SON XƏBƏR

Qızılca və suçiçəyinə yoluxan şagirdlərə buraxılış imtahanı ilə bağlı güzəşt ediləcək? (RƏSMİ)

Fevral 27
15:41 2024
Bu il ölkədə qızılca və su çiçəyi xəstəliyinə yoluxma halları artıb. Xəstəliyə yoluxanlar arasında məktəblilər daha çoxluq təşkil edir. Viruslarla bağlı təkrar yoluxma halları qeydə alınmasa da, xəstəlik keçirməyən şəxslər yoluxmaqdan sığortalanmayıb. 

Nəzərə alsaq ki, artıq Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixləri açıqlanıb. Açıqlanan qrafikə əsasən imtahanlar birinci və ikinci zonaya müvafiq olaraq 3 və 10 mart tarixlərində keçiriləcək. 

Bu səbəblə də virusa yoluxan şagird və onların valideynlərində buraxılış imtahanında iştirakla bağlı narahatlıqlar artıb.

Bəs virusa yoluxan şagirdlərə buraxılış imtahanı ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən hansısa güzəşt ediləcəkmi?

Bununla bağlı Qaynarinfo-nun suallarını cavablandıran DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib ki, bir qayda olaraq Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirakçıların sağlamlığının qorunub saxlanılması məqsədilə yoluxucu və infeksion xəstəliyi olanlar imtahan binasına buraxılmırlar:

"Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən, lakin üzrlü səbəbdən mart ayında buraxılış imtahanında iştirak edə bilməyənlər üçün aprel ayında da şərait yaradıla bilər. Ancaq təbii ki, təsdiqedici sənədlər olmalı və vaxtında DİM-ə təqdim olunmalıdır. İmtahanlar yalnız əvvəlcədən müəyyən olunmuş tarixlərdə və mərkəzləşdirilmiş qaydada keçirilir. Üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər təsdiqedici sənədlərlə birlikdə imtahandan dərhal sonra – 1-2 gün ərzində DİM-ə müraciət etməlidirlər. Lakin buraxılış imtahanları zonalar üzrə müxtəlif günlərdə təşkil olunur. Bundan əlavə, başqa bir tarixdə əvvəlki illərin məzunları da eyni məzmunlu imtahan verirlər. Ümumilikdə götürdükdə iki dəfə şans yaradılmış olur”. 

Xidmət rəhbəri deyib ki, Mərkəz tərəfindən yekun attestasiya ilə bağlı sentyabr ayında əlavə bir imtahan da keçirilir:

"Lakin həmin vaxt qəbul imtahanları başa çatdığı üçün bu imtahanda iştirak edənlər yalnız buraxılış imtahanından iştirak edirlər”.

Buraxılış imtahanında iştirak edəcək şagirdlərin imtahana aparmalı olduğu sənədlər barədə də məlumat verən Xanlar Xanlarzadə bildirib ki, onlar binaya imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədin əsli ilə daxil ola bilər:

"Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkli yapışdırılmış arayışla (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) imtahan binasına daxil ola bilərlər".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook