SON XƏBƏR

"Saatlıda suyun böyük hissəsi məmurların aqroparklarına yönəldilir"

Mart 15
08:53 2023
Martın 13-də Saatlı rayon Orta Muğan, Çolpı və Xanlar kənd sakinləri susuzluğa görə etiraz ediblər. Yolu bağlayan sakinlər kəndlərdə nə içməli, nə də suvarma suyunun olmadığını bildiriblər. Bəs görəsən, Saatlıda su problemi nədən qaynaqlanır, necə həll etmək olar?

Rəsmi məlumatlara görə, ölkə üzrə ümumilikdə suvarılan sahələrin 5 faizi müasir suvarma sistemlərilə suvarılır. Su resurslarının təxminən üçdə biri itkiyə məruz qalır.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, su qıtlığı qlobal iqlim dəyişikliyi nəticəsində yaranır, ancaq gərək su ədalətli şəkildə bölünsün ki, hamı özünə düşən hissədən qənaətlə istifadə etsin:

"Mən Saatlıya getmişdim, yay ayları idi. Orada kanal dolu su gedirdi, digər tərəfdə də pambıq sahələri susuzluqdan yanırdı. Mən soruşdum ki, niyə bu sudan istifadə etmirsiniz. Dedilər ki, "o su gedir ailənin aqroparkına. Bu aqroparkın da meneceri Hacı İbrahim Nehrəmlidir, o imkan verməz ki, oradan bir qram su götürülsün". Həqiqətən, kanaldakı su 2-3 rayonun suvarma ehtiyaclarını ödəyəcək qədər idi. Orada indiki məmurlara aid çoxlu aqroparklar var və onların rəhbərləri səlahiyyət sahibləri olduqları üçün sudan israfla istifadə edirlər. Məsələn, suya qənaət etmirlər, müasir suvarma sistemlərindən istifadə olunmur. Orada əsasən köhnə, selləmə üsulu ilə suvarma həyata keçirilir və bu da su itkisinə səbəb olur. Bu situasiyanı məsul şəxslər nəzərə almalı idilər”.

Ekspert deyir ki, öncə rayonda əhalinin suya olan ehtiyacı ödənməli, ondan sonra qalan su təsərrüfatda istifadə olunmalı idi.

O əlavə edir ki, hökumət su problemini illərdir görməzdən gəlir və nəticədə su qıtlığı yaranıb:

"Hələ 13 il bundan qabaq biz TV-lərdə çıxış edib hökumətə çağırış edirdik ki, qlobal istiləşmə gəlir, dağlar qar örtüyündən məhrum olublar, biz su ehtiyaclarımızı əvvəlki kimi ödəyə bilməyəcəyik, ona görə də su anbarları yaratmaq, yağan yağış sularını yığmaq və qəanətlə istifadə etmək lazımdır. Bizim ölkə üzrə ümumi suya olan ehtiyacımız təxminən 3.5 milyard kubmetrdir. İndi ümumi tələbatdan 7-8 dəfə çox su gəlir, ancaq o vaxt biz deyəndə 10 dəfə çox idi. Su idarə olunmalıdır. Müasir, damcı suvarma sistemlərindən istifadə etmək lazımdır” – deyə Vahid Məhərrəmli bildirib.

İqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, hökumət su qıtlığının yaranmasını təkcə iqlim dəyişikliyi ilə əlaqələndirməsin, bu, həm də pis idarəçiliyin nəticəsidir:

"Düşünürəm ki, əsas səbəb idarəçiliklə, korrupsiya ilə bağlıdır. Bu sahədə görülən işlər dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına görülüb və milyardlarla pul xərclənib. Ancaq təəssüflər olsun ki, bu pulların hamısı təyinatı üzrə xərclənməyib. Monitorinqə də şərait yaradılmayıb. Digər bir məsələ, su itkilərinin çox olmasıdır. Başqa məsələ, iri aqroparklardır ki, orada suvarmanın təşkili üçün Kürdən, Arazdan kanallar çəkilir və suyun böyük hissəsi bu aqroparkların suvarılmasına gedir. Belə olan halda yerlərdə kiçik, ailə fermer təsərrüfatlarının su əldə etmək imkanları məhdudlaşır. Yəni, təsərrüfatlar bu aqroparkların qurbanı olurlar”.

"Azərsu” ASC içməli suda yaranan problemlərlə bağlı sualı cavabsız qoyub.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin ictimaiyyətlə əlaqələr sektorunun nümayəndəsi Dilqəm Şərifov Abzas Media-ya bildirib ki, deyilənlər tamamilə yanlışdır.

Onun sözlərinə görə, aqroparklar böyük əkin sahələrinə malik ola bilər, amma su bölgüsü qrafikə uyğun olaraq verilir:

"Sadəcə olaraq ümumi su qıtlığı var. Bununla bağlı da mütəxəssislərimiz işləyirlər. Su problemi varsa, aqroparklarda da var. Ancaq indi elə bir problem yoxdur, çünki suvarma mövsümü deyil. Sadəcə olaraq bölgü zamanı insanlar istəyirlər ki, torpaqlarını daha tez suvarsınlar. Su qrafikinə nəzarət etmək istəmirlər, problem bununla bağlıdır. Ancaq suyun azlığını da hamı qəbul etməlidir, qlobal istiləşmə gedir, Kürdə suyun səviyyəsi azalıb, bu hər yerə təsir edir, o cümlədən də bizə. Cəmiyyət olaraq bizim işimiz suyu istifadəçiyə gətirməkdir. İstifadəçi suvarmanı damla suvarma ilə edir və ya selləmə suvarma ilə edir, bu onun öz xərci, öz problemidir. Təbii, damla ilə etsə, özünə xeyirdir, amma biz hansısa fermeri, sahibkarı məcbur edə bilmərik ki, sən mütləq damlama ilə suvar”.
 
Mənbə: abzas.org
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook