Polşada Azərbaycan şirkətinə cinayət işi açılıb – “Boeing” şinlərinə görə...

May 19
17:50
2025
Polşanın Milli Gəlir İdarəsi (NRA) mayın 19-da bildirib ki, gömrük əməkdaşları Belarus və Rusiyadan keçərək Azərbaycana göndərilməkdə olan, mülki "Boeing” təyyarələri üçün nəzərdə tutulmuş beş tonluq şin partiyasını ələ keçiriblər.
NRA-nın açıqlamasına görə, Polşanın şərqində, Belarusla sərhəddə yerləşən Koroşin şəhərində bir yük maşınına baxış zamanı bəyan edilmiş minik və avtobus şinləri əvəzinə, mülki "Boeing” təyyarələrində istifadə olunan şinlərin daşındığı müəyyən edilib.
Qeyd edək ki, Polşa tərəfi Azərbaycan şirkətinin adını açıqlamayıb.
"AzPolitika” xəbər verir ki, bu barədə məlumatı Polşanın "Zamosc” Televiziyası, adıçəkilən quruma istinadla yayıb.
Məlumata əsasən, malların göndəricisi İspaniya, alıcısı isə Azərbaycan şirkətidir. Gömrük sənədlərində saxtakarlıq aşkar edildiyi üçün cinayət işi başlanıb, mallar isə müsadirə olunub.