda vəziyyət ürəkaçan deyil. Problemi həll etməkdənsə, onu ört-basdır etmək məsələdən yayınmaqdır.
 
İran hakimiyyəti islahat dedikdə daha çox iqtisadi əlaqələr qurmağı, qərblə iqtisadi əməkdaşlığını inkişaf etdirməyi nəzərdə tutur. Bu yaxınlarda ayətulla Əli Xamneyi bəyan etdi ki, İranda dərslər daha çox fars dilində keçirilsin, ibtidai siniflərdə ingilis dilinə ehtiyac yoxdur. Ölkə prezidenti Həsən Ruhani isə bəyan etdi ki, insanların dil seçmək haqqı var, ingilis eləcə də başqa dillərini bilməklə İran vətəndaşları Avropada iş tapa bilərlər. Amma nə Xamneyini, nə də Ruhani ölkədə yaşayan milli-mədəni haqları tapdanan millətlərin hüquqlarının təmin olunması barədə danışmırlar”. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook