Rəsmi Bakı Paşinyana cavab verib

Fevral 11
11:28
2025
Ermənistan baş nazirinin 10 fevral 2025-ci il tarixində "Armenpress”də dərc olunmuş məqaləsində Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddiaları, eləcə də bir çox digər əsassız fikirləri reallığı təhrif etmək və dünya ictimaiyyətini yanıltmaq məqsədi daşıyır.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın "Armenpress”də yayımlanmış məqaləsindəki iddialarına cavab olaraq deyib.
"Maraqlıdır ki, hərbi potensiala sahib olmaq hüququnu müdafiə edən baş nazir 30 illik hərbi işğaldan əlavə, Üçtərəfli Bəyanata əsasən üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, 44 günlük müharibə bitdikdən sonra üç il ərzində Azərbaycan ərazisində ağır silahlarla təchiz edilmiş on mindən çox hazırlıqlı silahlı birləşməni saxlayan ölkəni təmsil edir.
Ermənistan Konstitusiyasında və hüquqi aktlarında davam edən ərazi iddialarını, həmçinin revanşizmin artması faktını nəzərə alaraq, Ermənistanın hərbi potensialının artırılmasının əsaslandırılması qeyri-səmimidir və Azərbaycanın təhlükəsizliyinə birbaşa təhdiddir.
Təəssüf ki, Ermənistan baş nazirinin 2022-ci il Praqa görüşünə, 1991-ci il Almatı Bəyannaməsinə, sülh sazişi layihəsinin Ermənistanın həqiqətən Azərbaycana qarşı heç bir iddiasının olmadığını və olmayacağını təsbit etmək üçün nəzərdə tutulan bəndlərinə istinadlar məhz cənab Paşinyan tərəfindən bir neçə ay sonra, 2023-cü ilin sentyabrında Azərbaycan ərazilərindəki qondarma rejimin "müstəqilliyi” ilə bağlı təbrik mesajı göndərilən zaman, habelə Ermənistanın Konstitusiyasında yer alan ərazi iddialarına və Almatı Bəyannaməsinə qoşulan zaman edilmiş qeyd-şərtlərə göz yumması nəticəsində heçə endirilib.
Hətta bu gün də müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesini alqışlamaq əvəzinə, bu məhkəməni "səhnələşdirilmiş” adlandıran Ermənistan onilliklər ərzində səbəb olduğu yaraları sağaltmaqda və bu prosesin üzə çıxara biləcəyi həqiqətlə üzləşməkdə maraqlı deyil.
Baş nazirin canfəşanlıqla irəli sürdüyü silahlara nəzarət mexanizmlərinin yaradılmasına gəldikdə isə, 30 ildən artıq müddətdə Ermənistanın özünün iştirak etdiyi silahlara nəzarət mexanizmlərini kobud şəkildə pozduğu və deqradasiya etdiyi, hərbi texnika və silahlarının böyük hissəsini beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi, onları bizim ərazilərimizdə qanunsuz yerləşdirdiyi yaxşı məlumdur. Beynəlxalq müqavilələrə bu cür yanaşma Ermənistanın mövqeyinin qeyri-səmimiliyi barədə nəticə çıxarmağa imkan verir.