SON XƏBƏR

Mövlam Şıxəliyevin məhkəməsində müttəhimi “nağıl danışmaqda” ittiham etdilər - TƏFƏRRÜAT

Mart 14
15:41 2023
Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apellyasiya şikayəti üzrə proses davam edir.

Qlobal.az musavat.com-a istinadla xəbər verir ki, Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar.

Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayiəti ilə məhkəmə zalına gətirilən müttəhimlərin qoluna qandal vurulmur. Sonuncu prosesdə müttəhim Yasin Məmmədov apellyasiya şikayəti üzrə çıxışını davam etdirib.

Bundan əvvəlki prosesdə o, 74 səhifəlik çıxışından 18 səhifəni məhkəmə zalında səsləndirmşdi. Əsasən özü haqda məlumatlara, Mövlam Şıxəliyevlə münasibətlərinə toxunan müttəhim ittihamları rədd etmişdi.

Prosesdə çıxışınını davam etdirən Yasin Məmmədov ittiham üzrə epizodları sadalamaqla Mövlam Şıxəliyevlə əlbir olmadığını, onunla düşmənçilik münasibətlərindən növbəti dəfə bəhs edib.

İttihama görə o, Mövlam Şıxəliyev və digərlərindən ibarət sabit mütəşəkkil cinayətkar quldur dəstənin tərkibində İbrahim Zeynalovdan 10 milyon dollar, Qüdrət Baloğlanovdan 50 min manat, Rauf Həsənovdan 300 min dollar, Orxan Abdullayevdən 50 min manat, Cahangir Məmmədovdan 80 min manat, Sərdar İsmayılovdan 50 min dollar, 2 min manat, Əfsəl Həsənəliyevdən 35 min manat, Azər Rəşidovdan 30 min manat, 2500 manat dəyərində 4 ədəd qol saatı, Ramiz Əliyevdən 20 min dollar, 2 min 830 dollar dəyərində 4 ədəd qol saatı, Ağasalam Ağamalıyevdən 50 min manat hədə-qorxu ilə tələb edib alıblar.

Bu cinayətlərə görə Yasin Məmmədova qarşı Cinayət Məcəlləsinin Yasin Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.1. - hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə; 182.3.2. - külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;

311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma; 311.3.2. təkrar törədildikdə; 311.3.3. külli miqdarda törədildikdə; 311.3.4. hədə-qorxu tətbiq olunmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma; 341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə; 341.2.3. ağır nəticələrə səbəb olduqda maddələri ilə ittiham verilib.

Məhkəmədəki çıxışında Yasin Məmmədov hər bir epizodu sadalamaqla kimsəyə hədə-qorxu gəlmədiyini, rüşvət almadığını, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədiyini diqqətə çatdırıb. Mövlam Şıxəliyev və digəriləri ilə mütəşəkkil cinayətkar quldur dəstədə olmadığını təkrar-təkrar dilə gətirib. Hər bir epizoddan danışarkən Mövlam Şıxəliyevlə münasibətlərinin kəskin olduğunu vurğulayıb.

İş üzrə zərərçəkənlərin yalnız 2015-ci ildə, Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra şikayət vermələrinə diqqət çəkən Yasin Məmmədov bu məqamı da özünün günahsızlığının sübutu kimi təqdim edib.

Müttəhimin məntiqinə görə iş üzrə zərərçəkənlərin zamanında şikayət verməmələri o dövrdə onlara qarşı irəli sürülən ittihamların doğruluğuna sübutdur.

Yasin Məmmədov çıxışını yekunlaşdırandan sonra zərərçəkənlər onu "nağıl danışmaqda” ittiham ediblər. Yasin Məmmədovun vəkili də çıxışında müvəkkilinə qarşı ittihamların sübuta yetirilmədiyinə istinad etməklə barəsində bəraət qərarının verilməsini xahiş edib. Bundan sonra proses martın 27-nə qədər təxirə salınıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook