SON XƏBƏR

Messi 8-ci dəfə "Qızıl top”u qazandı

Oktyabr 31
08:33 2023
"France Football” nəşrinin təsis etdiyi "Qızıl top” mükafatının qalibi müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, bu mükafata ABŞ-ın "İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb.

Argentinalı hücumçu karyerasında 8-ci dəfə titula sahib çıxıb. 36 yaşlı futbolçuya mükafatı "İnter Mayami”nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.

Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə "Qızıl top”un sahibi olub.

2023-cü ilin ən yaxşı qadın futbolçusu isə İspaniya yığmasının və yerli "Barselona” klubunun 25 yaşlı yarımmüdafiəçisi Aytana Bonmati seçilib.

İlin ən yaxşı gənc futbolçusu  mükafatına İspaniyanın "Real” klubunun ingiltərəli yarımmüdafiəçisi Cud Bellingem, "Lev Yaşin” mükafatına Argentina millisinin qapıçısı Emiliano Martines, "Gerd Müller” mükafatına İngiltərənin "Mançester Siti” klubunun hücumçusu Erlinq Holand layiq görülüb.

"Qızıl top”un təltifetmə mərasimində ilin ən yaxşı klubları da açıqlanıb.

Kişi komandalar arasında bu ada İngiltərə çempionu "Mançester Siti” layiq görülüb. "Şəhərlilər” ötən mövsüm, eyni zamanda, Çempionlar Liqasının da qalibi olub.

İlin qadın komandası isə İspaniya klubu "Barselona” seçilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook