Prezidentin xüsusi nümayəndəsi Qubadlı sakinlərini bərpa işləri barədə məlumatlandırıb
Yanvar 07
13:31
2023
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2022-ci il tarixində verilmiş sərəncamına əsasən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmiş Vahid Hacıyev yanvarın 6-da Qubadlı rayon İcra Hakimiyyətində Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Xüsusi nümayəndəlikdən verilən xəbərə görə, görüşdə Qubadlı rayonu İcra Hakimiyyətinin Başçısı Malik İsaqov, İcra Hakimiyyətinin əməkdaşları, Qubadlı rayon ziyalıları və geniş ictimaiyyət nümayəndələri iştirak edib.
Prezidentin xüsusi nümayəndəsi Qubadlı rayonunda aparılacaq bərpa-quruculuq işləri, Qubadlı kəndlərinin yenidən qurulması və burada mövcud olmuş iqtisadiyyat sahələrinin dirçəldilməsi üçün görüləcək işlər haqqında Qubadlı rayon ictimaiyyətinin nümayəndələrinə ətraflı məlumat verib.
Həmçinin o, "Böyük Qayıdış”ın ilk qədəmlərinin qoyulduğu Zəngilan rayonu Ağalı kəndinə keçmiş məcburi köçkünlərin artıq köçürülməsindən və bu prosesin davalı olaraq bütün Şərqi Zəngəzurda, o cümlədən Qubadlı rayonunda həyata keçiriləcəyindən söz açıb.



